Oqtay Şirəliyev cəzalandırma əməliyyatına start verəcəkmi?
10:31 12-03-2014
CƏMİYYƏT
Oqtay Şirəliyev cəzalandırma əməliyyatına start verəcəkmi?
Bütün ölkəni silkələyən yeni "həkim terroru" cavabsız qala bilməz
Müalicəsi üçün gənclərin vəsait toplayıb Türkiyəyə göndərdiyi 17 yaşlı Nərmin Hüseynlinin ölüm xəbəri ölkəni yasa boğdu. Bu, eyni zamanda Azərbaycan səhiyyəsinin bərbad vəziyyətini sübut etməyə kifayət etdi.
Səhv diaqnoz nəticəsində qalxanvari vəzindən əməliyyat olunan Nərminin xərçəng xəstəliyinə tutulmasını ancaq İran həkimləri müəyyən edə bildi. Həkim səhlənkarlığının nə ilk, nə də sonuncu qurbanı olan N. Hüseynli bu gün dəfn edilsə də, onun ölümündə əli olanlardan kiminsə məsuliyyətə cəlb ediləcəyi inandırıcı görünmür. Həkim səhlənkarlığının qurbanı olan 17 yaşlı gənc qıza və ailəsinə qanun heç bir maddi, mənəvi təzminat nəzərdə tutmur.
Hüquqşünaslar Azərbaycanda ümumiyyətlə belə bir təcrübənin olmadığını deyirlər, onların sözlərinə görə, Konstitusiyada da həkim səhlənkarlığının qurbanı olan insanlara hansısa təzminat, mənəvi və ya maddi yardım nəzərdə tutacaq maddə yoxdur. Belə hallarda dövlət ancaq ölən şəxsin dəfn xərclərini qarşılayır. Ancaq bu da bəzi hallarda mümkündür. Əgər ailə sübut etsə ki, həqiqətən də ölən və ya şikəst qalan şəxs həkim səhlənkarlığının qurbanıdır, bu halda həkimi məhkəməyə verə, təzminat tələb edə bilər. Ancaq digər hallarda qanunla zərərçəkən ailəyə heç bir maddi və ya mənəvi təzminat nəzərdə tutulmur. Yalnız konstitusiyanın 142-ci maddəsinə görə, həkim xəstəyə yardım etməkdən imtina etdiyi təqdirdə cəzalandırıla bilər.
Beynəlxalq təcrübədən danışan hüquqşünasların rəyinə görə isə, Avropada dövlət zərərçəkən ailənin istənilən halda bütün hüquqlarını qorumağı öhdəsinə götürür. Pasiyent həkimin müalicə, müayinəsindən narazı olduğu halda belə, onu məhkəməyə verə bilər. Hətta beynəlxalq təcrübəyə görə, həkim cinayət məsuliyyətinə də cəlb edilə bilər. Bizdə hələ ki, belə bir praktika yoxdur. Vətəndaş həkim məsuliyyətsizliyinin qurbanı olduğunu sübut edə bilmir. Subut etsə belə, çox az həkim cəzalandırılır. Halbuki bu tip faktlar çoxdur".
Tibbi ekspertlərin sözlərinə görə, bu tip ölüm hallarında tibbi-ekspertiza ən doğru yoldur. Onlar hesab edirlər ki, təqsirləndirilən həkimin peşə fəaliyyətinə son qoyulmalıdır. Ancaq bizdə tibbi-ekspertizadan öncə hüquq mühafizə orqanlarına müraciət edirlər. Ekspertiza o qənaətə gəlsə ki, şəxs həqiqətən də həkim səhlənkarlığının qurbanı olub, bu halda həmin həkim cəzalanmalıdır. Belə həkimlərə cinayət işi açmaqla məsələ həll olunmur. Ümumiyyətlə, həkimin peşə fəaliyyətinə son qoyulmalıdır. Həkim kimi fəaliyyəti qadağan edilməlidir.
Ekspertlər bildirirlər ki, Avropa ölkələrində dövlət savadına, qabiliyyətinə etibar etdiyi həkimlərə tibb diplomu verir. Almaniyada tibb təhsili olan birinə diplom verilirsə, həmin həkim 10-15 il müddətində dövlət tərəfindən ona verilən diplom sayəsində fəaliyyət göstərə bilər. Bu diplom dövlətin həkimə verdiyi etibarnamədir. Almaniyada istənilən xəstənin müalicəsi kliniki protokollarla həyata keçirilir. Əgər müayinə zamanı əlavə xəstəlik, narahatçılıq ortaya çıxırsa həkim xəstəni lazımi yerə yönləndirir. Səhv diaqnoz qoyan həkim buna məhkəmə qarşısında cavab verməli olur. Azərbaycanda baş verən bu tip problemlərin qarşısını həkimlərə sərt cəzalar verməklə həll etməyə çalışırlar. Milli Məclis hər dəfə cəzaları sərtləşdirir, cərimələri artırır. Bu, həll yolu deyil. Tibbi təhsili çox aşağı olan, bəzən hətta bu haqda anlayışı olmayan insanlara tibb işçisi işləməyə imkan vermək olmaz. Buna nəzarət etmək lazımdır.
İndi çoxlarını düşündürən məqam isə səhiyyə naziri Oqtay Şirəliyevin artıq get-gedə adiləşən, ailələrə faciə gətirməyə davam edən həkim səhlənkarlıqları, səhvləri barədə həlledici addımlar atıb-atmayacağıdır. Şirəliyevdən bununla bağlı gözlənti çoxdan var, amma təəssüf ki, onun nazirliyi durumu elə təqdim edir ki, sanki narahatlıq üçün əsas yoxdur.
Səhiyyə Nazirliyi artıq cavabdeh olduğu sahənin adının Azərbaycanda həkim xətaları, səhv diaqnozlar, faciəli ölümlərlə assosiasiya edilməsinin önünə keçməlidir. Əks halda yaşananlar nazirliyin başında oturanların kreslolarını laxlatmağa qədər davam edəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49