Futbol əfsanəsi: Lionel Messi
12:14 22-02-2014
İQTİSADİYYAT
Futbol əfsanəsi: Lionel Messi
Dahi futbolçunun film kimi həyatı “Unikal”da...
“Unikal” qəzeti olaraq oxucularımızın diqqətinə təqdim etdiyimiz “Tanınmışlar” layihəsində dünyanın böyük siyasət, iqtisadiyyat, sənət və idman adamlarının görünməyən tərəfləri ilə portretini cızmağa çalışacağıq. Rubrikamızın bu dəfəki qəhrəmanı isə dünya şöhrətli futbolçu Lionel Messidir. İndi çoxlarının həsədlə baxdığı bu məşhurun həyatın dibindən başlayan karyerasına işıq tutmağa çalışacağıq. Beləliklə, olduqca maraqlı və keşməkeşli həyat hekayəsinə malik olan Lionel Messi ilə tanışlığa başlayaq...
Lionun uşaqlıq
xəyalları...
Tam adı Lionel Andres Messi olan dahi futbolçi 24 Avqust 1987-ci ildə Argentinada anadan olub. Uşaqlığı yoxsulluq içində keçən Lionel hər bir argentinalı gənc kimi futbolla maraqlanırdı. Amma bu maraq Latın Amerikasının uşaqları üçün o qədər spesifik idi ki, kimsə onun nə zamansa dünya şöhrətli futbolçu olacağını ağlının ucundan belə keçirmirdi. Arıq və çəlimsiz bu uşaq elə fiziki göstəricilərinə görə də futbol üçün “ögey” sayılırdı. Amma Lio həvəsdən düşmür və hətta gecələr də topdan ayrılmırdı. Qeyd edək ki, onun ilk məşqçisi elə doğma atası olub. Belə ki, Messinin atası o zaman “Grandoli” adlı klubda məşqçilik edirdi və balaca Leo da professional futbolla məhz bu klubda “tanış olur”. Daha sonra isə Argentinanın “River Pleyt” klubuna transfer olunur.
“Bu xəstə uşağa pul xərcləməyə dəyməz...”
Yəqin çoxları bilmir ki, L.Messi uşaqlıq dövründə ciddi xəstəliklə mübarizə aparıb. Onun sümüklərində hormonal problemlər vardı və çox yoxsul ailəsi üçün Messini müalicə etdirmək demək olar ki, mümkünsüz idi. Elə xəstəliyinin əlaməti idi ki, 9 yaşında onun boyu cəmisi 124 sm olub. “Barselona”ya gələndə onun boyunda bir az artım olub və 136 santimetrə çatıb.
Həmin vaxt L.Messinin bu xəstəliyinin müalicəsi üçün 700-1000 avro lazım idi. Messinin formasını geyindiyi Argentinanın “River Pleyt” klubu isə futbolçunu müalicə etməkdən imtina edir. Onlar hesab edirdi ki, bu arıq və çəlimsiz uşaq üçün pul xərcləməyə ehtiyac yoxdur. Amma cəmi bir neçə ildən sonra klub rəhbərliyinin nə qədər böyük yanlışlığa yol verdiyi bəlli olacaqdı...
“Barselona” onu tapır və Messiyə xilas
qapısı görünür
Bu həmin illər idi ki, İspaniyanın “Barselona” klubunun rəhbərliyi istedadları aşkarlamaq məqsədlə Latın Amerikasında, o cümlədən Argentinada axtarışlara başlamışdı. Onlar Argentinada bir neçə gənclə maraqlanırlar və onların arasında Messi də vardı. Artıq bəxt Messinin üzünə gülməyə başlamışdı. Onlar Messinin bütün müalicə xərclərini üzərlərinə götürür və argentinalı gənci sıralarına qatırlar. Kataloniya klubunda Messi ilə ayrıca fiziki hazırlıq məşqçisi Xuanxo Brau məşğul olur.
Maraqlı faktlardan biri isə bundan ibarətdir ki, “Barselona” ilə Messinin ilk müqaviləsi salfet üzərində bağlanıb. Bu barədə xatirələrində klubun uşaq məktəbinin məşqçisi Karles Reksaç deyib: “Biz kafedə Messi, atası və böyük qardaşı ilə oturmuşduq. Həmin vaxt yanımızda kağız yox idi. Ona görə də biz müqaviləni salfet üzərində bağladıq”.
