ATV-nin seks qalmaqalı ölkəni qarışdırdı
11:40 14-03-2014
CƏMİYYƏT
ATV-nin seks qalmaqalı ölkəni qarışdırdı
“Ümid var” verilişi Ağcabədini ayağa qaldırdı; deputat rayona yollandı; MTRŞ “cəzalandıracağıq” vədi verdi
Hüquqşünas isə Zaur Baxşəliyevin və kanal rəhbərliyinin həbsini mümkün sayır
Məlum olduğu kimi, artıq bir neçə gündür ki, Azad Azərbaycan Telekanalında (ATV) Zaur Bəxşəliyevin təqdimatında yayımlanan “Ümid var” verilişində baş verənlərlə bağlı gərginlik davam edir. Belə ki, verilişin sonuncu bölümündə həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini videoya çəkib ATV-yə göndərən əslən Ağcabədidən olan kişi telekanaldan yardım istəyib. ATV kanalı isə heç bir əxlaqa və ictimai normalara sığmayan bu məsələni ictimailəşdirib. Elə hər şey də bundan sonra başlayıb.
Ağcabədidə etirazlar:
“Telekanal üzr istəsin...”
Veriliş efirə gedəndən dərhal sonra isə Ağcabədi rayonundan ilk etiraz sədaları eşidilməyə başlayıb. Rayon sakinləri bu görüntülərin efirə verilməsi və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər. Efirdə baş verən rüsvayçılığa etiraz etdiklərini bildirən sakinlər, aparıcının ağcəbədililərdən üzr istəməsini tələb ediblər və bu cür görüntülərin efirə verilməsinin heç bir normaya sığmadığını bəyan ediblər. Ağcabədi rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan etirazçılar baş verənlərlə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırılmasını da tələb ediblər.
Ağcabədi RİH-nin nümayəndələri sakinlərlə söhbət edərək aksiyanın böyüməsinin qarşısını almağa çalışıblar. İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq. Əhali isə məhz bundan sonra etiraz aksiyasını müvəqqəti olaraq dayandırıb. Rayonda hal-hazırda da gərginliyin olduğu bildirilir.
Ağcabədinin deputatı:
“Bu mənəviyyatsızlıqdır…”
Hadisələrin belə sürətlə bir-birini əvəz etməsi isə prosesin təhlükəli məcrada inkişafının mümkünlüyünü də gündəmə gətirib. Baş verənlərlə bağlı açıqlama verən Ağcabədidən olan deputat Aqil Abbas bildirib ki, yaranmış olayı araşdırmaq məqsədi ilə həmin rayona gedəcək. O, eyni zamanda ATV telekanalının ünvanına da sərt ittihamlar səsləndirib: “Bu işi edənlər mənəviyyatsız və tərbiyəsizdirlər. Araşdırsaq o adamın hansı yuvanın quşu olduğu bilinəcək. İkincisi, onu televiziyaya çıxartmağı heç doğru qarşılamadım. Televiziyaya çıxardılıb videosu yayılanların məhkəməyə müraciət etmək hüququ var. Sənin nə hüququn var ki, bunu yayasan? Bunu mənəviyyatsızlıq və tərbiyəsizlik adlandırıram. Mənim hörmət etdiyim bir kanalda elə bir şeyin yayılması o kanalın nüfuzuna da zərbədir. Bir-iki günə Ağcabədiyə gedəcəyəm və bu məsələni araşdıracağam. Görüm nə məsələdir və haradan götürülüb”.
Nuşirəvan Məhərrəmli: “Aparıcı və kanal
rəhbərliyi doğru
yolda deyil”
Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli isə məsələnin diqqətdə saxlanıldığını və hüquqi müstəvidə araşdırılacağını söyləyib. Onun sözlərinə görə, əgər qanun pozuntusu varsa lazımi tədbirlər görüləcək: “Şura sədri və sadə bir vətəndaş kimi mən də bu cür sosial problemi olan, fiziki cəhətdən qüsurlu insanlar, ümumiyyətlə, insanlar üzərində şou yaratmağı pisləyirik. Biz bu cür verilişlərin Azərbaycan efirində olmasını istəmirik. Çox təəssüf ki, televiziya kanallarında özlərinə dırnaqarası reytinq qazanan aparıcılar, eləcədə kanal rəhbərliyi doğru yolda deyillər. Bura Avropa və ya başqa ölkələr deyil ki, hər bir şeyi açıq şəkildə yaysınlar”.
ATV-də yayımlanan “Ümid var” verilişinə qadağanın qoyulması məsələsinə gəlincə isə MTRŞ sədri bildirdi ki, onların belə səlahiyyəti yoxdur: “Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Başqa ölkələrdə bu tip verilişlərlə bağlı qanunvericilik formasında Şuraya səlahiyyətlər verilir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur. Məsələn qonşu Türkiyədə və başqa ölkələrdə bu cür verilişlər varsa Teleradio Şuraları onları müəyyən müddətə bağlaya bilir. Amma bizim Teleradio Yayımı haqqında qanunda bu yoxdur. Bu müddəa ilə bağlı dəfələrlə müvafiq instansiyalara təklif olunub. Təəssüflər olsun ki, hələ ki, bu təklif qəbul olunmayıb”.
Zaur Baxşəliyev
həbs oluna bilər
Məsələnin hüquqi aspektləri haqqında danışan vəkil Müzəffər Baxışov isə mövzuyla bağlı verdiyi açıqlamasında deyib ki, belə görüntülərin efirə çıxması yolverilməzdir. Onun sözlərinə görə, verilişin aparıcısı Zaur Baxşəliyev və ATV kanalının rəhbərliyinin bu əməli cinayət əməli ilə tövsif oluna bilər:“Belə bir əmələ görə, cavabdeh tərəf iki il azadlıqdan məhrum edilə bilər. Bundan başqa Konstitusiyanın 32-ci maddəsində də şəxsin razılığı olmadan, qanunda nəzərdə tutulan hallardan başqa elə məlumatların yayılması qadağan edilir. Ümumiyyətlə, bu məlumatların yayılması qanunsuzdur. Həmçinin, Cinayət Məcəlləsinin 156.2-ci – “Şəxsi həyatın toxunulmazlığını pozma” maddəsi ilə də belə məlumatı yayan tərəf cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə vəzifəli şəxslər 2 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər”.Hüquqşünas bildirib ki, ATV kanalında o məlumatlar yayıldığına görə, kiminsə cəzalanacağına inanmır: “İstər kanal rəhbəri, istərsə də videonu yayımlayan vəzifəli şəxsin Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunması real görünmür. Əslində isə əgər zərərçəkən qadın, Cinayət Məcəlləsinin 37.3-cü maddəsini rəhbər tutaraq, istənilən hüquq-mühafizə orqanlarına müraciət edərsə, o kanal və məlumatı yayan şəxsin barəsində cinayət işi başlana bilər”.
Seymur QULİYEV
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49