Deputatlar höküməti tənqid etdilər
16:46 15-03-2014
İQTİSADİYYAT
Deputatlar höküməti tənqid etdilər
Baş nazirin hesabatı qəbul olundu
Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, iclasda Nazirlər Kabinetininn 2013-cü il üzrə hesabatı dinləniləcək.
Spiker qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb. Daha sonra baş nazir Artur Rəsizadəbildirib ki, Azərbaycan 2013-cü ildə müdafiə xərclərinin maliyyələşdirilməsinə 3 milyard manat ayırıb. Onun sözlərinə görə, Nazirlər Kabineti əvvəlki illərdə olduğu kimi, ölkənin hərbi gücünün artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi, Hərbi Qüvvələrin ən müasir texnika və silahla təminatına prioritet istiqamət kimi xüsusi diqqət ayırıb:
"Ordu quruculuğu üzrə işlərə müvafiq olaraq, hərbçilərin hərbi hazırlığının və peşəkarlığının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi işləri də davam edib".
Daha sonra baş nazir Artur Rasızadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim etməyə başlayıb.İclasda hökumət üzvləri də iştirak ediblər.
Fazil Mustafa:
“Hökumət sahibkarlara qarşı diqqətli olmalıdır”
Milli Məclisdə deputat Fazil Mustafa çıxış edərək bildirib ki, son vaxtlar Azərbaycanda kiçik və orta sahibkarlara qarşı göstərilən münasibətdə hökumət sahibkarlara diqqətlə yanaşmalıdır.
“Bəli, metroda ticarət olmamalıdır. Mən də razıyam ki, metronun çıxışı girişi təmiz və sərbəst olsun. Amma bir yanlış var. Azərbaycanda sahibkarlar adi bir nöqtəni belə, pulsuz əldə etmir. Təmirinə də kifayət qədər pul ödəyir. Bu vəsaiti qeyri-rəsmi ödəyir və bir gün göz açıb görürlər ki, bura sökülməlidir və heç kimin əlində də sənəd yoxdur. Pərakəndə satış yerlərində, “Sədərək”, “Binə” kimi ticarət mərkəzlərində bu kimi problemlər çıxır. Vətəndaş həyatını obyekt üzərində qurur. Bir andaca onu itirir və bütün həyatı dəyişir. Deməyim odur ki, həmin vətəndaşlara bir-iki ay öncədən yerlər ayrılsın. Həmin şəxs dövlətin belində bir yükə çevrilir. Bu şəxslər hökumətdən necə razı qala bilər? Bununla bağlı ciddi proqram işlənib hazırlanmalıdır. Eynilə də “Sovetski”də müəyən tədbirlər görülməlidir. Vətəndaş uzun illər orada yaşayıb. Oralar çox pis vəziyyətdədir. Təbii ki, oralar sökülməlidir. Orada park salınmalı və gözəlləşdirilməlidir. Bunu kim bəyənmir ki? Amma vətəndaş yaşadığı yerdə haqqı çatır ki, onun yaşadığı yerdə kiçik bir ərazini söküb orada ev tikilsin. O, bu ərazidən köçmək istəmir. Onun babası orada yaşayıb, usağı orada məktəbə gedib və orada işləyirlər. Niyə vətəndaşa bu qədər hörmətsiz yanaşılır? Dövlət onsuz da kvadratmetrinə görə ədalətli qiymət təklif edib. Amma elə məsələlər var ki, onlar pulla ölçülmür və həmin dəyərlər qiymətləndirilməyəndə narazılıqlar baş verir. Olmaz ki, həmin ərazidə çoxmərtəbəli binalar da tikilsin!? Orada qalan vətəndaşlar həmin binalara yerləşdirilsin. Adama lap ev də kirayə pulu da verdiniz. Amma insanın daimi yeri olmayanda isə narahatlıq yaradır.
