Yanukoviçin tərəfdarları müxalifətə dəstək verdi
Yanukoviçin tərəfdarları müxalifətə dəstək verdi

Ordu prezidentdən imtina edir

Dünən Bakı vaxtilə saat 10 radələrində Kiyev Maydanında yenidən toqquşmalar başlayıb. Etirazçılar daxili qoşunların əsgərlərini Həmkarlar İttifaqı binasından Avropa meydanına doğru sıxışdırıblar.

Aksiya iştirakçılarının daş parçaları və "Molotov kokteyli" atdıqları bildirilib.
Əraziyə təcili tibbi yardım briqadaları çağırılıb. Buna səbəb toqquşmalar zamanı yaralananların olmasıdır.
Günorta saatlarında isə məlumat gəlib ki, Kiyevdəki toqquşmalarda ölənlərin sayı 35 nəfəri ötüb. "Ukrainskaya pravda"nın verdiyi məlumata görə, "Kazaçi" hotelinin yaxınlığında yeddi cəsəd var. Qəzet yazıb ki, meyitlər səkidədir və üstlərini örtüblər. Öldürülənlərin orta yaşlı kişilər olduğu bildirilib.
Reuters agentliyi isə 15 nəfərin öldüyü barədə məlumat yayıb. "Frans Press"in məlumatına görə, yeni toqquşmalar nətiicəsində 10 nəfər ölüb.
Günorta radələrində gələn başqa bir xəbərə görə, Kiyevdə daxili qoşunların onlarla, bəzi qaynaqlara görə, yüzlərlə əsgəri Maydanın özünümüdafiə qüvvələrinə təslim olub. Onlar təhlükəsizlik təminatı aldıqdan sonra bu addımı atmağa razılıq veriblər.
Digər məlumata görə, deputatlar Ali Radadan təxliyə olunub. Deputat Vladimir Litvin bildirib ki, deputatlar və parlamentin əməkdaşları təhlükəsizlik məqsədi ilə binanı tərk ediblər.
Həmçinin etirazçıların Ukrayna Evini ələ keçirdikləri və güc strukturları təmsilçilərinin oradan qaçdığı bildirilir.

Kiyevdə ölən və
yaralananların sayı ilə bağlı ziddiyətli
məlumatlar yayılır

Bir başqa məlumata görə, fevralın 20-də Kiyevin xəstəxanalarına 29 nəfər yaralı polis əməkdaşı gətirilib.
Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, onların hamısı güllə yarası alıb.
Polis əməkdaşlarından bir nəfər ölüb.
Müxalifət nümayəndələri isə Maydanda 11 meyitin olduğunu bildiriblər. Ölən insanların sinə və boyundan güllə yarası aldıqları deyilir.
Həmçinin etirazçıların "Ukrayna" otelinin birinci mərtəbəsini ələ keçirdiyi haqda məlumat yayılıb. Qeyd edək ki, həmin otelin yuxarı mərtəbəsindən snayper Maydana yığışan insanlara atəş açır.

Yanukoviç Konstitusiya düzəlişlərinə hazırdır

Yanukoviç Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni imzalamağa hazırdır. Bu barədə Prezident Administrasiyasının rəhbəri Andreq Kluyev məlumat verib. Onun sözlərinə görə, bu tərəflər arasında siyasi etimadın güclənməsi naminə gərəkdir və hakimiyyət dövlət başçısının səlahiyyətlərinin azaldılması istiqamətində müxalifətin tələblərinə müsbət cavab verməyə hazırdır: "Bir-iki həftəyə Konstitusiya layihəsi hazırlana bilər. Layihə qəbul edildikdən sonra Konstitusiya Məhkəməsinə göndərilə bilər".
Regionlar Partiyasından olan deputat Sergey Tqipko isə bəyan edib ki, hakimiyyət və müxalifət situasiyaya nəzarəti itiriblər. Onun fikrincə, təcili Ali Radanın toplantısı çağrılmalıdır. Regionlar Partiyasından olan Çeçetov isə Ali Radanın toplantısının çağrılmasının gözlənilmədiyini deyib.

