Ayrılan və birləşən müxalifət
Təsir imkanları sıfırlaşır
Prezident seçkiləri sona çatdı və müxalifətin iddialarına baxmayaraq heç bir nəticə əldə edə bilmədilər. Əksinə müxalifət düşərgəsində durum daha da gərginləşdi və parçalanmalar, müxalifətdən üz çevirənlər daha çox oldu. Müsavat və ona dəstək verən qüvvələr Milli Şuranı tərk etdilər və bununla da AXCP-Müsavat münasibətləri tamamı ilə korlandı.
Maraqlıdır, qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir müxalifət bu dəfə hansı addımları ata bilər? Öncəliklə gəlin müxalifətin bu gün cəmiyyətdə ki, roluna və təsir imkanlarına baxaq. Müxalifət demək olar ki, nə ölkə daxilində nə də xaricində hadisələrə reaksiya vermək gücündə deyil. Elə götürək Ukraynada baş verən olayları. Hətta Ermənistan müxalifəti belə bununla bağlı aksiya keçirtdi, həmrəylik nümayiş etdirdi və mövcudluqlarını ortaya qoydular. Azərbaycan müxalifəti isə sadəcə olaraq bir neçə dişsiz bəyanatla hadisələrə mövqe sərgilədilər. Bunun qarşılığında isə müxalifətin edəcəyini Azərbaycan hakimiyyəti etdi. Belə ki, xarici işlər naziri səviyyəsində bəyanat verildi və silaha əl atmanı tənqid etdilər. Bununla bağlı yürüdülən siyasətdə Avropanı və ABŞ-i qane edəcək siyasət oldu. Diqqət yetirin, Milli Şura Rusiya proyekti kimi təqdim edildi və müəyyən dairələr bunu ciddiyə aldı. Hətta Avropaya inteqrasiya ilə bağlı Milli Şura yaradılan zaman Rüstəm İbrahimbəyov tərəddüdlü hərəkət də etdi. Hakimiyyəti isə açıq şəkildə bəyan etdi ki, Azərbaycan heç bir halda Avrasiya İttifaqına və Gömürük Birliyinə üzv olmayacaq. Bundan sonra Azərbaycana kifayət qədər təzyiqlər oldu və bu davam etməkdədir. Digər tərəfdən isə bu gün hakimiyyətin Ukrayna ilə bağlı tutduğu siyasətdə qane edicidir və hesab etmək olar ki, bunu hakimiyyət məntiqli siyasətin davamı kimi görür. Çünki Ukraynada müxalifətin məğlub olması, Rusiyanın qələbəsidir və Rusiya Ukraynada istədiyinə nail olarsa, növbə Azərbaycana çatacaq. Çünki bu gün müqavimət göstərən bir Ukraynadır, bir də Azərbaycan.Ən maraqlı başqa bir məqam isə bu oldu ki, Ukraynada vəziyyət gərginləşən bir anda Azərbaycan,Türkiyə və Gürcüstanın Xarici İşlər Nazirləri görüş keçirtdi. Bu regionda üçlük ittifaqının formalaşması kimi də dəyərləndirilə bilinər. Bütün bunların fövqündə isə Azərbaycan müxalifəti gözə dəymir. Halbu ki, müxalifət səfərbər olmalı və Ukrayna hadisələrinə köklü reaksiya verməli idilər. Bu isə ortada yoxdur. Bəs ortada olan nədir? Sadəcə olaraq qarşılıqlı ittihamlar, bir-birini hakimiyyətə işləməkdə suçlamaqdır. Sanki dünyada baş verən proseslər AXCP-in və ya Müsavatın ana müxalifət olması ilə istiqamətini dəyişəcək. İndi isə gəlin müxalifətin ölkədə ki, proseslərə təsirinə baxaq. Demək olar ki, bu istiqamətdə də heç bir effektli nəticə görmək mümkün deyil. Bunu isə belə əsaslandırırlar ki, müxalifətin televiziyalara, auditoriyalara çıxmaq imkanı yoxdur. Yaxşı bununla gəlin razılaşaq. Bəs onda dini müstəvidə baş verən proseslərlə bağlı, tutalım intihar olayları ilə bağlı və ya başqa kütləvilik daşıyan proseslərlə bağlı bəyanatlar vermək, müzakirələr təşkil etmək nədən mümkünsüz görünür? Nədən bu istiqamətdə addımlar atılmır? Hesab etmək olar ki, bunun tək bir səbəbi var;hazırki müxalifət müasir iş mexanizminə malik deyil. Təsəvvür edin ki, orta məktəbli uşaq belə artıq planşetdən, kompüterdən istifadə etdiyi bir zamanda müxalifət liderləri hələ də makinada nə isə yazmağa çalışırlar. Çox qəribə bir detal isə budur ki, müxalifət indinin özündə də siyasi fəaliyyətlə yox hansısa formada təşkilatlanmaqla məşğuldur. Demək olar ki, yarandıqları gündən bu xətti tutublar və deyəsən dəyişəsi də deyillər.İndi hansı birliklər formalaşa bilər? Aydındır ki, AXCP sona qədər Milli Şuranın qalmasına çalışacaq və bu yolla Müsavatı müxalifət daxilində təkləməyə çalışacaqlar. Müsavat isə manevrlərini davam etdirməkdədir. Belə bir fikir səslənirdi ki, Müsavat-KAXCP koalisiyası yaranarsa vəziyyət dəyişəcək. Hətta əməkdaşlıqla bağlı müsavat KAXCP-yə müraciətdə etmişdi. Amma deyəsən bu birlik alınmayacaq.
“Biz iki qurumda - həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində təmsil olunuruq. İndi də başqa bir partiya və qurumla danışıqlara getməyə ehtiyac yoxdur. Bu, Müsavat Partiyasına da aiddir”.
Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib. O qeyd edib ki, KXCP seçkilərdə həmişə Müsavatı müdafiə edib: “Zaman-zaman Müsavat Partiyası ilə müəyyən münasibətlərimiz olub. Bu münasibətlər normal sonluqla nəticələnməyib. 2000-ci il parlament seçkilərində Müsavatı müdafiə etmişik. 2003-2005-ci illərdə də bütün imkanlarımızı Müsavatın müdafiəsinə yönəltmişik. 2010-cu ildə Müsavat KXCP ilə seçki danışıqlarına başladı. Bir-iki dəfə danışıq getməmiş AXCP ilə əlaqə yaratdılar, bizi kənarda qoydular. Bütün bunlar köhnəlmiş mövzulardır, heç incələmək fikrimiz də yoxdur. Amma hazırda hansısa partiya ilə danışığa getmək fikrimiz yoxdur. Partiya seçkilərə hazırlaşır. Bu istiqamətdə də nə yenilik olacaqsa, mətbuata açıqlanacaq”.Amma hələlik Müsavata müsbət cavab verən təşkilat “El” oldu və yaxın günlərdə iki qurum arasında əməkdaşlıq müqaviləsi bağlanacaq.Həmçinin Pənah Hüseynlinin rəhbəri olduğu AXP-də bu birliyə qatılmaqla güc mərkəzinə çevrilməyə çalışacaqlar. Amma bir məsələ var ki, nə qədər birlik yaransada heç nə dəyişmir. Çünki sosial bazada artım yoxdur və bu səbəbdən də nə isə nəticə gözləməyə dəyməz.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53