Bizi kitab nəşr etdiyimiz üçün mühakimə edirlər
10:36 12-03-2014
CƏMİYYƏT
Bizi kitab nəşr etdiyimiz üçün mühakimə edirlər
Şahbaz Xuduoğlu: "Sabir Rüstəmxanlı ilə problemləri var, onunla çözsünlər, mənim burda nə işim var?"
Mətbuatdan məlum olduğu kimi, Vergilər Nazirliyi "Qanun" Nəşriyyatını 150 min manat cərimələyib. Həqiqətənmi nəşriyyatda vergi ilə bağlı pozuntular olub, yoxsa nəşriyyatın maarifçi fəaliyyəti kimlərisə narahat edir?
Bu haqda sualları "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu cavablandırır.
- Şahbaz bəy, Vergilər Nazirliyi qapınızı döyəndən bəri, gözlənən idimi bu hadisələr?
- Doğrusu, bu, qapı döymək olmadı, qapını zorla, təpiklə açmaq oldu. Vergilər Nazirliyi bir dövlət orqanı kimi, bizdən sənədlərimizi istəsəydi, verərdik, yoxlamaq istəsəydi, yoxlamağa da imkan yaradardıq. Bunlar qapını təpiklə açıblar. 20 nəfər vergi işçisi içəri girib bütün sənədləri aparıblar. Rəsmi sənədlər, qeyri-rəsmi sənədləri, əl qeydlərini götürüblər, onların əsasında yoxlama qərarı çıxarıblar. Ümumilikdə "Qanun" nəşrlər evi 150 min manat cərimə edilib. Biz zorla sənədlərin götürülməsi faktı ilə bağlı İqtisad Məhkəməsinə müraciət etdik, məhkəmə işi yeddi dəfə araşdırdı və sonra bizim iddiaya baxmaqdan imtina etdi. Bu bir məhkəmə deyildi, sadəcə, hakim Vergilər Nazirliyinin təzyiqi altında məcbur olub bu qərarı qəbul etdi.
- Ötən ilin noyabrına qədər sizə Vergilər Nazirliyindən gələn olmuşdumu?
- Vergilər Nazirliyi bizə mütəmadi gəlir, onlarla problemimiz olmur. Amma hardasa bir ildən çox müddətdir ki, bizə belə şəkildə gəlməmişdilər. Adətən yoxlama gəlməzdən əvvəl bizə məktub yazırlar, gəlib lazım olan sənədlərin üzünü çıxardırlar və götürürlər. Amma bu dəfəki gəliş tam fərqliydi. Bu dəfə isə gəlib sənədlərin əslini aparıblar. Halbuki vergi müfəttişinin sənədin əslini götürməyə haqqı yoxdur. O, sənədin surətini götürə bilər, o zaman ki, sənədin surətini götürməklə bağlı əllərində məhkəmə qərarı olsun.
- Şahbaz bəy, bu 150 min manat cərimə ilə bağlı hansısa bir əsasları varmı?
- Onların göstərdiyi əsaslar boş və mənasızdır. Onlar bir tərcüməçini çağırıb soruşurlar ki, bu kitabı niyə tərcümə edibsən, yəqin əvəzində böyük miqdarda qonorarlar alıbsan, bu da deyib ki, nəşriyyat bunun müqabilində kitabımı nəşr edib. Biz kitabı necə qaldırdıq? Biri tərcüməsini gətirdi, biri könüllü redaktə etməyə razılıq verdi. Kitab nəşriyyatında nə qədər böyük dövriyyə var ki, nəşriyyata 150 min manat cərimə yüklənilir. Əgər biz dövlətin sifarişini yerinə yetirmiş olsaydıq və o icrada maliyyə yeyintiləri aşkar edilmiş olsaydı, o zaman istintaqa verərdiniz bizi. Bu, ktiab istintaqıdır, Azərbaycan yazarının istintaqıdır. Bu yalnız "Qanun" nəşriyyatının istintaqıdırsa onda niyə 100 nəfəri istintaqa çağırırsan? Niyə Vaqif Əlixanlını, Azər Abdullanı, Nəriman Əbdülrəhmanlını, Aysel Əlizadəni istintaqa çağırırsan, bunlar tərcüməçilər, yaradıcı insanlardır.
- Bəs bu 150 min manat cərimənin arxasında duran əsl səbəb nədir, sizcə?
- 150 min bizim üçün çıxarılmş ölüm hökmüdür. 150 min "Qanun"u batıran rəqəmdir. Bilərəkdən düşünülüb, tapılmış rəqəmdir. O cəriməni verməli olsaq "Qanun" batacaq. Məqsəd odur ki, kitab istehsal edən, kitab təbliğ edən, kitab yayan bir yeri sıradan çıxarsınlar. Amma niyə "Qanun"u sıradan çıxarırlar? Niyə 150 mindən baha olan saatları göstərən, bahalı maşınlarını göstərən nazir övladlarını çağırıb soruşmurlar ki, hardandır bu? Sən dövlət işində işləyən bir insanın oğlusan, hardandır bu səndə? Sən ki, nəşriyyat sahibi deyilsən. Onlar özləri üçün firavan həyat yaşayırlar, dövlət pulunu öz pulları kimi xərcləyirlər, onlara bir şey deyən yoxdur, amma "Qanun" nəşriyyatını əzirlər, sözün əsl mənasında sındırırlar. Hər gün səhər mənə zəng vurub 150 mini istəyirlər. Sadəcə, nəşriyyatı batırmaq istəyirlər, məqsəd budur. Bu özbaşınalıqdır. Siz bilirsiniz, aşağı səviyyəli məmurlar insanlarla necə rəftar edirlər? Bunlar harda yetişdirilib, mən anlaya bilmirəm. Bizi oxumayanlar mühakimə edirlər, bizi kitab nəşr etdiyimiz üçün mühakimə edirlər.
- Bu vergi cəriməsini siz sırf maliyyə məsələsi hesab edirsiniz, yoxsa kökü hansısa siyasi səbəblərdədir? Bəlkə qardaşınız Sabir Rüstəmxanlı ilə bağlı bir məsələdir?
- Sabir Rüstəmxanlı qırx ildir bu dövlətə xidmət edir. Mənim burda nə işim var? Sabir Rüstəmxanlı ilə problemləri var, onunla çözsünlər. Mən günə bir kitab çap edirəm, əlli nəfərə maaş verirəm. Kitab çap etməsəm, o maaşı verə bilmərəm, hələ bunların qonorarları qalsın bir tərəfə. Mən kitab satmalıyam ki, insanlara qonorar verə bilim. Mən kitab mədəniyyətinin inkişafına xidmət edirəm və bu xidməti şərəfli bir iş sayıram.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49