“2013-cü il həm iqtisadi, həm də siyasi
baxımdan uğurlu il olub”
Milli Məclisin iclasında millət vəkili Mübariz Qurbanlı hökumətin hesabatı ilə bağlı çıxış edib. YAP icra katibi müavinin fikrincə, 2013-cü il Azərbaycan üçün uğurlu illərdən biri olub: “Bu ilə siyasi-iqtisadi baxımdan yekun vurmaq istəsək, görərik ki, göstəricilərimiz yüksəkdir. Dünya ölkələrinin iqtisadi inkişafında 2013-cü ildə ümumi daxili məhsul artımına görə Azərbaycan yenə də kifayət qədər önəmli yerlərdən birini tutur. Ötən il ayrı-ayrı bölgələrdə gedən iqtisadi böhran təbii ki, dünya iqtisadi sisteminə təsir göstərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hökumətinin və rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın büdcəsində nəzərdə tutduğumuz heç bir sahə ilə bağlı geriləmə baş verməyib. Xüsusilə geniş quruculuq-abadlıq işləri aparılıb. Bütün bunlar əhalinin rifah halının yaxşılaşmasına səbəb olub. Siyasi baxımdan 2013-cü il uğurlu oldu. Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev Azərbaycan əhalisinin böyük dəstəyini qazandı. Ona görə də 2013-cü illə əlaqədar hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirir”.
“Bölgə universitetləri
yaradılsın”
Musa Qasımlı Milli Məclisin bugünkü iclasında bildirib ki, Mingəçevir, Qazax, Şirvan, Şamaxı və Quba bölgələrində universitetlər yaradılmalıdır. Xaricdə azərbaycanlı tələbələrin təhsil alması ilə bağlı danışan deputat bildirib ki, yaxşı olar ki, tələbələr bakalavr pilləsini Azərbaycanda, magistr pilləsini isə xaricdə alsınlar.
“Azərbaycan elmi xaricə daha yaxşı çıxar. Hazırda minlərlə gənc qəbul imtahanı vermədən ailə büdcəsi hesabına Rusiya, Ukrayna, Gürcüstan bir çox hallarda aşağı səviyyəli universitetlərin akkreditasiyadan keçməyən fakültələrində təhsil alırlar. Onların çoxları 4 illik təhsil müddəti əvəzində 5 il, bəzən də 8 il təhsil alır. Bəziləri isə heç universiteti bitirə bilmirlər. Belə olan halda, hansı vəziyyət ortaya çıxır? Azərbaycan haqqında mənfi rəy yaranır, Azərbaycanın pulu xaricə gedir, ailələri qohum qonşuya övladının xaric də təhsil aldığını deyir. Ölkəyə gəldiyi zaman isə dövlətə tamam başqa münasibət bəsləyirlər. Təbii ki, Azərbaycan azad bir ölkədir. Vətəndaşın xarici ölkəyə gedib təhsil almağı normal bir haldır və qadağan etmək mümkün deyil. Biz alternativlər barədə düşünməliyik. Bunlar isə maliyyə texniki çətinliklərə baxmayaraq, Şirvan, Şamaxı və Qubada , o cümlədən Mingəçevir və Qazaxda universitetlərin açılmasını müvafiq hesab edirəm. Xüsusən Dağıstan və Gürcüstanda yaşayan azərbaycanlıların yaşadığını nəzərə alsaq, bunun nə qədər strateji əhəmiyyətli olduğunu görmək olar. Məncə, bunun vaxtı gəlib çatıb”, – deyə M. Qasımlı vurğulayıb.
“Qarabağı Müdafiə
Nazirliyindən öncə Təhsil Nazirliyi azad edəcək”
Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Zahid Oruc da metropolitendəki mağazaların bağlanmasına münasibət bildirib. “Tağı Əhmədovun rəhbərlik etdiyi qurum əslində vaqonların hərəkət qrafiki ilə məğul idi. Kəbirə Məmmədovanin rəbbərlik etdiyi “Binə” Ticarət Mərkəzində baş verənlər onu göstərir ki, Azərbaycanda ticarət obyektlərinə nəzarət hüquqa əsaslanmalıdır”.
Z. Oruc Mikayıl Cabbarov nazir təyin olunandan təhsildə canlanma müşahidə olunduğunu qeyd edib. “Amma hələ də kişi müəllimlər məktəblərdə çox azdır. Məktəblərdə elə vəziyyət yaratmaq lazımdır ki, kişi müəllimlər ora üz tutsunlar. Universitetlərdə isə ödəniş haqqı çox yüksəkdir. Hər il qəbul zamanı ballar yenə də aşağı salınır. Qarabağı Müdafiə Nazirliyindən öncə Təhsil Nazirliyi azad edəcək”.
