Anna Axmatova - üç kralın xanımı
10:45 12-03-2014
CƏMİYYƏT
Anna Axmatova - üç kralın xanımı
Məşhur rus şairəsinin bilinən və bilinməyən eşqləri
Rus mədəniyyətində Anna Axmatova təxəllüsü ilə tanınan şairənin əsl soyadı Qorenkodur və özünün ilk şeirlərini də bu xanım öz qızlıq soyadı ilə çap etdirib. Lakin son dərəcə zabitəli bir adam olan atası öz soyadının ədəbi mühitdə hallanmasını yasaqladığı üçün Anna özünə başqa bir imza tapmağa məcbur qalır və bu məqsədlə ulu nənəsinin soyadını götürür. Beləliklə, "Anna Axmatova" imzası rus və dünya poeziya tarixinə düşür. Onun ilk şeirlərində çarəsizlik notları diqqəti çəkməkdədir, çünki cavan yaşda öləcəyinə özünü inandırıbmış.
Doğma bacılarından ikisi vərəm xəstəliyinə tutulubmuş və ötən əsrin əvvəllərində bu xəstəliyin müalicəsi imkansız imiş. Həqiqətən də, qısa müddətdə Annanın bacıları bir-birinin ardınca vəfat edir. Lakin taleyin əli Axmatovanın qara brilyantını nəinki qırır, əksinə, görünməmiş sərtlik bəxş etməklə yanaşı, ona misilsiz cilalar vurur.
"Gümüşü əsr"in təmsilçisi olan şair Nikolay Qumilyovla evlənməsi Annanın nəhs taleyin pəncəsindən qurtulmasında növbəti işarət sayıla bilər. Bu gənc qız tanınmış şairin gözünü-könlünü əfsunlamışdı. Qumilyov bütün varlığıyla bağlandığı bu xanımın sevgisini qazanmaq üçün əsl cəngavər kimi davranırdı.
Üstəlik, həmin dövrdə o, ən sevilən şairlərdən biri olmaqla, artıq Blokun da rəqibi sayılırdı. Afrikada ov etməyi sevən, antilopların, şirlərin və çaqqalların qəniminə çevrilən Qumilyov Annanın ayaqlarına qapanmağı özü üçün əsla əskiklik saymadığından nikahdan az sonra öz xanımını Peterburqun kübar aləminə təqdim etmişdi.
Ancaq görün, sonra nələr oldu. Az sonra Qumilyovu ikinci plana atan Axmatova şairlikdə Blokla özü yarışmağa başladı. Balerina fiqurasına və zadəgan davranışlarına malik bu Şərq gözəlinin təkrarsız obrazı o vaxtkı Peterburq ziyalılarının əksəriyyətini valeh eləmişdi.
Burnu xəfif donqar olan bu gözəlin portretini bir-birinin ardınca estet Altman, pravoslav kubisti Petrov-Vodkin, bir qadın kimi Annanın şöhrətinə qibtə edən Zinaida Serebryakova və formalizmin təmsilçisi Tışler kətana köçürmüşdü.
Axmatova isə bütün bunlara məhəl qoymadan sənət tacını başında gəzdirirdi. Annaya görə, söz-sənət mülkünün kraliçası, şairlər şairi, zövqlər kahini, kişilərin qəlbini ovlayan bir pəri olmaq sadəcə bir kişinin xanımı, bir ailənin anası, bir evin evdar qadını olmaqdan daha üstün idi. Odur ki, arvadını sitayiş obyektinə çevirən Qumilyov artıq özünü gülünc durumda hiss eləməkdəydi.
1910-cu ildə əriylə Parisə səfər edən Axmatova orada aşkar şəkildə rəssam Amadeo Modilyani ilə məhrəm münasibətlər qurur. Çox qısa sürən bu eşq macərasının izlərinə biz həmin rəssamın çevik əl hərəkətləriylə çəkdiyi və Annanın çılpaq halda təsvir olunduğu rəsmlərdə rast gəlirik.
Görünür, qadının hər cür qandaldan uzaq, sərbəst yaşamaq hüququnu dəstəklədiyi üçün Axmatova bilərəkdən öz nüfuzuna xələl gələ biləcəyindən zərrəcə ehtiyatlanmırdı. Həm də Ar-nuvo dönəmində bu cür davranışlar həm müasirliyin, həm də yüksək dəbin göstəricisi sayılırdı.
Təxminən əlli il sonra, Zoşşenko və Axmatovanın yaradıcılığı ilə bağlı partiyanın verəcəyi qərarda Annanın bioqrafiyasındakı bu macəraya istinad olunacaq, onun cəmiyyətdə özünü "gah rahibə, gah da fahişə" kimi aparması başına qaxılacaqdı.
1912-ci ildə oğlu Lev Qumilyovun dünyaya gəlməsi Anna üçün müəyyən problemlər yaradır. Sonralar oğlu (irsən elə anasından aldığı amansızlıqla) Anna Andreyevnanın günahlarını əfv eləmir, ictimaiyyət arasında onu "pis ana" adlandırır.
Qadının isə bununla razılaşmaqdan başqa çarəsi qalmır. Ruhu daim gərgin təbəddülatlar içində çırpınan bir şairin ömrünü gündəlik yaşantılara həsr eləməsi həmişə çətin olub. Elə buna görə də ömrünün sonlarına doğru Axmatova adi insanlara xas səmimi bağlara (nəvəsinin özünə bağlılığına, keçmiş rəfiqəsinin sədaqətinə və sair) yüksək dəyər verməyə başlayır.
