Korrupsioner məmurları qorxudacaq xəbərdarlıq
11:15 20-02-2014
İQTİSADİYYAT
Korrupsioner məmurları qorxudacaq xəbərdarlıq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son müsahibəsində maraqlı məqamlara toxunub. Komitə sədrinin xüsusilə korrupsiyaya qarşı mübarizə ilə bağlı dedikləri diqqət çəkir.
Bu günlərdə Milli Məclisdə "Prokurorluq haqqında" qanuna ciddi dəyişikliklər nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusunun artırılmasına toxunarkən müxbirin "Bu onu deməyə əsas verirmi ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni mərhələ başlayacaq" cavab olaraq Ə. Hüseynli bildirib ki, "əslində bu yeni mərhələ artıq bir neçə ildir başlayıb və dövrün tələbindən irəli gəlir: "İndi isə görülən işlərin xüsusiyyətləri nəzərə alınaraq keyfiyyətcə yeni mərhələyə keçir. Əgər əvvəlki illərdə cəza siyasəti və cinayət təqibi üstünlük təşkil edirdisə, son dövrlər müasir informasiya texnologiyalarının tətbiqi və şəffaflıq siyasəti korrupsiyaya qarşı mübarizədə effektiv rol oynamağa başlayıb. Bu qəbildən "ASAN Xidmət" Mərkəzinin yaradılması və onun fəaliyyət göstərdiyi cəmi bir il ərzində əldə etdiyi müsbət nəticələr bu siyasətin nə qədər düzgün olduğunu göstərir. Bu işlər insanların ölkə prezidentinin bu sahədə həyata keçirdiyi siyasətə inamını daha da artırıb. Bu günlərdə ölkə prezidentinin sərəncamı ilə "elektron məhkəmə" informasiya sistemi yaradılacaq ki, bu da məhkəmə və hüquq islahatlarına böyük bir töhfədir. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə cinayət təqibi və cəza siyasəti aktual olaraq qalır. Bu baxımdan, Baş Prokurorluq yanında ixtisaslaşdırılmış prokurorluq orqanının bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarə statusunda olması və bu qurumun strukturunun daha da genişləndirilməsi bu siyasətin tərkib hissəsidir. Onu da qeyd etməliyəm ki, korrupsiya ilə bağlı cinayətlər üzrə ixtisaslaşmış prokurorluq orqanı olan bu idarə fəaliyyətini qanunvericiliyə uyğun olaraq dəqiq və şəffaf qurmaqla yanaşı ictimaiyyət arasında da nüfuz qazana bilib".
Parlamentin komit sədri "Korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxın gələcəkdə atılacaq hansısa yeni bir addımlar gözlənilir" sualına cavab olaraq isə xatırladıb ki, bu il fevralın 5-də Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında cənab prezident korrupsiyaya qarşı mübarizənin növbəti dövrdə də prioritet bir məsələ olacağını xüsusi vurğuladı: "Qanunvericilikdə də qeyd olunduğu kimi korrupsiyaya qarşı mübarizə bütün dövlət orqanlarının vəzifəsidir. Bu işdə vətəndaş cəmiyyətinin və mətbuatın da rolu böyükdür, amma qərəzsiz olmaq şərtilə. Son dövrlər yeni hökumət formalaşdıqdan sonra müdafiə, təhsil və sosial təminat sahəsindəki islahatlar və görülən işlər də ictimaiyyət arasında böyük ümidlə qarşılanır. Bu onu deməyə əsas verir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi həm kadr islahatları, həm də institusional islahatlar öz müsbət nəticələrini verir və bu siyasət davam edəcək".
Bəs Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin yuxarıdakı açıqlamaları indiki situasiyada niyə bu qədər diqqət çəkəndir? Məsələ burasındadır ki, son prezident seçkilərindən artıq 5 ay keçir və müəyyən məmurlarda arxayınçılıq yaranıb. Onlar seçkilərdən sonra vəzifələrində saxlanılmasından sonra xeyli rahatlaşıblar və belə hesab etməyə başlayıblar ki, artıq öz vəzifələrinə olan təhlükə sovuşub.
Bu da onların yenidən əvvəlki iş prinsipləri ilə fəaliyyət göstərmək meyllərini gücləndirib. Amma Əli Hüseynlinin açıqlamalarından görünür ki, bu cür vəzifəli şəxslərin rahatlaşmasına, arxayınlaşmasına heç bir əsas yoxdur. Azərbaycanda korrupsiya ilə mübarizə dalğası qarşıdakı dövrlərdə də davam etdiriləcək, ona görə də rüşvət və korrupsiyadan bəslənən məmurların onları gözləyən təhlükənin sovuşduğunu düşünmələri üçün heç bir əsas yoxdur.
Aydın görünür ki, hökumətin bu istiqamətdə iradəsi daha da güclənib və bizi bundan sonra da rüşvət və korrupsiyaya meylli vəzifəli şəxslərin ən gözlənilməz situasiyada cəzalandırıla biləcəkləri yönündə xeyli sürprizlər gözləyir.
Şübhəsiz ki, elə bu səbəbdən də parlamentin komitə sədrinin dedikləri korrupsioner məmurlarda ciddi narahatlıq və qorxu yaradacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53