Azərbaycanlı uşaqları "ayı əlindən" necə qurtaraq?
10:43 12-03-2014
CƏMİYYƏT
Azərbaycanlı uşaqları "ayı əlindən" necə qurtaraq?
Ölkədə doğulan körpələrin 85 faizinin gələcəyini sual altına salan problem!
Dünyanın əksər inkişaf etmiş ölkələrində uşaq bağçalarında barmaq məşqi deyilən təlimlər keçirilir. Psixoloqların keçdiyi təlim zamanı uşaqların barmaq ucları ilə müxtəlif əşyaları, düymələri tanıması yoxlanılır. Qərb təcrübəsi göstərir ki, bu cür təlimlərdən keçməyən uşaqlar əqli inkişaf baxımından geri qalırlar, bəzilərində hətta nitq qüsuru yaranır.
Psixoloq Vəfa Əkbərin dediyinə görə, bu cür təlimdən keçməyən körpələrdə "ayı əli" sindromu müşahidə edilir. "Belə uşaqların əlləri tam qapanmır və kobud olur. Belə uşaqlarda, hətta danışıq problemi də olur",- deyə psixoloq bildirir.
Bu məsələ Sovet İttifaqı dövründə də gündəmdə olub və əksər sovet uşaq bağçalarında belə təlimlər keçirilib. Yəni bağçalarda psixoloqlar və ya tərbiyəçilər uşaqlarda beyni inkişaf etdirən müxtəlif barmaq məşqləri aparıblar. Lakin həmin dövrdə əsas diqqət Rusiyaya yönəldilirdi, digər respublikalarda, o cümlədən Azərbaycanda uşaq bağçalarının sayı yetərincə deyildi, bu da respublikada uşaqların xeyli hissəsinin məktəbəqədər təhsil müəssisələrindən kənara qalmasına səbəb olurdu. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının bir hissəsi bağçalara yerləşdiyindən hazırda bu göstərici minimuma enib. Bunun nəticəsidir ki, Rusiyada uşaqların 59%-i, inkişaf etmiş ölkələrdə isə 70-75%-i məktəbəqədər müəssisələrə getdiyi halda, Azərbaycan Təhsil Nazirliyinin verdiyi məlumata görə, respublika üzrə uşaqların yalnız 14,8%-i bağçadan keçir. Əksər kəndlərdə bağça yoxdur. Nazirliyin məlumatına görə, ölkə üzrə 1677 məktəbəqədər müəssisə var ki, bunun da 387-i Bakıda yerləşir. Regionların payına isə şəhərli-kəndli 1290 bağça düşür ki, ölkə üzrə yalnız kəndlərin sayı 4200-dən çoxdur. Yəni Azərbaycanda 3000-dən çox kənddə uşaq bağçası yoxdur.
Bu isə Azərbaycan cəmiyyəti üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. "Bağçaya getməyən uşaqlar daha çox eqoist olurlar. Keçmişdə Azərbaycan ailələrində uşaq sayı çox idi, qonşuya get-gəl var idi. Bu, uşaqların sosiallaşmasına imkan yaradırdı. Amma indi ailələrdə nadir hallarda 3 uşaq olur. 2 və ya 1 uşaqlı ailədə böyümüş insan paylaşmağı bacarmır. Hər şeyin özününkü olmasını istəyir, bütün dünyanın öz ətrafında fırlandığını düşünür. Belə uşaqlar məktəbə gedəndə konflikt yaradırlar. Dərs oxumağa maraqları olmur. Belə uşaqlar nəinki məktəb yoldaşlarına, həm də öz valideynlərinə qarşı aqressiv olurlar",- deyə Vəfa Əkbər bildirir.
Psixoloqun fikrincə, belə uşaqlar ailədən tədric olunurlar və nəticədə yeniyetmələr arasında geniş yayılmış qeyri-formal qruplaşmalara - emolara, satanistlərə, skinhedlərə və s. kimi aqressiv qruplaşmalara qoşulurlar. "Həmin qruplaşmalarda uşaqlara deyirlər ki, sizi heç kim başa düşmür, deməli siz bizdənsiz. Hətta belə bir şüarları var: "Əgər sizin fikirlərinizi mühakimə edirlərsə, deməli, siz bizdənsiz!". Tənha uşağı bu şüarlar cəlb edir, çünki onun belə sözlərə ehtiyacı var", - deyə Vəfa Əkbər bildirir.
