Şahin Mustafayevlə Ramiz Həsənov niyə hərəkətə keçmirlər?
11:40 08-03-2014
İQTİSADİYYAT
Şahin Mustafayevlə Ramiz Həsənov niyə hərəkətə keçmirlər?
İki məmurun rəhbərlik etdiyi qurumlar vətəndaşları aldadan reklamlara qarşı tədbirlər görmür
Azərbaycanda aldadıcı reklamlar geniş yayılıb və onların qarşısı təcili alınmalıdır. Ekspertlər əlaqədar qurumların bu istiqamətdə təxirə salınmaz addımlar atmasını istəyirlər. Baxmayaraq ki, belə qurumlara bu cür çağırışlar mütəmadi səsləndirilir, amma açıq etiraf etmək lazımdır ki, onların haqqında danışılan problemə reaksiyası ürəkaçan deyil.
Məsələn, bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı danışarkən deyib ki, qanunvericiliyə görə, tütün məhsullarının reklamı qadağan edilsə də, buna əməl edilmədiyinin şahidi olmuşuq: «belə ki, Heydər Əliyev adına hava limanında “Slims” siqaretləri reklamı yerləşdirilən lövhə asılıb. Digər bir problem spirtli içki reklamı ilə bağlıdır. 2010-cu ildə Müqəddəs Ramazan ayında Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Rusiya araqlarının
reklamına rast gəlmişdik və onların yığışdırılmasına nail olduq”.
Ekspert hazırda aldadıcı reklamların insanları daha çox narahat etdiyini və bununla mübarizənin daha da gücləndirilməsinin vacib olduğunu açıqladı: “Mən Səhiyyə və İqtisadi İnkişaf Nazirliklərinə və həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məktub yazmışam. Araşdırmamıza görə, paytaxtın 6 müxtəlif yerində “İvanovka” mal nişanı ilə məhsul istehsal edirlər və satışını həyata keçirirlər. Əslində isə onların bu marka ilə heç bir əlaqəsi yoxdur. Tezliklə bu aldadıcı reklamların qarşısı alınmalıdır”.
Ekspert hesab edir ki, istehsal olunan məhsulların üzərində tarixlərin göstərilməsi ilə bağlı da problemlər var: “Qarşımda “Fermerskaya smetana” məhsullarından nümunələr var. Qablaşdırmanın üzərində yalnız istifadə üçün son tarix yazılıb. İstehsal tarixi isə göstərilməyib. Bu, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir”.QHT rəhbəri istehlakçıların hər gün endirim kampaniyaları ilə bağlı reklamlara rast gəldiyini, amma əksər hallarda real qiymətlərin göstərilənlərdən qat-qat baha olduğunu deyir: “Hazırda bankların aşağı faizli kredit vermələri və geyim mağazalarında isə endirim kompaniyaları ilə bağlı reklamlar gedir. Amma əksər hallarda bu müəssisələrə müraciət edən müştərilər məyus olurlar”.Xatırladaq ki, “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbinə əsasən orta məktəblər, universitetlər, uşaq bağçaları və başqa bu tipli
müəssisələrin 100 metr yaxınlığına qədər heç bir reklam yerləşdirilə bilməz. Həmin qanunun tələb ilə isə siqaret və digər tütün məhsullarının reklam edilməsi qəti qadağandır.İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi müxtəlif təminatlar nəzərdə tutur. Belə ki, bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500 manatdan 2 min manatadək, hüquqi şəxslərə isə 4 min manatdan 5 min manatadək inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulur.İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə nəinki malın xidməti ölçüsü, çəkisi hesabına istehlak xüsusiyyətləri, hətta keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir. Həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3 min manat miqdarında cərimə sanksiyası tətbiq edilir.Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən istehlakçını xeyli miqdarda - 40 manatdan 500 manatadək - aldatma 3 mindən 5 min manatadək cərimə, yaxud 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır. Təkrar törədilərsə, yaxud 500 manatdan yuxarı ziyan vurmaqla törədilərsə, 5 mindən 7 min manatadək cərimə, yaxud 2 ilədək müddətə vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cəzalandırılır.Aldadıcı reklamlarla bağlı mübarizəni isə əsasən iki qurumun - Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparmalıdır. Bu
qurumlardan problemin qarşısının alınması üçün gərəkən addımların atılmamasının əsas səbəbi isə əksər aldadıcı reklamların arxasında bir çox oliqarx-məmurların biznes maraqlarının dayanması göstərilir.
Əgər belə deyilsə, o zaman həm Mustafayevin nazirliyi, həm də Həsənovun komitəsi aldadıcı reklamların baş alıb getməsinin və onların qarşısının alınmamasının əsl səbəbini mətbuata və cəmiyyətə açıqlamalıdırlar.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53