Tağı Əhmədovun bazarı bağlandı
10:29 12-03-2014
İQTİSADİYYAT
Tağı Əhmədovun bazarı bağlandı
Zaur Hüseynov keçmiş rəisin qohumlarının zərərsizləşdirilməsi işinə start verdi, gərginlik pik həddə....
Dünən daha bir etiraz aksiyasının şahidi olduq. Belə ki, Bakı Metropoliteninə daxil olan stansiyalardakı ticarət köşklərinin yığışdırılması ilə bağlı verilən qərar kütləvi etirazlarla müşahidə olundu. Şifahi şəkildə verilən ilkin qərar stansiya rəisləri tərəfindən metroda ticarət köşklərini işlədən sahibkarlara səhər saatlarında çatdırılıb. Metropolitenin yeni rəisinin bu qərarına ticarət köşklərinin sahiblərinin reaksiyası isə özünü gecikdirməyib. Bakı Metropoliteninin binası önünə toplaşan yüzlərlə sahibkar rəis Zaur Hüseynovdan məsələyə aydınlıq gətirməsini tələb etdilər. Əraziyə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin əməkdaşları ilə qarşıdurma şəraitində keçən, bir neçə nəfərin həbsinə səbəb olan bu aksiya isə həm də başqa mətləblərdən xəbər verməkdədir.
Məlum olduğu kimi, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mir Tofiq oğlu Hüseynovdur. Bu sərəncamla da Tağı Əhmədovun Bakı Metropolitenindəki 15 illik hakimiyyətinə son qoyulmuş oldu. Bu dəyişiklik isə cəmiyyət tərəfindən müsbət qarşılandı, çünki hər kəsə bəllidir ki, Tağı Əhmədov metronu feodal qaydalarla idarə edirdi və onun rəisliyi dövründə hər hansı ciddi irəliləyişə nail olunmayıb. Əhali metropolitenin xidmətindən həmişə narazı olub. Metrodakı basabas, əhalinin şəhərdə çox olduğu, işə gəlib-getdiyi vaxtlarda həmçinin enerjiyə qənaət etmək məqsədi ilə qatarların stansiyalara gəlişi intervalının bilərəkdən uzadılması həmişə müzakirə obyekti olub. İntervalın uzadılması ilə yanaşı Bakı metropoliteninin digər problemi də qatar sayı və stansiyalardır. Metropoliten rəhbərliyi isə bu mövzuya həmişə birmənalı münasibət bildirib :”Relslərin gücü çatmır”. Sadalanan və sadalanmayan bu problemlər isə Tağı Əhmədovun vəzifədən alınmasıyla nəticələndi. Amma metropolitenin keçmiş rəisi bununla barışmaq niyyətində deyil və var gücü ilə metropolitenə təsir imkanlarını qoruyub saxlamağa çalışır.
Bu günlərdə həmin iddiasını aşkar şəkildə ortaya qoyan Tağı Əhmədov nəinki getməyə hazırlaşmadığını, hətta yeni vəzifə gözlədiyini bəyan edib. O, verdiyi açıqlamasında Bakı metropoliteninə rəis müavini vəzifəsində gözü olduğunu gizlətməyib:
” Metropolitenin nizamnaməsi qəbul olunmalıdı. Sərəncamda da yazılıb ki, nizamnamə iki ay ərzində hazırlansın.Bu nizamnamə hazır olduqdan sonra, metronun rəis müavinləri də, digər işçilər də yenidən ştata düşəcəklər.Metronun rəis müavinlərinin təyin olunması isə prezidentin səlahiyyətinə daxildir. Bu proseslərdən sonra mən müavin təyin oluna bilərəm”. Onun bütün mümkün vasitələrlə Bakı Metropolitenindən ayrılmaq istəməməsi isə səbəbsiz deyil. Belə ki, “yeraltı dünya”da özü və yaxınları üçün çox böyük biznes səltənəti qurmuş Tağı Əhmədov onları əldən vermək istəmir. Vəzifəsinin əlindən alınmasının ardınca sahib olduğu həmin biznes strukturlarının da əlindən çıxması Tağı Əhmədovun əsl məğlubiyyəti sayıla bilər. Görünən isə odur ki, keçmiş metro şefi belə bir perspektivi nəinki qəbul etmir, əskinə mövqelərini qorumaq üçün yeni rəislə “nüfuz savaşı”na start verib.
“Unikal”ı məlumatlandıran mənbənin sözlərinə görə, metropolitendə vəzifədə və biznes strukturlarında olan yaxın qohumlarını qorumağı bir nömrəli vəzifəsi hesab edən Tağı Əhmədov elə ilk gündən bunun asan olmayacağının şahidi olub. Belə ki, Bakı Metropoliteninin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı Əhmədovun köməkçisi olub. Bundan başqa, Tağı Əhmədovun Bakı Metropolitenində metro sahəsi üzrə ixtisaslı kadr olmayan, amma müxtəlif vəzifələr tutan bir neçə qohumu da işdən kənarlaşdırılanlar arasındadır.
"Bakı Metropoliteni"nin baş mühəndisi Fuad Tağızadənin də işdən çıxarılacağı barədə məlumatlar var. Bildirilir ki, yeni rəis onunla işləməyəcəyi barədə xəbərdarlıq edib. Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəisi və Tağı Əhmədovun qaynı Arif Rəsulovun da yeni rəisin hədəfində olduğu bildirilir. Ümumiyyətlə isə iki aydan sonra, yəni Bakı Metropoliteninin yeni əsasnaməsi təsdiqləndikdən sonra Tağı Əhmədovun adamlarının kütləvi şəkildə “vurulacağı” gözlənilir.
Bundan başqa, yeni rəis Tağı Əhmədovun metro keçidlərindəki ticarətə nəzarət imkanlarını da tamamilə onun əlindən almağa qərar verib. Eyni zamanda yeraltı keçidlərdəki ticarət işlərinə nəzarətdə Tağı Əhmədova yardım edən və ona çox yaxın şəxs hesab olunan Rəsul adlı şəxs bu sahədən kənarlaşdırılıb. Bu isə Tağı Əhmədova olduqca böyük zərbə hesab olunmalıdır. Dünən sökülməsinə qərar verilən obyektlərin əksəriyyətinin keçmiş rəis Tağı Əhmədovun qohumlarına məxsusluğu da baş verənlərin tərəflər arasındakı “nüfuz savaşı” olması ehtimalını təsdiqləyir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20