Babayevlərin milyonluq əyləncə dünyaları
Babayevlərin milyonluq əyləncə dünyaları

Heydər Babayevin dövlətdən oğurladığı pullar qardaşı oğlunun cibindən çıxdı

Bakı Neft Bazasının keçmiş direktoru, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin oğlu Niyaz Babayev ayağını, hətta hər iki ayağını geniş açaraq yaşamağa öyrəşib.

Belə danışırlar ki, Niyazın atasının işdən azad edilməsinin səbəblərindən biri də onun ərköyün balasının superbahalı maşınlardan manyakcasına asılılığı olmuşdu. Oğlan maşınlardan imtina edə bilməyibsə, atası özünə başqa iş tapar. Bəyəm bütün qohumlarının yüksək vəzifələrdə işlədiyi bir vaxtda bu, o qədərmi çətin işdir?
Virtualaz.org saytının əldə etdiyi məlumatlardan da görünür ki, keçmiş iqtisadi inkişaf naziri və oliqarx-məmur Heydər Babayevin qardaşı oğlu əsl oliqarx kimi yaşayır, dincəlir. Düzdür, bir fərq də var: hətta ən qatı inhisarçılar da həyatlarını özləri qazanırlar. Niyaz isə necə deyərlər, Moskvaya piyada getməyə hazırlaşmır. O, hər şeyi hazır əldə edib.

“Ləğv etmə? Yox,
eşitməmişəm”

Mətbuatda Babayevlər klanının korrupsiyaya bulaşmış sərvətlərinin əllərindən alındığı haqda dəfələrlə yazılsa da Niyazın dəbdəbəli istirahəti hələ yenicə vüsət alır.
Rəsmi olaraq Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu (əslində üç ulduza güclə çatar) “Crown Plaza” oteli var. Məsələ bundadır ki, nömrələrinin qiyməti orta hesabla 200 manat olan bu otelə Azərbaycanda nə qədər tələbat var? Yeri gəlmişkən, bəyəm hansısa gəlirə ehtiyac var? Oğulbala bu oteli öz əyləncələri üçün istifadə edir. Üstəlik bu, necə də sanballı səslənir: müxtəlif qızlarla tanış olanda deyirsən ki, “mənim öz otelim var”.
Şəhərin kənarındakı əksər hallarda boş olan bu obyekt öz gəliri ilə Niyaz Babayevin milyonlarla dollarlıq hesablarını və səyahətlərini ödəməyə bəs edərmi?
Virtualaz.org saytına o da məlum olub ki, 26 yaşlı Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib. Niyaz da bundan əvvəl haqqında bəhs etdiyimiz Murad Axundov kimi Bakının gecə əyləncələrində böyüyüb.

“Nə Bakı eee...”

Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənası da yox idi. Məmurlar əvvəlki kimi onun qarşısında əmrə müntəzir dayanmırdılar. Niyaz hərtərəfli qayğıdan kənarda qalmışdı.
Və bizim qəhrəmanımız pulun qarşınızdakı bütün qapıları açdığı məkana - müasir sivilizasiyanın mərkəzi Dubaya getdi.
Doğrudur, getməyə daha bir bəhanə var idi: ram edilmiş ürək. Bakının ən gözəl qızları ilə görüşən Niyaz nəhayət ki, vurulmuşdu. Doğrudur, qız ona ərə getməyə hazır deyildi, qız paralel olaraq Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanovun yaxın qohumu, Dərbəndi “fırladan” qüdrətli Qurbanovlar klanının nümayəndəsi Şıxsəid Qurbanovla da gəzirdi. Həmin Şıxsəid Qurbanov diplomatik nömrə nişanlı, tünd qara şüşəli (cənab prezidentin dəfələrlə xəbərdarlıq etməsinə məhəl qoymadan) “Mercedes Gelandewagen”lə şütüyür.
Gənclər hətta bir neçə il əvvəl “Emporium” dizayner geyimi butikinin açılşında dalaşıblar da. Qız isə bu çəkişmədən yüksəkdə dayanıb və üçüncü sevgilisinə ərə gedib, hazırda İstanbulda xoşbəxt yaşamaqdadır.
Dubaya getmək üçün bəhanə xeyli tutarlı olub: təhsil. Bəs necə, cənab Babayevin qohum-əqrəbaları yataqxanalarda yaşadığı və ictimai nəqliyyatda gəzdiyi bir vaxtda bizim qəhrəmanımız “Bentley”də şütüyürdü və Dubayın elit rayonunda - əfsanəvi “Palm Cumeyrah” adalarında yerləşən dəbdəbəli villasında yaşayırdı. Bu adada evin, bağışlayın, sarayın qiyməti 2 milyon dollardan başlayır.
Ancaq Dubay varlılar üçün cənnət ola bilər, lakin o, müsəlman ölkəsində yerləşir və orada şəriət qanunları qüvvədədir. Ona görə də ehtiyatlı olmaq lazımdır. Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri sənə Azərbaycan deyil ki, valideynlərinin və qohumlarının əlaqələri, nazir kürsüləri köməyinə çatsın.

