Oqtay Şirəliyevin “məmur açıqlaması” onu necə ifşa etdi?
16:45 15-03-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevin “məmur açıqlaması” onu necə ifşa etdi?
“Məmurlar müalicə üçün niyə xaricə gedir” sualını cavablandırmağa cəhd göstərən nazirə yeni suallar
Ölkə səhiyyəsinin sözün həqiqi mənasında “can verməsi” o qədər aydın həqiqətdir ki, daha bunun sübuta belə ehtiyacı yoxdur. Ölkə xəstəxanaları rüşvət və korrupsiya yuvasına çevrilib, burada hər şey pulla alınıb-satılır, insan həyatının heç bir önəmi yoxdur.
Amma səhiyyəmizin tək problemi heç rüşvətxorluqda deyil. Etiraf edək ki, hətta qanunların çox möhkəm olduğu Sovet illərində də xəstəxanalarda indiki səviyyədə olmasa da rüşvət var idi. Bu elə bir bəladır ki, hətta ən üst səviyyədə mübarizə belə rüşvətin qarşısını tam olaraq kəsməkdə acizdir.Amma indi ölkə vətəndaşını təkcə xəstəxanalardakı rüşvət narahat etmir axı. Bundan daha çox xəstəxanalarda savadlı həkim tapmaq, istədiyi rüşvəti vermək hesabına da olsa düzgün müalicə almağın özü əsl müşkülə çevrilib. Fikir verin, hazırda problem o qədər dərinləşib ki, vətəndaş həkimə rüşvət də verir, iynəsinə-spirtinə qədər özü alır, amma bununla belə arzuladığı tibbi xidməti ala bilmir. Əgər obyektiv araşdırmalar aparılarsa, o zaman həkimlərin yanlış diaqnozu və müalicəsi ucbatından nə qədər insanın həyata göz yummasının acı statistikası aşkarlanar. Yaxşı, səbəb nədir: səbəb təhsil sisteminin darmadağın olması, bunun da nəticəsində hazırlanan və bizlərin müalicə üçün müraciət etdiyimiz həkimlərin savadsızlığıdır. Ona görə də əgər həkim savadsızdırsa, ona hətta bütün dünyanın pulunu versən belə o səni müalicə edə bilməyəcək – bax, əsl səbəb budur. Rüşvət Azərbaycan səhiyyəsinin bundan sonrakı problemidir. Elə bu səbəbdən də artıq vətəndaşlarımız yerli həkimlərə və tibb ocaqlarına güvənmir, burada vaxt, pul və əsəb xərcləməkdənsə müalicə üçün hansısa xarici ölkəyə getməyə üstünlük verir. Müalicə üçün seçilən ölkə isə maddi imkanlara görə dəyişir: aztəminatlı təbəqə əsasən İran və Türkiyəyə, daha imkanlı şəxslər isə Avropa ölkələrinə üz tutrlar. Ölkə xəstəxanalarına isə yuxarıdakı kateqoriyaların heç birinə daxil ola bilməyən əlacsızlar ordusu müraciət edir. İrili-xırdalı Azərbaycan məmurları isə istisnasız olaraq yerli xəstəxanalardan imtina ediblər və bir qayda olaraq Avropada müalicə olunurlar. Bu isə hər şeydən əvvəl Azərbaycan dövlətinin imicini ləkələyən tendensiyadır. Axı, hər il dövlət büdcəsindən səhiyyənin inkişafı üçün milyonlar ayrılır, müasir tələblərə cavab verən xəstəxanaların tikintisi demək olar ki, ənənəyə çevrilib. Bəs bunların nəticəsi hanı? Təəssüf ki, nəticə yoxdur, nəticə olsaydı indiyənə qədər hansısa nazir, nazir müavini, yaxşı lap olsun icra hakimi yerli səhiyyə ocaqlarına etibar edərdi. Etibar etməyiblər, etmirlər və bunda onları heç qınamaq da doğru olmazdı, hər kəsin həyatı özü üçün əvəzedilməzdir.Ötən gün isə səhiyyə naziri Oqtay Şirəliyev ölkənin yüksək vəzifəli məmurlarının, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə münasibət bildirib. Nazir Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan “Tibb” qəzetinə müsahibəsində deyib ki, belə hallar heç də həmişə baş vermir. O.Şirəliyevin müsahibəsindən bir hissəni olduğu kimi diqqətinizə çatdırırq:“Amma, əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir. Təəssüf ki, tək-tük həkim uğursuzluqları bəzən bütün ölkə səhiyyəsinə şamil edilir, şişirdilir və bütün yerli həkimlərə inamsızlıq yaradılır”.Olsun, bir anlıq özümüzü elə göstərək ki, biz hörmətli nazirimizin açıqlamasına inandıq. O zaman O.Şirəliyev zəhmət çəkib bir suala da cavab versin ki, son illər ərzində hansısa nazir, nazir müavini və ya deputat yerli xəstəxanalarda müalicə olunubmu? Bircə fakt göstərsin və biz bütün iddialarımızdan geri çəkilməyə hazırıq. Göstərə bilməz, çünkü olmayan nəyisə göstərmək mümkün deyil zatən....O.Şirəliyev daha sonra qeyd edib ki, ildə orta hesabla xaricə müalicəyə gedən həmvətənlərimizin sayı iki mindən çox deyil. Halbuki həmin müddətdə 800 minə yaxın vətəndaşımız yerli
xəstəxanalarda müalicə olunur. Onları sağaldan da xaricilər deyil, Azərbaycan həkimləri olur. Nazir bildirib ki, çox vaxt insanlar xaricdə istirahət edərkən, yaxud sadəcə iş üçün harasa gedərkən fürsətdən istifadə edib həmin ölkədə “check up” adlandırılan ekspres-diaqnostikadan keçirlər. O.Şirəliyevin fikrincə, bunda qınamalı heç nə yoxdur. Əksinə, bu öz sağlamlığının qayğısına düzgün qalmağın göstəricisidir.Diqqət yetirirsinizsə, hətta O.Şirəliyevin özü belə dediklərinə inanmadığını sonuncu cümləsiylə “etiraf” etmiş olub. Müalicə üçün xaricə gedənlərdən bəhs edərkən “bu onların öz sağlamlığının qayğısına düzgün qalmağının göstəricisidir” deməsi hər şeyə aydınlıq gətirir. Amma yenə bir sual açıq qalır və nazirdən bu sualı da cavablandırmasını istərdik: Bəs, öz sağlamlığının qayğısına qalmaq istəyən, ancaq xaricə getmək imkanında olmayan vətəndaşlar nə etsin?
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20