Deputat banklarda yüksək kreditlərdən şikayətlənib. “Mərkəzi Bankdan deyirlər ki, banklar 15% qazanc əldə edirlər. Buna da nəzarət olunmalıdır”.
“Əsas məsələ yeni iş yerləri və çörəkdir”
Vahid Əhmədov bildirib ki, dünya iqtisadiyyatına inteqrasiya edən bir dövlət kimi ölkənin əsas ixrac potensialı olan neft hasilatının aşağı düşməsini nəzərə alaraq, iqtisadiyyatda əsasən neqativ halların aradan qaldırılmasına, əhalinin nizam-intizamının möhkəmlənməsi üçün ciddi addımlar ataraq struktur islahatlarının aparılmasına nail olmalıyıq.
“Bütün bunları nəzərə alaraq bir neçə məsələyə toxunmaq istəyirəm. 2013-cü il Prezidenti tərəfindən “Sənaye ili” elan edilib. Bununla bərabər tədbirlər planı təsdiqlənib. Qeyri-neft sektorunun əsas qolu olan sənayenin inkişafında müəyyən işlər görülüb. Sumqayıtda, Bakıda texnoparklar yaradılıb. Ötən il qeyri-neft sektorunun inkişafında 10% artım müşahidə olunub. Amma bu gün üçün Azərbaycanda ən ciddi problem işsizlikdir. Regionlarda bir sıra infrastruktur layihələri böyük məbləğlər qoyulmaqla icra olunub. Əhalinin işlə təmin olunmasını təmin edə bilməmişik. Xüsusilə Quba-Xaçmaz iqtisadi zonasında bu məsələ çox ciddi problem olaraq qalır. Düzdür, bir sıra emal müəssisələri var. Amma onların heç biri işləmir. Bir neçə dəfə Milli Məclisin iclasında bunu bildirmişəm. Təəssüf ki, yeni müəssisələr yaradılmır. Kənd yerlərində insanlar işsiz vəziyyətdədir. Azərbaycan hökuməti regionlarda, xüsusilə kənd yerlərində iş yerlərinin aşılmasına daha çox diqqət yetirməlidir. Azərbaycan müharibə şəraitində olan ölkə olduğu üçün, ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas məsələdir. Ölkə başçısının bu məsələyə diqqət yetirməsi göz qarşısındadır. Bununla əlaqədar müxtəlif proqramlar həyata keçirilib. Amma əsas məsələ ölkənin ərzaq buğdası ehtiyatlarının təmin olunmasıdır. Bu gün özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Hətta idxalı ildən-ilə artırırıq”, – deyə deputat qeyd edib.
"Prezidentin sərəncamı niyə icra olunmur?"
Milli Məclisin iclasında çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sosial sahədə islahat aparmaq digər sahələrdə aparılan islahatlardan qat-qat çətindir. Deputat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində də islahatların davam etdiyini bildirib: “Ölkədə təbii artım çoxdur, uşaq ölümünün sayı azalıb. Səhiyyəyə büdcədən ayrılan vəsait 2 milyon manat idisə, indi bu rəqəm 669 milyondur. Buna baxmayaraq, bir məsələyə diqqət yetirmək istəyirəm. Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm ki, bu sahəyə keçmiş deputat həmkarımız Əli Əhmədov rəhbərlik edir. Tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul olunub. Amma başıbəlalı qanun hələ də icra olunmur. 2007-ci il dekabrın 20-də möhtərəm prezidentimiz sərəncam imzalayıb. Bu sərəncamla bağlı xüsusi agentlik yaranmalı idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə də hökumətə əsasnamə verilib. Əgər bu qanun qəbul olunubsa, deməli icra olunmalıdır. Kimdən soruşursan deyir ki, ağır məsələdir. Hansı məsələmiz ağır deyil ki? Məgər yol çəkmək ağır deyil, körpü salmaq ağır deyil? Başqa görülən işlər ağır deyil? Ölkə başçısı bir neçə ildir ki, büdcədən tibbi sığortanın tətbiqinə vəsait ayırır. Hökumət tibbi sığortanın tətbiqinə nail olmalıdır.”
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23