Futbolçunun klubdan aldığı ilk məvacibi bir il üçün 60 min avro olub. Bu məbləğ isə Rosario rayonunda yaşayan yoxsul ailə üçün heç də az deyildi.
Hamı şokdadı:
Maradona qayıdıb?
Messi klubda ilk debüt oyununu 2004-cü ildə Espanyol komandasına qarşı keçirir. Bu zaman o klubun heyətində çıxış edən ən gənc oyunçu kimi tarixə düşür. Albasete klubu ilə oyunda ilk qolunu vuran zaman onun cəmi 17 yaşı var idi və Messi "Barcelona" klubunun tarixinə ən gənc qol vuran oyunçu kimi düşdü.
16 sentyabr 2005-ci ildə klub Messi ilə 2014-cü ilə qədər müqavilə bağladı. Həmin mövsüm sentyabrın 27-də o ilk dəfə Çempionlar Liqasında çıxış etdi. Bu zaman gözəl ötürmələri və meydanda Ronaldinyo ilə gözəl anlaşması 70 minlik Nou Kamp stadionunun ayağa duraraq onu alqışlaması ilə nəticələndi. Həmin ilin dekabrında İtaliyanın "Tuttosport" jurnalı ona "Golden Boy 2005" mükafatını verdi.
18 aprel 2007-ci ildə "Getafe" klubu ilə qarşılaşmada o 2 qol vurdu. Qollardan biri Maradonanın 1986-cı ildə İngiltərəyə vurduğu məşhur qolun təkrarı idi. O təxminən eyni məsafəni qaçdı (62 m), eyni sayda oyunçuları keçdi (6 oyunçu) və qolu eyni vəziyyətdən vurdu. Sonda isə bayraq tərəfə qaçaraq, Maradona 21 il əvvəl etdiyi kimi qolu bayram etdi. Bu zaman dünya mətbuatında Messi və Maradona müqayisəsi qızışmağa başladı. İspaniya jurnalistləri ona "Messidona" ləqəbini verdilər. Sonralar "Espanyol" klubu ilə oyunda əl ilə vurduğu qol Maradonanın ayrı bir məşhur qolunun: "Tanrının əli" qolunun bir daha təkrarı oldu.
Uğurların
davamı gəldi...
2008-ci ildə İspaniyanın "Marca" jurnalı 77 faiz səslə onu ilin ən yaxşı oyunçusu seçdi. 2009-cu ildə dünyaca məşhur futbolçular Ronaldinyo, Samuel Etoo, Frank Raaykard, Viktor Fernandez, Bernd Şuster, Quti, Raul, Canluka Zambrotta, Françesko Totti, Antonio Kassano, Dieqo Maradona və Pele onu ilin ən yaxşı oyunçusu mükafatına ən real namizədlərdən biri hesab edirdilər. Bu məsələdə onlar yanılmamışdılar. Belə ki, Lionel Messi UEFA tərəfindən 2009-cu ilin ən yaxşı klub futbolçusu elan edilib. O, "Barselona" klubunun Çempionlar Liqasının son qalibi olmağında böyük rol oynayıb. Təltifetmə Monakoda keçirilib. Bundan savayı, Messi ilin ən yaxşı hücumçusu adını da qazanıb. Ən yaxşı yarımmüdafiəçi adı isə onun həmklubçusu Xavi Ernandesə, ən yaxşı qapıçı da "Mançester Yunayted"dən Edvin van der Sara, ən yaxşı müdafiəçi adı isə "Çelsi"nin kapitanı Con Terriyə verilib. Lionel Messi UEFA-nın baş mükafatını qazanan sayca 2-ci argentinalıdır. Ondan əvvəl bu ada 2000-ci ildə "Real Madrid"də oynayan Fernando Redondo layiq görülüb.Messi həm de yeganə 4 dəfə qızıl topa layiq görülmüş bir futbolçudur.
“Barselona” onu əldən vermək istəmir...
