Heydər Əsədov inhisarçılara savaş açacaqmı?
11:39 08-03-2014
İQTİSADİYYAT
Heydər Əsədov inhisarçılara savaş açacaqmı?
Bir çox kənd təsərrüfatı məhsullarının bahalaşmasının müdhiş pərdəarxası
Avtomobillə respublikanın qərb istiqamətinə yol alsanız, Şəmkir rayonu ərazisindən başlayaraq lap Tovuzun mərkəzinədək, magistralın kənarlarında kartofla dolu yüzlərlə torba və yeşiklər diqqətinizi cəlb edəcək.
Bəli, bu yol boyu satılan kənd təsərrüfatı məhsullarının böyük hissəsi kartofun payına düşür. Bu da təsadüfi deyil. Axı, “ikinci çörəyimiz”in 70 faizi qərb bölgəsində istehsal olunur.
Elə həmin Şəmkir -Tovuz avtomagistralı boyunca tez-tez gedib-gələn və müşahidə qabiliyyəti yüksək olanlar hiss edərlər ki, bu cür “kartof bolluğu”, nədənsə, bu tərəvəzin yetişdiyi və torpaqdan çıxarıldığı yay aylarından daha çox payızın sonunda və qışda olur.
Gəncə şəhərindən başlayaraq, kartofun əsas istehsalçı rayonlarından olan Şəmkir, Tovuz, Gədəbəy və Qazaxda da bu qida bitkisinin ən azı ötən illə müqayisədə qiymətinin xeyli yüksəldiyi müşahidə olunur. Doğrudur, paytaxta baxanda buralarda onu bir qədər ucuz almaq mümkündür, amma kartofun 1 kilosu üçün Şəmkir və Gəncədə 1 - 1,2 manat, Tovuzda və Qazaxda 80 - 90 qəpik bu tərəflər üçün son illərin rekord qiyməti sayıla bilər.
Bəs bu bahalanmanın səbəbləri nədir? Şübhəsiz, istehsal, daşınma və yanacaq məsrəflərinin yüksəlməsi də burada rol oynayır. Amma necə deyərlər, bir o qədər də yox... Əsas səbəbi elə kartofu əkib-becərənlərlə söhbətdən asanca anlamaq olar.
Onlardan birinin sözlərinə görə, özü də kartof istehsalçısıdır. Amma əkib-becərdiyi kartof məhsulunu elə yetişən vaxt, iyul ayında satıb-qurtarıb. Özü də kiloqramı 20 qəpiyə. Qarşısındakı malı isə... təəccüblənməyin, topdansatanlardan alıb. Əlbəttə ki, artıq xeyli baha qiymətlərlə. ”Mən 3-4 hektar sahədə kartof əkib, yayda “bir yerdən” satmışam. Bilirsiniz, adamın min cür dərdi-problemi olur. Ona görə də məhsulu torpaqdan çıxarandan sonra mənə “götürücülər” tərəfindən təklif olunan qiymətlə razılaşmalı oldum. Halbuki, indi qiymət ən azı 3 - 4 dəfə bahadır. Məni kimi, tanıdığım bütün kartofəkənlər də bu cür hərəkət etməli olurlar. Axı bizim məhsulu saxlamaq imkanımız yoxdur. Məhsul özümüzdə qalsaydı, qiymətlər bu qədər yüksək olmazdı. Bax, indi də dolanışıq üçün yenidən kartof alıb, qabağımıza qoymuşuq ki, satıb, qəpik-quruş sahibi olaq. Bəlkə də elə bu, mənim yayda verdiyim öz kartofumdu. Beləcə, şərait biz kartof istehsalçısılarını “kartof alverçisi”nə çevrirdi” - o deyib.
Beləliklə, aydın olur ki, kartofun qiymətinin yüksəlməsi istehsalçıların istəyi ilə baş verməyib. Həmçinin regionda kartof istehsalı da azalmayıb. Üstəlik, regionda kartofçuluğun inkişafı üçün fermerlərin istər yerli, istər də gətirilmə sortlarla təmin edilməsi üçün toxumçuluq təcrübə stansiyası da var.
Bu faktorlar, eləcə də dövlətin fermerlərə digər yardım proqramları onu deməyə əsas verir ki, onlar kartof istehsalını azaltmaq fikrində də deyillər. Sadəcə, onların məhsulu satış üçün əlverişli mövsümlərədək saxlamaq imkanları məhdud olduğundan, belə çıxır ki, dövlətin fermerlərə qayğısından istehsalçıdan çox, arada cəld tərpənərək məhsulu onlardan alan işbazlar fayda görürlər.Beləliklə, qida rasionumuzun əsas hissəsini təşkil edən kartofun başına gələn əhvalatlar bir qədər aydınlaşır: Məhsulu uçuz vaxtı fermerin əlindən çıxararaq, qışda yüksək qiymətə təklif etmək. Bu isə açıq desək və iqtisadi terminlə ifadə etsək, inhisarçılıq təzahürləridir.
İşbaz və pullu dairələrin maliyyə və texniki imkanları geniş olduğundan onlar hətta kommersiya riskinə belə baxmadan artıq kartof bazarında da öz izlərini qoymağa başlayıblar.Kartofun qiymətindəki artıma gətirib çıxaran səbəblər digər kənd təsərrüfatı məhsullarının da bahalaşmasını şərtləndirən əsas məqamlardır. İndi əksəriyyəti düşündürən yeni kənd təsərrüfatı naziri Heydər Əsədovun bu cür anormal situasiyanı aradan qaldırmaq istiqamətində hansısa addımlar atıb-atmayacağıdır. Belə addımlarla nazir, heç şübhəsiz monopolistlərə savaş açmış olacaq; həmin monopolistlərin isə əksərən müxtəlif məmurların himayəsi altında olduğunu nəzərə alsaq, kənd təsərrüfatı nazirinin bu cür yol seçməsi bir o qədər real görünmür.Amma Heydər Əsədov onu da unutmamalıdır ki, məhz özündən əvvəlki nazirin bu istiqamətdə nümayiş etdirdiyi zəiflik, dişsizlik ucbatından ölkədə aqrar sektorun real və davamlı inkişafını təmin etmək nəinki mümkün olmadı, hətta çoxluq Azərbaycanda kənd təsərrüfatının faktiki olaraq məhv edildiyindən danışmağa başladılar.Eyni qınaqlarla yeni nazir üzləşmək istəmirsə, kənd təsərrüfatındakı inhisarçı çevrələrlə mübarizəyə start verməlidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53