Nəsib Məhəməliyev Nəsimi rayonunu qarış-qarış satır
10:30 12-03-2014
İQTİSADİYYAT
Nəsib Məhəməliyev Nəsimi rayonunu qarış-qarış satır
RİH başçısı qanunsuz tikililərə “yaşıl işıq” yandırıb: təcili tibbi yardım maşınları bu səbəbdən əraziyə gələrkən problemlərlə qarşılaşır
Paytaxt Bakının ayrı-ayrı rayonlarında məmur özbaşınalığı və qanunsuzluqları ilə bağlı şikayətlər yetərincədir. Qanunsuz tikililərə rəvac verilməsi, yaşıllıqların qırılması, vətəndaşların mülkiyyət hüquqlarının pozulması və s. problemlərlə bağlı şikayətlər isə daha aktualdır. Fəaliyyətindən daha çox şikayət edilən paytaxt rayonlarından biri isə Nəsimi rayonudur. Adıçəkilən rayonda baş verən qanunsuzluqların miqyası artıq elə bir həddədir ki, müvafiq dövlət qurumlarının təcili olaraq baş verənlərə müdaxilə etməsini labüd edib. Nəsimi rayonunda müşahidə olunan ən ciddi problem isə binaların birinci mərtəbələrinin qanunsuz olaraq artırılması və həmin yerdən ticarət obyekti kimi istifadə edilməsidir.
Qabağa çıxan eyvanlar
icra başçısının
gəlir mənbəyidir
“Unikal” qəzetinin əməkdaşı rayon ərazisində müşahidə apararkən şahidi olub ki, əsasən rayonun ticarət üçün əlverişli olan ərazilərindəki binaların birinci mərtəbəsindəki evlərin eyvanları sonradan artırılıb. Artırılan həmin eyvanlar isə sonradan ticarət obyektləri kimi fəaliyyət göstərir. Əməkdaşımız bu kimi ticarət obyektlərinin hansı qanunlara uyğun olaraq fəaliyyət göstərdiyini araşdırarkən isə ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, həmin “artırma əməliyyatı” demək olar ki, heç bir qaydaya və qanuna uyğun deyil. Bu sadəcə olaraq Nəsimi RİH başçısı Nəsib Məhəməliyevin əlavə gəlir qaynaqlarından biridir. Mexanizm isə olduqca sadədir: Eyvanını artırmaq istəyən şəxs Nəsimi RİH-in müvafiq şöbəsinə müraciət edir, problem “azərbaycansayağı” qaydalarla həll olunduqdan sonra prosesin ikinci mərhələsi başlayır. İndi vətəndaş artırılmış həmin eyvandan küçəyə çıxış açmaq və buranı ticarət obyekti kimi işlətmək istəyirsə yenidən RİH-in müvafiq qurumlarına müraciət etməlidir. Aydın məsələdir ki, bu məsələdə eyni qaydada həllini tapır və bu əməliyyat ümumilikdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevə milyonlar qazandırır. Bunun əziyyətini isə sıravi rayon sakinləri çəkir.
Evlər “mühasirəyə alınıb”, təcili tibbi yardım saatlarla ləngiməli olur
Məlumat üçün bildirək ki, Nəsib Məhəməliyev Nəsimi rayonuna 2006-cı ildən rəhbərlik edir və demək olar ki, 8 ildir ki, bu əməliyyatlar davam etdirilir. Nəticədə rayonun arxitektur mənzərəsi mənfi mənada dəyişib ki, bu da inkişaf etməkdə olan paytaxtın ümumi panoraması ilə tərs mütənasiblik təşkil edir. Xatırladaq ki, bununla bağlı rayon sakinləri dəfələrlə həm mətbuata, həm də müvafiq dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlasalar da bütün bunların nəzərəçarpacaq faydası olmayıb. Hər halda görünən odur ki, Nəsib Məhəməliyev bütün şikayətlərə və mətbuatın yazdıqlarına rəğmən bu gün də özünün ənənəvi iş metodu ilə fəaliyyətinə davam etməkdədir.
Bu gün rayonda aktual olan problemlərdən biri isə inşa edilən qanunsuz tikililər ucbatından yolların daralması və avtomobillərin hərəkəti üçün gediş-gəlişin çətinləşməsidir. Bununla bağlı əməkdaşımıza gileylənən rayon sakinləri bildirib ki, artıq vəziyyət o dərəcədə dözülməzdir ki,bununla bağlı ölkə rəhbərliyinə müraciət etməyi də planlaşdırıblar: “Kim harda kefi nə istəyirsə tikir. Bu tikililərin hansı əsasla aparıldığını soruşduqda isə cavabları bu olur ki, icra hakimiyyətindən razılıq almışıq. Başa düşmək olmur, Nəsimi RİH sakinlərin maraqlarının müdafiəçisidir, yoxsa biznesmenlərin? Demək olar ki, binalar ticarət obyektləri tərəfindən “mühasirəyə alınıb”, evdə bir xəstəmiz olanda yolların daralması ucbatından təcili tibbi yardım maşınları 5 dəqiqəlik yolu 2 saata gəlir. Yaxşı, hansısa xəstə bu səbəbdən dünyasını dəyişsə bunun günahı kimdə olacaq? Allah eləməsin, belə bir hal baş versə Nəsimi RİH-in başbilənləri hansı açıqlamanı verəcəklər?”
Özünə və yaxınlarına
biznes quran icra başçısı
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin isə bu kimi suallara cavab verməyə vaxtı belə yoxdur. İcra başçısı olduğu rayonda illərdir təyinatı üzrə çalışmaq əvəzinə, özünün tikinti biznesini çiçəkləndirməklə məşğul olan icra başçısı eyni zamanda yaxınlarına da biznes qurmağı bacarıb. Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı qardaşı vasitəsilə böyük qızıl biznesi qurub. Eyni zamanda onların rayon ərazisində onlarla ticarət və iaşə obyektlərinin fəaliyyət göstərdiyi bildirilir.
Bundan başqa icra başçısı əsasən Nəsimi rayonu ərazisində iki-üç mərtəbəli binaların inşası ilə məşğul olub. N.Məhəməliyevin qardaşının rəhbərliyi ilə tikilən bu binalar məhəllələrdə xəlvətcə və qanunsuz tikilib.
Apardığımız müşahidələr göstərdi ki, hazırda rayonun əksər hissələrində ağaclara qarşı amansız mövqe nümayiş olunur ki, bu işin də başında məhz icra başçısı dayanır. Onun qanunsuz fəaliyyəti və vəzifəsinə yetərincə məsuliyyət göstərməməsi nəticəsində hazırda ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır. Yaşıllıq sahələrinin səhralaşdırılması mexanizmi isə çox sadədir. Belə ki, ağacları gecə saatlarında kəsib ertəsi gün yerində obyektin təməlini qoyurlar. Rayonun biznes üçün uyğun olan ərazilərində bir sot torpağın qiyməti 30-40 min manat arasında dəyişir. Başqa sözlə, icra başçısı torpaqları qarış-qarış sataraq özünə sərvət yığır.
Bu istiqamətdə araşdırmalarımız davam edir, çalışacağıq ki, növbəti saylarımızda icra başçısının nəzarətində olan onlarla obyektin siyahısını və digər şok maliyyə maxinasiyalarını da diqqətinizə çatdıraq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53