Onun sözlərinə görə, çağdaş dünyada uşaqlar mütləq bağçalarda yetişməlidir: "Çünki bu, onlarda ünsiyyət, öz fikirlərini sərbəst ifadə etmək, qarşı tərəfi dinləmək mədəniyyəti yaradır. Bağçada uşaqlar fərqli tərbiyədə, fərqli dünya görüşlü olurlar. Bu da uşaqların özlərinin insan tipologiyası bölməsinə imkan yaradır. Onlarda müəyyən təcrübə yaranır və gələcəkdə onlar üçün ünsiyyət asanlaşır. Yəni özlərinə inam yaranır və addımlarını götür-qoy edə bilirlər",- deyə psixoloq Vəfa Əkbər vurğulayır.
Uşaq bağçalarının təhsilin effektivliyinə verdiyi dəstək də artıq çoxdan sübut edilib. Təsadüfi deyil ki, Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı məktəbəqədər təhsilə yönəldilən dövlət sərmayələrini xüsusilə səmərəli sayır. Qurumun araşdırmasına görə, təhsil pillələri içində məktəbəqədər təhsil hazırlığı ölkənin uzunmüddətli iqtisadi inkişafına daha çox müsbət səmərə verir. Məhz bu səbəbdəndir ki, Azərbaycan öz qarşısına uşaqların ən azı 90%-ni məktəbəqədər təhsilə cəlb etmək kimi bir öhdəlik qoyub. Ölkə qanunvericiliyində də bütün uşaqların məktəbəqədər təhsil hazırlığından keçməsi vacib sayılır.
Artıq hökumət səviyyəsində də bu istiqamətdə addımlar atılır və problemin ilk ciddi həlli paytaxt Bakıda nəzərdə tutulur. Bakı şəhər İH başçısı Hacıbala Abutalıbovun bildirdiyinə görə, Bakıda uşaqların yalnız 23 faizi bağçalarda təhsil ala bilirlər. Şəhər üzrə 158 minə yaxın uşaq məktəbəqədər təhsil imkanından məhrumdur. 387 bağçanın olduğu şəhərdə daha 1105 bağçanın da tikilməsinə ehtiyac var.
Yəni paytaxt üzrə uşaq bağçalarının sayının 3 dəfəyə qədər artırılması düşünülür ki, torpağın baha olduğu indiki zamanlarda bunu təmin etmək çox çətin görünür. Lakin İH başçısı bunun asan yolunu tapıb. Hacıbala Abutalıbovun sözlərinə görə, hazırda faktiki olaraq bağçaların həyətində toplam 1 - 1,5 hektar boş torpaq sahəsi var. "Burada yeni bağçalar tikmək mümkündür. Əgər bu bağçaları da tiksək, mövcud bağçalarla birlikdə uşaqların 70-75 faizə qədərini təmin etmiş olarıq. Qalır 25 faiz, bunu da yeni bağçalar tikməklə problemi həll edə bilərik",- deyə İH başçısı vurğulayır.
Təbii ki, bütün bunlar gerçəkləşdirilməsini gözləyən ciddi layihələrdir. Həmin layihələrin çin olması üçün böyük sərmayələrə və uzun zamana ehtiyac var. Yəni bu layihələrə, hətta gələn ildən başlanılsa belə, hələ bir neçə nəsil də bağçalardan kənarda böyüyəcək. Bu nəsillərin məhz Vəfa Əkbərin təsvir etdiyi emolar kimi böyüməməsi üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür. Psixologiya elminə görə, bağçaya getməyinə uşaqların valideynləri ev şəraitində özləri uşaqları "ayı əli" sindromundan xilas edə bilərlər. Valideynlər, məsələn, mətbəxdə düyü və mərciməyi bir-birinə qatıb, uşağa onları seçməyi məsləhət görə bilərlər. Onlar bu kimi tapşırıqları yerinə yetirməklə əqli cəhətdən xeyli inkişaf edə bilərlər. Yəni kasıbın olanından…
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49