Bəzi azərbaycanlı məmurlar ciddi təşviş içində
11:16 20-02-2014
İQTİSADİYYAT
Bəzi azərbaycanlı məmurlar ciddi təşviş içində
Onlar bahalı maşınlarını niyə dəyər-dəyməzə satışa çıxarırlar?
Bakıdakı avtosalonlarda bahalı maşınların qiymətində ucuzlaşma başlayıb. Belə ki, aznews.az saytının əməkdaşının paytaxtın bir neçə avtosalonunda apardığı müşahidələr zamanı ortaya ilginc mənzərə çıxıb.
Məsələ burasındadır ki, belə araşdırmaları zamanı bəlli olub ki, avtosalonlarda bahalı maşınların kəskin ucuzlaşması müşahidə olunur. Bundan da maraqlısı isə ucuzlaşmanın gerçək səbəbidir.
Bununla bağlı xəbər portalını məlumatlandıran və adının açıqlanmasını istəməyən avtosalon sahibinin sözlərinə görə, prezidentin məmurları hədəfə alan məlum çıxışından sonra onlara və digər avtomobil satışı ilə məşğul olan salonlara çoxlu sayda maşın gətirilib. Onların kütləvi şəkildə dəyər-dəyməzinə salonlara satıldığını bildirən mənbə bu səbəbdən də ucuzlaşmanın baş verdiyini söyləyib: "Hazırda dəyəri 300 min manat olan avtomobilləri biz alıcılara çox ucuz qiymətə təklif edirik ki, bunun da səbəbi əlimizdə kifayət qədər ucuz qiymətə alınmış bahalı maşınların olması ilə bağlıdır".
"Unikal"ın araşdırmaları zamanı da həqiqətən son vaxtlar Bakıda və Sumqayıtda bahalı avtomobillərin satışında ucuzlaşma müşahidə edildiyi təsdiqlənib. İstisna edilmir ki, bu, həqiqətən də ölkə başçısının son vaxtlar korrupsioner məmurları hədəf alan sərt çıxışları və kəskin xəbərdarlıqları ilə əlaqədardır.
Bundan başqa, son vaxtlar ayrı-ayrı məmurların və onların övladlarının istifadəsində olan, hər birinin qiyməti bir neçə yüz min manatla ölçülən avtomobillərlə bağlı çoxsaylı faktlar, fotolar yayılır. Doğrudur, ölkə rəhbərliyi hələ bir neçə il öncə Azərbaycana qiyməti 250 min dollardan baha olan avtomobillərin gətirilməsinə qeyri-rəsmi qadağa qoymuşdu. Amma təxminən iki-üç il əvvəldən etibarən Bakıda qiyməti 250 min dolları da keçən maşınlar - "Bentley", "Bugatti", "Mazeratti", "Ferrari", "Yaquar" və sair bahalı markalı eksklüziv avtomobillər gözə dəyməyə başladı.
Hətta bu yaxınlarda mətbuat yazdı ki, Azərbaycan ilk dəfə bu il "Ferrari" və "Lamborghini"nin siyahısına düşüb. Ölkəmizə 5 ədəd "Ferrari" satılıb. Azərbaycan siyahıda sonuncu olsa da, ilk onluğa daxil ola bilib. Ölkəmizdə gətirilən "Ferrari"lər 2013 modeldir və hər birinin qiyməti minimum 450 min avro, bəzilərininki isə daha baha, eksklüzivlər isə super bahalıdır.
Bütün bunlar da azmış kimi, bir çox məmur övladları atalarının aldıqları bahalı avtomobillərin fotolarını internet üzərindən paylaşmaqdan da çəkinməməyə başlayıblar. Məsələn, bir müddət əvvəl Elvin Nəbizadə adlı "feysbuk" istifadəçisi şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və valyutaları ilə diqqət mərkəzinə düşdü. Paylaşdığı şəkillərdə dəbdəbəli həyat tərzinə malik olduğunu nümayiş etdirən Elvin Nəbizadənin sonradan Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu olduğu üzə çıxdı, çox keçmədən isə onun atası görəvdən alındı və bunun məhz həmin bahalı avtomobil şəkillərinin ictimailəşməsi ilə əlaqəli olduğuna heç kim şübhə etmədi.
Son vaxtlar həmçinin ayrı-ayrı nazirlərin, komitə sədrlərinin övladlarının da qiyməti yüz minlərlə manatla ölçülən, orta statistik azərbaycanlının ömrünün sonunadək firavan yaşamasına bəhs edəcək məbləğlərə olan avtomobillərinin fotolarının yayılması, belə avtomobillərlə bağlı konkret bilgilərin mətbuata sızması, həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin qəzəbinə tuş gəlmək qorxusu yaradır. Ehtimal etmək olar ki, məhz bu əndişə səbəbindən bir çox məmurlar öz bahalı avtomobillərini satışa çıxarmağa başlayıblar, nəticədə isə həmin avtomobillərin qiymətində ucuzlaşma müşahidə edilməyə başlanılıb.
Hər kəsə məlumdur ki, Azərbaycanda elə məmurlar var, öz qarajlarında bir neçə bahalı avtomobil saxlayırlar. Son vaxtlarkı məlum tendensiyaların belə məmurları təlaşlandırması və onları öz bahalı maşınlarının əksəriyyətindən əl çəkmək fikrinə salması təbiidir. Hər halda bəzi məmurlarımız mala-mülkə, var-dövlətə, dəbdəbəyə nə qədər aşina olsalar da, onlar da başa düşürlər ki, azadlıq daha dəyərlidir, həm ölkə rəhbərliyinin, həm ictimaiyyətin qəzəbinə düçar olub vəzifələrini və azadlıqlarını itirməkdənsə, bir-iki bahalı avtomobili dəyər-dəyməzinə satmaq daha məqsədəuyğundur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53