ABŞ və NATO-dan
Ukraynaya
sərt xəbərdarlıq

Şimali Atlantika Alyansı - NATO-nun baş katibi Anders Foq Rasmyusen, Ukrayna hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. NATO rəhbəri, Yanukoviç hökumətini Kiyev Meydanında nümayişçilərə qarşı davranışlarda zorakılığa son qoymağa və müxalifətə qarşı silah işlətməməyə çağırıb. Əks halda Ukrayna ilə Alyans arasında münasibətlərin pozula biləcəyi barədə xəbərdarlıq ünvanlayıb. "Mən qətiyyətlə Ukrayna hökumətini bundan sonra zorakılıqlardan çəkinməyə çağırıram. Müxalifətə qarşı hərbi müdaxilə, Ukrayna ilə NATO əlaqələri ciddi şəkildə ziyan vura bilər"-deyə Rasmyusen sərt danışıb.
Bu arada Amerika Birləşmiş Ştatlarını vitse-prezidenti Cozef Bayden də Ukraynaya səslənib. Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçlə telefon söhbətində xüsusi təyinatlıları küçələrdən "yığışdırılmasını" tələb edib. Bu barədə Ağ Ev məlumat yayıb.
Bayden Ukraynanın hazırki vəziyyətindən olduqca narahat olduğunu bildirib. Bununla yanaşı, V. Yanukoviçi maksimum səbr nümayiş etdirməyə çağırıb.
Ağ evin məlumatında həmçinin bildirilir ki, "ABŞ hər iki tərəf, həm iqtidar , həm də müxalifət tərəfindən tətbiq olunan zorakılıq əməllərini qınayır, buna baxmayaraq hesab edir ki, gərginliyin aradan qaldırılması iqtidarın çiyinlərinə düşür".

Polşa XİN başçısı:
"Atışma səsləri gəlir,
məmurlar təşvişdədir"

Bu arada Ukrayna prezidenti Viktor Yanukoviçin Polşa, Fransa və Almaniya xarici işlər nazirləri ilə nəzərdə tutulan görüşü baş tutmayıb.
Polşa XİN başçısı Radoslav Sikorski "Twitter" akkauntunda yazıb ki, prezident iqamətgahında planlaşdırılan görüş başqa yerdə keçiriləcək. "Prezident sarayının ətrafını qara tüstü bürüyüb, partlayış və atışma səsləri eşidilir. Görüş başqa yerə keçirilib. Məmurlar təşvişdədir", - deyə o bildirib.

Saakaşvili Yanukoviç
iqtidarını
"bandit" adlandırdı

Ukraynada "1+1" kanalının səhər proqramına canlı efirə qatılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Yanukoviç iqtidarını və Rusiya prezidenti Vladimir Putinin ünvanına yenə tənqidlər yağdırıb.
Saakaşvili açıq şəkildə Yanukoviç iqtidarını "bandit klan" adlandıraraq, faciələrə görə cavab verməli olacağını bildirib. Ənənəsinə sadiq qalan Saakaşvili Putini keçmiş SSRİ-nin tör-töküntüsü sayaraq, onu qorxaq adlandırıb. Sonda o, fədakarlığına görə ukraynalıların qarşısında baş əydiyini ifadə edib.

Putin Qərbi Ukrayna müxalifətinə
təsir etməyə çağırdı

Rusiya prezidenti Vladimir Putin isə Ukraynada vəziyyətin kəskinləşməsinə görə hakimiyyəti ittiham edən Almaniya kansleri Angela Merkeldən narazı qalıb.
İTAR-TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Almaniya kanslerini Ukrayna müxalifətini ittiham etməyə çağırıb.
Xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti A.Merkellə srağagünki telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib. "Vladimir Putin Qərbi Ukrayna hakimiyyətinə qarşı ittihamlardan çəkinməyə, həmçinin qeyri-qanuni ekstremist qrupları təşkil edən müxalifəti ittiham etməyə çağırıb", - xəbərdə deylir.
Rusiya prezidentinin Avropa İttifaqını Ukrayna müxalifətinə təsir göstərməyə çağırdığı bildirilir.

