Məmurların “Lombard biznesi”nin qaranlıq pərdəarxası
12:13 22-02-2014
İQTİSADİYYAT
Məmurların “Lombard biznesi”nin qaranlıq pərdəarxası
Vətəndaşların aldadıldığına dair ilginc faktlar
Mərkəzi Bankın iş yerindən arayış təqdim etmədən kreditlərin verilməsinə qoyduğun məhdudiyyətdən sonra əlacsız qalan vətəndaşlar lombardlara üz tutub. Son vaxtlar bu mənbələrə müraciət edənlərin sayı həddən artıq çoxalıb.
Söz yox ki, kəmfürsət lombard sələmçiləri yaranmış vəziyyətdən sui-istifadə edərək, şərtləri ağırlaşdırıblar. Amma bu, onların xidmətinə tələbatı azaltmayıb.
Bir sözlə, bankların kredit verməyi azaltması və çətinləşdirməsi lombardların müştərilərini artırıb. Bundan istifadə edən işbazlar isə vətəndaşlara verdiyi pulun dəyərindən iki, üç dəfə artıq girov tələb edirlər. Halbuki lombardlar hələ sovet dönəmində də insanların nağd pul problemlərini həll etmək üçün üz tutduqları ən optimal çıxış yolu hesab edilirdi. Çünki lombardlarda təklif edilən faiz dərəcələri münasib idi. İndi isə tam əksinədir.
Lombard krediti qısa müddətdə nağd vəsait əldə etməyin ən sürətli və rahat üsuludur. Zamin axtarmağa ehtiyac yoxdur, iş yerindən arayış tələb olunmur... Şəxsiyyət vəsiqənizi və girov qoyacağınız qızıl məmulatlarını özünüzlə götürmək kifayətdir.
Lombard krediti götürmək üçün əksər banklarda şərtlər oxşardır:
Məbləğ - 5000 ABŞ dollarına qədər
Müddət - 24 ayadək
İllik faiz - 30-36 faiz
Kredit üzrə ödənişlər - annuitet
Komissiya haqqı - 2 faiz
Veriləcək lombard kreditinin bir borcalan üçün məbləği, girov qoyulacaq qızıl-zinət əşyası dəyərinin 100 faizi həcmində. İllik faiz dərəcəsi isə 32.20 faizdən 38.26 faizədək olmaqla.
Lombard kreditinin mənfi cəhəti isə təklif olunan faizlərin nisbətən yüksək olmasıdır. Lakin krediti almaq üçün iş yerindən arayış təqdim edə bilməməyinizi və uzun müddət sənəd yığmağınıza ehtiyac olmadığını nəzərə alsaq bu təkliflər çoxları üçün əlçatan olur.
Ekspertlər deyirlər ki, Mərkəzi Bankın iş yerindən arayış təqdim etmədən kreditlərin verilməsini dayandırmasından sonra vətəndaşların iki istiqamətə həm lombardlara, həm də sələmçiliyə meyl edəcəkləri gözlənilən idi. Çünki bütün hallarda vətəndaşların kreditə ehtiyac yüksəkdir. “Bu gün Azərbaycan kommersiya banklarından 1,7 milyon insan kredit götürüb. İstehlak kreditləşməsi 2013-cü ildə 35% artmışdı. Bu da təbii ki, vətəndaşların kreditə olan tələbatının göstəricisi idi. Hazırda kommersiya bankları çox az sayda kredit verirlər. Verilən kredit isə çox ağır şərtlərlə təklif olunur. Həmin tələbatı lombardlar və sələmə pul verən şəxslər tuturlar. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın artması müşahidə edilir. Bu da təbii ki, lombardların təklif etdiyi kreditlərin faiz dərəcələrinin artmasına gətirib çıxarır. Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində 1% artım var. Bu da illik olaraq 12% artım deməkdir. Lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-ə yaxındır. Bu da kifayət qədər böyük göstəricidir. Belə olan halda faizlər artır. Əgər lombardlar əvvəllər qızılla bərabər müxtəlif əşyaları da qiymətləndirirdisə, indi isə faizlərin artması nəticəsində yalnız qızıl və zinət əşyaları qəbul edir.
Ekspertlərin sözlərinə görə, vətəndaş tərəfindən lombarda qoyulan qiymətli əşyalar heç bir halda sığortalanmır. Onun sözlərinə görə, qanunvericilik lombarda qoyulan girovların icbari sığortalanmasını özündə nəzərdə tutmayıb. “Yəni birmənalı şəkildə girovların sığortalanması həyata keçirilmir. Lakin lombard müflis olduğu halda isə vətəndaşın yeganə çıxış yolu məhkəməyə müraciət etməkdən ibarət olur. Onu da nəzərə alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada geri qaytarılması ilə bağlı heç bir müddəa yoxdur.
Lombardların sadəcə bir fəaliyyət kimi formalaşdığını deyən ekspertlər onu da diqqətə çatdırırlar ki, bu fəaliyyət növü banklardan fərqlidir. Əgər bank açmaq üçün mövcud qanunvericiliyə görə 10 milyon manat minimum nizamnamə kapitalı müəyyən olunursa, lombardlarla bağlı belə prosedur yoxdur. Lakin banklarda olduğu kimi, lombardlar da fəaliyyət göstərmək üçün aidiyyəti qurumlardan icazə almalıdır.
Bundan başqa mahiyyət etibarı ilə bank sistemi ilə eynilik təşkil edən lombardlar prosedurların sadəliyi baxımından üstündür. Lakin bu fəaliyyət sahəsində risklərin mövcudluğu da istisna deyil. Belə ki, bəzi işbazlar verdikləri pulun dəyərindən dəfələrlə çox qızılı götürüb qaça bilər. Belə hallar bir neçə dəfə olub. Elə sonuncu dəfə analoji hadisə Bakının Nizami rayonunda baş verib. Lombard sahibi Məmməd Həsənov və onun işçiləri ümumilikdə 100 min manata yaxın dəyəri olan 300 nəfərin qır-qızılını götürərək gizlənib.
Nəzərinizə çatdıraq ki, onların fəaliyyəti 1997-ci ildən etibarən “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
Lombardların yerlərinin dəyişməsi ilə bağlı problemlərin mövcud olduğunu söyləyən ekspertlər lombardların ofislərinin tez-tez dəyişmələri səbəbindən vətəndaşlar külli miqdarda vəsait itirmiş olduğunu deyirlər. Lombardlar lisenziya ilə fəaliyyət göstərsələr də təəssüf ki, onların fəaliyyətə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Nəticədə nəzarətin gücləndirilməsinə ciddi şəkildə ehtiyac olur. Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə nəticədə min manat borca görə lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların sərtləşdirilməsinə ehtiyac var. Eyni halda lombardların minimum kapitala malik olmasını bir tələb kimi qanunvericiliyə daxil etməliyik. Bu da məhz lombardların məsuliyyətinin artırılmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, “lombard biznesi”nin arxasında əksərən məmur maraqları dayanır. Bakının bəzi rayon icra başçıları da daxil olmaqla xüsusilə ikinci eşalon məmurların bəzilərinin lombardlarının olması barədə müxtəlif iddialar səslənir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53