Gülənin Ərdoğanı bitirmə planı
Dini təriqət lideri nəyi hədəfləyib?
Son dövrlər Türkiyənin daxili siyasi həyatında baş verənlər istər-istəməz xarici aləmin də diqqətini Ankaraya yönəldib. Baş nazir Rəvəb Tayyib Ərdoğan və onun tərəfdarları ilə Gülən camaatı arasında yaşanan problemlər hər ötən gün yeni bir mərhələyə qədəm qoyur və yeni detalları gündəmə gətirir.
Bu arada Türkiyənin müstəqil media qurumlarının apardığı araşdırmalardan məlum olub ki, Gülən camaatı ilə Ərdoğan tərəfdarları arasında yaşanan olaylar heç də yeni deyil. Belə ki, gülənçilərin hələ 2010-cu illərdən başlayaraq Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasını hədəfə aldığı, bu partiyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün fəaliyyətə start verdiyi bildirilir.
Araşdırmalardan məlum olur ki, Ədalət və İnkişaf Partiyası daxilində hər zaman dəyişik, fərqli fikirlər olub və bunlar davamlı qarşıdurma halına gəlib. AKP-dəki "Milli görüş" xətti daxili siyasətdə daha çox milliyyətçi xətti ilə seçilir. Xarici siyasətdə isə millli görüşçülər Birləşmiş Ştatlar və İsrailə qarşı hər zaman təpkili olublar. Son illər bu təpkilər özünü daha çox büruzə verir ki, bu da Ağ Ev tərəfindən normal qarşılanmır. Konkret olaraq hazırda Birləşmiş Ştatların da milli görüşçülərin hakimiyyətdən uzaq olmasına maraq göstərdiyi şübhə doğurmur.
"Fətullah Gülən" hərəkatı isə heç bir dövründə milli görüş xəttinə yaxın olmayıb. Onlar Amerika ilə ortaq hərəkət etmənin daha doğru olduğunu düşünürlər. Müxtəlif ölkələrdə açdıqları məktəblərin və ən çətin şərtlərdə belə tapdıqları qoruma qalxanının bu siyasətlə əlaqədar olduğunu hesab edə bilərik. İndiki mərhələdə isə ən böyük qarşıdurma baş nazir Ərdoğanla onun bu posta gəlib çıxmasında yardımçı olan Fətullah Gülən arasında gedir. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, Fətullah Gülən siyasi partiyalara istədiklərini etdirməyə çalışan, yaxud etdirən bir təriqət lideridir. Son parlament seçkilərindən sonra dini təriqət liderinin Ərdoğanı çox pis vəziyyətdə küncə sıxışdırdığı qeyd edilir. Səbəb kimi isə AKP liderinin son illər Gülənin siyasi sifarişlərini nəzərə almaması göstərilir.
Yaxın tarixə nəzər saldıqda görürük ki, AKP ilk qurulduğunda Ərdoğan ən xarizmatik adam olduğu üçün partiyaya sədr seçdirildi. Qısa müddətdə hakimiyyət partiyasına çevrilən AKP tədricən Ərdoğanın nəzarəti altına keçsə də, lakin partiyada mühüm qərarlar okeanın o tayından gələn sifarişlər əsasında verilirdi. Rəcəb Tayyib Ərdoğan tezliklə Gülən hərəkatının önünə keçəcəyini proqnozlaşdırsa da, lakin partiya daxilində gülənçiləri tam əridə bilmədi. Hətta getdikcə gülənçilər AKP-də daha aktiv mövqe tutmağa başladılar. Fətullah Gülənin açdığı kurslar və məktəblərlə yetişən müridlər zaman keçdikcə təhlükəsizlik idarələri, ədliyyə şöbələri, təhsil sahəsində çox əhəmiyyətli postlara sahib oldular. Gülən üçün növbəti hədəf 2011-ci ilin parlament seçkiləri olsa da, lakin seçki nəticələri heç də dini təriqət liderinin ürəyincə olmadı. Ərdoğanın yaxın çevrəsinin seçkilərdə daha üstün mövqeyə malik olaraq Türkiyə Böyük Millət Məclisinə seçilməsi Gülənin planları pozsa da, lakin onun intiqam hissini bir qədər də artırmış oldu. Elə bu səbəbdəndir ki, Fətullah Gülənin 2012-ci ildən etibarən AKP-ni bitirmə planına start verdiyi bildirilir. Əslində isə bu AKP-ni yox, Ərdoğanı bitirmə planıdır. Planda əsas diqqət yenə də qarşıdan gələn parlament seçkilərinə yönəlib. Plana əsasən Gülən seçkilərdə 150 adamının parlamentə düşməsinə çalışacaq. Bəs Fətullah Gülənin etimad göstərəcəyi 150 şəxs kim olacaq? Belə bir iddia da ortaya atılır ki, Gülənin Türkiyə Böyük Millət Məclisinə göstərəcək namizədlər arasında Böyük Birlik Partiyasının üzvləri də olacaq. Hətta BBP Gülənin yedək partiyası kimi da təqdim edilməkdədir.
Ərdoğanın prezident seçilməsindən sonra baş nazirin səlahiyyətlərini azaldıb prezidentə vermək kimi planları da Gülən tərəfindən əngəllənəcək. Belə ki, TBMM-də 150 yerə sahib olacaq gülənçilərin bu məsələdə CHP ilə də eyni fikirdə olması Ərdoğanın uzun illərdən bəri çalışdığı planlarını alt-üst etmiş olacaq. Paralel olaraq partiyaya nəzarəti də itirən Ərdoğan siyasi anlamda Gülən qarşısında məğlub duruma düşəcək. Planın sonrakı mərhələsində isə AKP-yə Gülənə xüsusi yaxınlığı ilə seçilən Numan Kurtulmuş sədr gətiriləcək. Bir başqa detal isə ondan ibarətdir ki, Ərdoğan prezident belə seçilə bilməyəcək. Konstitusiya Məhkəməsinin Abdullah Gülün ikinci dəfə prezidentliyə namizəd ola biləcəyini açıqlaması Ərdoğanın Cankayaya doğru gedən yolunu bağlamış olacaq.
Süleyman İsmayılbəyli
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55