Lionel Messini digər məşhur futbolçulardan fərləndirən cəhətlərdən biri də onun 2004 cü ildən bəri bir klubda oynamasıdır. Artıq 10 ildir ki, doğma klubunun şərəfini qoruyan Messi bütün cəlbedici təkliflərə baxmayaraq “Barselona”nı dəyişməyib. Hər halda görünür, Messi “Barselona”nın onu yoxsul Argentinadan xilas etdiyi həmin çətin günləri hələ də unutmayıb. Elə “Barselona” da məşhur futbolçuyla vidalaşmaq niyyətində deyil.
“Lionel Messini əldə etmək üçün 580 milyon avro ödəmək lazımdır”. Bu sözləri isə klubun prezidenti Sandro Rossel söyləyib. O daha sonra bunları bildirib: “Barselona”nı bütün futbolçular tərk edə bilərlər, təkcə Messidən başqa. Messinin müqaviləsi 250 milyon avrodur. Əgər vergini də əlavə etsək, 580 milyon avro olmalıdır".
Xatırladaq ki, Argentina yığmasının kapitanı “Barselona”da 2004-cü ildən oynayır. Klubun Messi ilə müqaviləsi 2018-ci ildə bitir.
Həyatı boyu bircə
kitab oxuyub...
"Barselona" klubunun futbolçusu Lionel Messini mütaliə həvəskarı adlandırmaq doğru olmazdı. Bununla bağlı açıqlama verən argentinalı hücumçu həyatında yalnız bir kitab oxuduğunu deyib: "Dieqo Armando Maradonanın bioqrafiyası" indiyə kimi oxuduğum yeganə kitabdır. Ancaq oxumağa daha çox vaxt ayırmaq istəyirəm. Bunu mütləq edəcəm".
Onun ən sevimli məşğuliyyəti isə oğluyla əylənməkdir. Oğlunu özü çimizdirməkdən zövq aldığını deyən Messi bildirib ki, onunla birlikdə vaxt keçirməyi çox sevir: "Oğlumu çimizdirməyi, onunla televizora baxmağı çox sevirəm. Həyatımda ən önəmli şey oğlumdur".
Onun oğlunu nə qədər sevməsini təsdiqləyən digər bir fakt da var. Belə ki, “Barselona” klubunun futbolçusu Lionel Messi “Selta” ilə İspaniya çempionatının qarşılaşması zamanı corabının içərisinə əmzik qoyub. 25 yaşlı hücumçu bu qəribə addımıyla yenicə ata olduğunu nümayiş etdirmək istəyib.
Oğluna Tiaqo adı verən Messidən azarkeşlər bu oyunda xüsusi bir qol sevinci gözləyiblər. Bunu nəzərə alan argentinalı oyunçu qolundan sonra əmziyi çıxararaq əmmək istəyib. Amma “Barsa”nın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə o, qol vura bilməyib.
Qeyd edək ki, hələ yeriyə bilməməsinə baxmayaraq Messinin oğlu Tyaqo atasının karyerasını başladığı Argentinanın “Nyuells Old Boyz” klubu ilə müqavilə imzalayıb. Necə deyərlər, onun artıq məhz futbolçu olacağına özündən xəbərsiz qərar verilib...
“Arvadım mənə heç qulaq asmır...”
Messi indi bir vaxtlar təsəvvür belə edə bilmədiyi şan-şöhrətə və pula sahibdir. Uşaq olarkən 1000 avro tapıb xəstəlikdən müalicə oluna bilməyən Messi indi həmin çətin günlərini unutmayıb. Hər halda onun tez-tez xeyriyyə marafonlarına qatılması, xəstə uşaqlara maddi yardımlar göstərməsi haqda çoxsaylı faktlar buna sübutdur. Bununla belə Messini hazırda problemsiz adam da saymaq mümkün deyil. Onun ən böyük problemi isə evdə futbol matçlarına baxa bilməməsi və həyat yoldaşının futbola biganə olmasıdır.
Belə ki, "Barselona" və Argentina milli komandasının futbolçusu Lionel Messi televizordan futbolla bağlı heç nə izləyə bilmədiyini deyib. Hücumçu "Corriere della Serra"ya açıqlamasında bunu həyat yoldaşı Antonellanın futbolu sevməməsi ilə əlaqələndirib: "Evə gəlirəm, ona neçə qol vurduğumu söyləyirəm, amma o, məni heç eşitmir!".
Hazırladı:
Zülfüqar Hüseynli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53