Və Niyaz “dünya
vətəndaşı”
olmağa qərar verir

Niyaz bala dünyanın ən yaxşı kurortlarına səyahətlərini davam etdirir.
Axı planetdə belə yerlər nə qədər istəsən var. Həm də müxtəlif cür istirahət etmək olar. Ekstremal idmanla əylənmək, Avstraliyada koala ayısını öz əllərinlə yemləmək, D.Keruakın “Yollarda” əsərinin qəhrəmanının izi ilə gəzmək...
Lakin nəyə görəsə istirahətin bu növü bizim məmurların balalarının ağıllarına da gəlmir. Onlara yarıçılpaq qızlar, “tupoy” musiqi, bahalı içkilər, dəbdəbəli maşınlar və aşıb-daşan “şmotka” ver, bəs edər.
Ölkənin birinci şəxsi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq Niyaz Babayev Bakıda “Bentley”lə şütüyür. Bunu da başa düşmək olar. Belə “VİP-persona” qotur “Şkoda”da gəzəsi deyil ki... Sevimli bala təhlükəsizlik kəməri taxmağa da ehtiyac görmür, əvəzində 9 yaşlı qohumunu ön oturacaqda əyləşdirib şütüməyə üstünlük verir. Nə qayda-qanun axı? Qayda-qanun DYP üçündür, bunun Niyaza nə dəxli var?!
Sadəcə olaraq bunu bilməyi çox istərdik ki, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin dəbdəbəli istirahətlərini və əyləncələrini davam etdirməyə imkan verən bu qədər pulu haradandır?
Diqqət yetirin ki, virtualaz.org saytının bundan da əvvəl yazdığı kimi, azərbaycanlı məmurların sevimli balaları sadəcə olaraq öz qədəh yoldaşlarından başqa cür düşünə bilmir. Niyaz da başqalarının elədiyini edir: Kann, Monako, Marbelyu, Sent-Rope, adı bədnam çıxmış “Gotha” klubu, İstanbulun “Reina” klubu...
Ancaq Niyaz boş yerə çalışmır, onun İnstagram səhifəsində az qala 3 min adam var. Deməli, qarşısında özünü dartmaq üçün kimsə var...
Gənc oğlanın şişman pul kisəsindən xeyli vəsait də onun şopinqinə gedir: bura məhdud sayda istehsal edilən krossovka nümunələri, minimal qiyməti on minlərlə avro olan “Romain Jerome” və “İcelink Six Time Show watch” saatları daxildir.
Yeri gəlmişkən, Niyaz Babayevi başqalarından fərqləndirən cəhət onun özünü guya işləyən biri kimi göstərməsidir. Ümumiyyətlə, diqqət yetirirsinizsə, sevimli balalar həmişə müxtəlif rollarda oynamağı xoşlayırlar: şişmiş sinəyə malik qəhrəman-sevgilidən tutmuş ta qalstukun rənginə uyğun sancaq seçmək “talantı” ilə hamını heyrətə salan uğurlu biznesmenə qədər...
Niyaz bu dəfə bizim prezidentimizə və bütövlükdə onun siyasi kursuna loyal və sadiq sahibkar obrazı canlandırır. Budur, o, öz kabinetində oturub, arxasında Azərbaycan bayrağı asılıb. Digər fotoda o, özünü elə göstərir ki, Heydər Əliyev Mərkəzində guya hansısa mühüm danışıqlar aparır. İstənilən işgüzar adam sizə deyər ki, işlə, bizneslə məşğul olaraq öz İphone-nunla fotosessiya etmək mümkün deyil.
Cənab Babayev, axı siz kimsiniz ki, arxanızda dövlətin rəsmi simvolu asılıb?! Hansı ki, həmin simvolu inauqurasiya mərasimi zamanı Azərbaycan Respublikasının prezidenti öpür və and içir. Bəyəm hər yerdə, hər günc-bucaqda öz dostlarınızla birgə pıçıldaşıb “inhisar və korrupsiya bataqlığına batmış Azərbaycanda işləməyin mümkün olmadığını” car çəkənlər sizlər deyilsiniz? Bir halda ki işləmək mümkün deyil, o zaman sizin İsveçrə banklarındakı hesablarınızdakı iri məbləğlər haradandır? Bu qədər kefə və tusovkalara xərclədiyiniz pullar haradandır?
Alxas İsmayılov