Suraxanı rayon icra hakimiyyətinə rüşvət ittihamı
10:32 12-03-2014
CƏMİYYƏT
Suraxanı rayon icra
hakimiyyətinə rüşvət ittihamı
Rayon rəhbərliyi qanunsuz hərəkət etməkdə günahlandırılır
"Martın 6-da gəldilər. Qapıları bağlamışdıq ki, içəri daxil ola bilməsinlər. Dəmir qapını bir anda sındırıb atdılar kənara. Sonra da bizi tökdülər çölə. Gözümüzün qarşısında traktorları salıb evimizi şumladılar. "Şokdayıq". Bunu "Azadlıq" radiosunun "qaynar xətt"inə Arif Babayev şikayətində bildirib.
Şikayətçi deyib ki, həmin vaxtadək Hövsan qəsəbəsindəki Dənizkənarı küçəsində yaşayıb. İndi konkret yaşayış ünvanı yoxdur. Çünki Suraxanı rayon icra hakimiyyətinin işçiləri onun evini söküb: "Bir otaqlı ev tikmişdim. 2 min pul boyun olmuşdum. Elə oldu ki, pulu verə bilmədim. Hədələdilər ki, pulu verməsən, evini sökəcəyik. Həmin vaxt ora-bura şikayət yazdım ki, məndən rüşvət istəyirlər, evimi sökməklə hədələyirlər. Hara şikayət yazırdımsa, qayıdıb icra hakimiyyətinə gəlirdi. Həmin vaxt dəyib dolaşmadılar".
Arif Babayev deyir, yazıb-pozandan sonra bir müddət sakitlik olub. Daha qapısına gələn, narahat edən yox imiş. Martın 6-da qəflətən qapı döyülüb: "Qəsəbə nümayəndəsi, bir də yanlarında pulyığanlar gəlmişdi. Hansı ki, sən torpaqda tikirsən, onlara pul verirsən, üzlərini o tərəfə çevirirlər ki, guya görmürlər. İcra hakimiyyətinin işçiləridir. Özüm işsizəm, yoldaşım analıq məzuniyyətindədir. 2 yaşı tamam olmayan bir qızım da var. Gəlir yerimiz yoxdur. Zorla bir otağı tikib sığınmışdıq. Əvvəllər arxayın edirdim ki, istədikləri pulu tapıb verəcəm. Ona görə də sökmürdülər. Sonra bildirdim ki, əl çəkin, yoxumdur. Onda hədələməyə başladılar, mən də ora-bura yazdım, əl çəkdilər. Sən demə, mən elə bilmişəm əl çəkiblər, ancaq məqam gözləyirlərmiş. Şikayət söhbəti köhnələn kimi şığıdılar üstümüzə. İnanın ki, küçələrdə qaldıq".
Suraxanı rayon İcra Hakimiyyətindən deyirlər ki, Arif Babayev torpağı zəbt edib, qanunsuz ev tikib. Ona dəfələrlə xəbərdarlıq olunsa da, zəbt etdiyi torpağı boşaltmayıb. Martın 6-da icra hakimiyyəti özü "əncam çəkməli" olub.
Arif Babayevsə razılaşmır. Deyir, icra hakimiyyəti evini məhkəmə qərarı olmadan söküb.
Şikayətçi onu da bildirib ki, bir neçə il əvvəl valideynlərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılıb. Ancaq kanalizasiya suları axıdılan iri qovşağa yaxın olduğuna görə həmin torpaqdan istifadə edə bilməyiblər. İcra hakimiyyəti söz verib ki, onları başqa yerdə torpaqla təmin edəcək. Ancaq sonradan boş torpaq sahəsi olmadığını səbəb gətirərək torpaq ayırmaqdan imtina edib.
Hüquqşünas rəyinə görə isə icra hakimiyyətinin hərəkətləri qanunsuz olub. "Əvvəla, hansısa ərazidə daşı-daş üstə qoyan kimi icra hakimiyyətindən tutmuş sahə müvəkkilinə qədər hamı tökülüşüb gəlir. Təbii ki, əgər 2 il əvvəl icra hakimiyyəti o boyda ev tikintisinə göz yumubsa, burada məqsəd olub. O ki qaldı söküntüyə, istənilən qanunsuz tikili yalnız məhkəmə qərarı ilə sökülə bilər" - hüquqşünas Namizəd Səfərov bildirib.
Hüquqşünasın sözlərinə görə, ölkə başçısı 2 il əvvəl qanunsuz tikililərin sənədləşdirilməsi üçün göstəriş verib. Arif Babayevin tikdiyi ev mühafizə zolağına düşmürdüsə, yerli icra hakimiyyəti onu sökə bilməzdi. O, Arif Babayevə məsləhət görüb ki, dəymiş zərərə görə yerli icra hakimiyyətini məhkəməyə versin.
Aliyə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49