1917-ci il inqilabı hər şeyi alt-üst eləyir. Xaos şəraitində yaşayan Peterburq ziyalılarının əksəriyyəti ölkədən qaçmağı uyğun bilir. Onların arasında Axmatovanın yeni məşuqu, rəssam və zabit Boris Antrep də olur. Lakin Axmatova Rusiyada qalmaq qərarına gəlir, inanır ki, vətənin taleyi ilə yaşamaq - şairin həm borcu, həm də alın yazısıdır.
O, əsla xoş ümidlər, şirin xəyallar qurmurdu, çünki dünənə qədər siyasi fəaliyyətinə görə sürgünlərdə can çürüdənlərin fürsət tapan kimi başqalarına necə divan tutacağını aşkar təxmin edirdi. Ancaq o, öz seçimini anlayaraq, şüurlu şəkildə etmişdi və bu barədə fikirlərini B.Antrepə yazdığı məktubda necə təsirli qələmə almışdısa, rəssam İrlandiyadakı bir kilsə üçün yaratdığı freskada (divar rəsmində - A.Y.) xaçpərəstlərin müqəddəs əzabkeşi Anna obrazını yaradarkən A.Axmatovanın üz cizgilərindən yararlanmışdı.
Nəhs gözləntilər isə artıq gerçəkləşməyə başlamışdı.
1918-ci ildə şairənin əri Nikolay Qumilyov əksinqilabçı ağqvardiya ilə işbirliyində təqsirləndirilərək həbsə atılır. Həyatdan dördəlli yapışmağı öz ləyaqətinə sığışdırmayan Qumilyov Peterburq Fövqəladə Komitəsində özünü çox sərbəst aparır və elə buna görə də üç həftədən sonra, həm də yoldaş Leninin şəxsi göstərişinə əsasən güllələnir. İnqilab rəhbərinin bu məsələyə birbaşa dəxlinin olması faktı isə son dövrdə öz təsdiqini tapıb. Beləcə, Annanın həyatındakı ilk kral qeybə qarışır.
Rusiyanın başının üstünü alan fəlakətin təsiriylə şairə iki misilsiz şeir kitabını ("Podorojnik" və "Anna Domini") yazıb, tamamlayır. Əvvəlki üç kitabı ("Axşam", "Təsbeh" və "Ağ sürü") ilə birlikdə bu beş şeir kitabı ilə Anna rus poeziyasının səmasında özünəməxsus bir kəhkəşan yaradır.
O dönəmdə Axmatovanın qəlbinə yeni eşqin cınqısı düşmüşdü. Qumilyovun güllələndiyi il o, görünməmiş istedad sahibi, 27 yaşlı peterburqlu şərqşünas və şair Vladimir Şileykoya ərə gedir.
Bugünkü geniş oxucu kütləsinə bu şəxsiyyətin adı-soyadı, təəssüf ki, tanış deyil. Halbuki hələ yeniyetməlik çağında V.Şileykonun assurologiya sahəsindəki tapıntıları İngiltərə və Fransanın nüfuzlu şərqşünaslarını heyrətə gətirirmiş.
Hələ 7 yaşında qədim yəhudi dilini öyrənməyə başlayan Şileyko öz qısa ömrünün sonuna doğru düz 62 dildə danışa bilirmiş!!! Yaşca Axmatovadan cavan olsa da, o, tezliklə xanımının mənəvi bələdçisinə çevrilir, hətta poetik ustalıqda da ondan üstün olduğunu sübuta yetirir.
Bizcə, Şileykonun şeirləri tamamilə bənzərsizdir. Əlimizdə olan tarixi sənədlərdən birində Axmatova ərindən israrla xahiş edir ki, karandaşla uğurlu şeirlərini işarətləsin, çünki çap əsnasında adətən Şileykonun zövqünü əsas götürürmüş. Halbuki Axmatova bənzər xahişlə vaxtilə nə Qumilyova, nə də Bloka müraciət etmişdi.
Şileyko qədim Şumerin araşdırılmasıyla yanaşı, praktik magiya ilə də məşğul olurmuş. Mühacirətə gedən Georgi İvanov öz memuarlarında yazır ki, 1915-ci ilin qışında o, qaranlıq düşəndən sonra Şileykoya qoşulub, Peterburqda yaşayan xarrat və falçı Vennikovun yanına gedibmiş. Şileykonun onu özüylə aparmasının tək səbəbi - aparılacaq eksperimenti qeydə almaq imiş, çünki gənc alim özü hipnoz altına düşməkdən yamanca qorxurmuş. Təcrübə əsnasında Şileyko muzey kolleksiyasına aid və şüşə qabda saxlanılan Misir fironunun mumiyasına məxsus əlin necə canlanacağının şahidi olmağı umurmuş.
Lampa işığını söndürən xarrat çılğıncasına dualar oxumağa başlayıb. İvanov xatirələrində dəhşət və çiyrinmə hissiylə yazır ki, magik seans baş tutub: şüalara bürünən əl qəfil canlanıb və hətta barmaqlarını da tərpədib...
Şileykonun mənzili Qış sarayının yaxınlığındakı Mərmər sarayda idi. O dövrdə Şərqşünaslıq İnstitutu da həmin binada fəaliyyət göstərirdi. Anna Axmatova da ömrünün dörd ilini əriylə həmin mənzildə keçiribmiş.
Bolşeviklərin iqtidarda olduğu dövrdə Şileyko çox parlaq elmi karyera qazanır, akademik seçilir və heç 40 yaşına dolmamış Moskvada vərəmdən vəfat edir. Onun qəfil ölümünü Fransanın və Böyük Britaniyanın elm aləmi ağır itki kimi dəyərləndirir.
(ardı şənbəgünki
"Qələmdan"da)
Anatoli Korolyov, ria.ru
Azərbaycan dilinə çevirdi - Azad Yaşar
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36