Yanukoviçin üç seçimi

Ukraynadan daxil olan məlumatlar ölkədə artıq vətəndaş müharibəsinin başladığını deməyə əsas verir. Hüquq-mühafizə orqanları ilə etirazçılar arasında baş berən qarşıdurmalarda hər iki tərəf müxtəlif növ odlu silahdan istifadə edir, ölənlərin sayı 25 nəfəri keçir, iqtidar müxalifəti, müxalifətsə iqtidarı xalqın qanını tökməkdə ittiham edir.
Bəzi region və şəhərlərdə hakimiyyət etirazçıların əlinə keçib, bəzi yerlərdə isə dövlət məmurları "maydan"ı dəstəklədiklərini bildiriblər. Hadisələr Suriya və Liviyada "ərəb baharı"nın başlanğıcını xatırladır.
Lakin Ukraynada ilə ərəb ölkələri arasında fərqliliklər var və bu fərqliliklər ən əvvəl daxili və xarici maraqlı qüvvələrdə özünü göstərir. Ölkə daxilində əsas maraqlı qüvvələr hakimiyyətini nə yolla olursa olsun qorumağa çalışan lakin qətiyyətsiz prezident Viktor Yanukoviç, hakimiyyəti ələ keçirib sonra öz aralarında bölmək istəyən Yasenyuk, Kliçko və Tyaqnibokun təşkil etdiyi müxalifət qüvvələri və ilk növbətə biznesinin təhlükəsizliyinə təminat axtaran və bu təminatı verəcək hakimiyyəti dəstəkləməyə hazır olan oliqarxlardır. Xaricdə isə, Ukraynanı özündən asılı salmaq istəyən Rusiya və Ukraynanı Rusiyadan qoparmaq istəyən Avropa Birliyi ilə Amerika qarşıduran əsas maraqlı qüvvələrdir.
Qərb ilə Rusiyanın Ukrayna uğrunda mübarizəsinin qanlı inqilaba dönüşməsinə rəvac verən amillərin başında qətiyyətsiz prezident Viktor Yanukoviç dayanır. Yanukoviç hakimiyyətini qorumaq üçün Rusiya Qərb və Ukrayna xalqı arasında balanslaşdırılaraq-razılaşdırılmış siyasət aparmağa çalışırdı. Ancaq banslaşdırılmış xarici siyasətin effektiv hesab olunacağı dövr geridə qalmışdı. Yanukoviç Rusiyanın qazın qiymətini qaldıracağından ehtiyat edərək AB-ə Assosiativ üvlükdən imtina etdi.
Doğrudur, qazın qiyməti düşdü və Rusiyadan 15 milyard yardım alındı. Lakin bu addın "Maydan" hərəkatının başlanması üçün müxalifətə bəhanə verdi və etirazlar başladı. Sonradan prezident etirazları yatırmaq üçün nümayış iştirakçılarına qarşı qanunlar qəbul etdirdi və güc tətbiq etməyə başladı. Bu etirazları daha da artırdı. Yanukoviç yenidən qorxuya düşdü bu dəfə müxalifətçilərə güzəştə getməyə başladı. Baş naziri istefaya göndərdi, həbs olunan etirazçıları azadlığa buraxdı, hökuməti müxalifətə verməyə hazır olduğunu bildirdi. Təbii ki, müxalifət belə güzəştlərdən daha da ruhlanacaqdı və ruhlandı da. Bu dəfə Qərbdən daha artıq dəstək alan müxalifət ölkənin 2004-cü il konstitusiyasının bərpa olunma tələbi ilə küçələrə axışdı. Prezident yenidən güc tətbiq etmək qərarına gəldi. Nəticəsi isə göz qabağındadır - inqilabi vəziyyət. Yanukoviçin bu dəfəki güzəşti təbii ki, kürsüsü ilə vidalaşması olacaq.
Yanukoviçin xalqa son müraciətindən də başa düşmək olar ki, bütün güzəştlərə gedildiyi halda etirazçıların nəyə görə meydanı boşaltmadıqlarını prezident hələ də anlamır. Yanukoviçin qərarları özünə qarşı işləyir.
Yanukoviçin bu məqamdan sonra üç seçimi var:
Bir - Hakimiyyət uğrunda mübarizəni sona qədər aparmaq. Rusiyalı deputatların bəyanatlarından hiss olunur ki, Moskva Ukrayna prezidentini bu yola sürükləmək istəyir. Belə olan halda ölkə uzunmüddətli vətəndaş müharibəsi ilə üzləşəcək. İqtidarı Rusiya, müxalifəti isə Qərb silahla təmin edəcək. Avropanın mərkəzində növbəti silah bazarı formalaşacaq. İnqilab isə ölkənin bölünməsi, hətta parçalanması, ayrı-ayrı bölgələrin öz müstəqilliyini elan etməsi ilə nəticələnəcək.
Rusiyanın Ukrayna prezidentini bu yola sürükləməsinin əsas səbəbi odur ki, Moskva Ukraynada özünə loyal hesab etdiyi Yanukoviçi itirmək istəmir və onun nə yolla olursa olsun hakimiyyətdə qalmasına çalışır. Ən azından Yanukoviç sonrakı mərhələdə Şərqi Ukraynanın Rusiyaya birləşməsi prosesinə rəhbərlik edə bilər. Eyni zamanda Yanukoviçin istefası Moskvanın ona borc verdiyi 15 milyardın da qaytarılacağını sual altına qoyur.
Birinci variantda Rusiya ilə Avropanın Ukraynaya qoşun yeritməsi də mümkündür. Ukrayna faktiki II Dünya Müharibəsindən sonrakı Almaniyaya çevrilə bilər.
İki - Yanukoviçin reallıqla barışıb, istefa verməsi. Bu Ukrayna üçün ən ideal variantdır. Rusiya bu illik qazın qiymətlərini aşağı saldığı üçün Kiyevə gələn qışa qədər əlavə problem yarada bilməyəcək. Həmin müddətədək isə çıxış yolu tapıla bilər.
Üç - Yanukoviçin gözləmə mövqeyini tutması. Çox güman ki, prezident məhz bu addımı seçəcək. Yanukoviç heç bir qəti addım atmayacaq. Nəticə isə ondan ibarət olacaq ki, müxalifətçilər güc yolu ilə prezident administrasiyasını ələ keçirənə qədər Yanukoviç öz kreslosunda oturacaq. Bu müəyyən vaxt aparacaq və ölkədə çoxlu sayda insan ölümünə səbəb olacaq. Yekunda isə yenə "Maydan" qələbə qazanacaq.

Tofiq Əsgərov