Tağı Əhmədov metro ticarətçilərinin aksiyalarına görə “vurulur”
16:47 15-03-2014
İQTİSADİYYAT
Tağı Əhmədov metro ticarətçilərinin aksiyalarına görə “vurulur”
Keçmiş rəisin etirazçılara gizli dəstək verdiyi bildirilir; bu səbəbdən də üstünə yoxlama göndərilib
Artıq bir neçə gündür ki, paytaxt Bakıda aksiya həyacanı davam edir. Belə ki, Bakı Metropoliteninin ərazisində, daha doğrusu stansiyaların giriş və çıxışlarında alver edən sahibkarlara qoyulan qadağa metro ticarətçilərinin etirazına səbəb olub. Ötən gün isə Metropoliten rərhbərliyinin bu qərarından narazı qalan bir qrup sahibkar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olsalar da görüş nəticəsiz bitib. Ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər.
Onlar bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib. Bununlada “metro aksiyası”nın nəhayət, sona çatacağına bəslənən ümidlər doğrulmayıb. Gərginlik isə davam etməkdə və hər an hansısa aksiya gözlənilməkdədir.Bununla bağlı etibarlı mənbədən “Unikal” qəzetinə sızdırılan məlumatda isə deyilir ki, həmin aksiyaçıların hamısı olmasa da böyük əksəriyyəti Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədova bağlı olan sahibkarlardır və paytaxtı lərzəyə salan həmin etiraz aksiyalarının təşkilində də Tağı Əhmədovun əli var. Mənbə həmçinin iddia edir ki, artıq bu məsələ hökumətə də bəllidir və Tağı Əhmədova qarşı başladılan hüquqi təzyiqlər də birbaşa bu amillə bağlıdır: “Aksiyaların təşkilində Tağı Əhmədovun təsirinin olması haqda yuxarı dairələr tam və ətraflı şəkildə məlumatlandırılıb. Elə Tağı Əhmədovun rəhbərliyi dövründə Bakı Metropolitenində baş verən pozuntularla bağlı Respublika Prokurorluğu və Vergilər Nazirliyi tərəfindən yoxlamalara başlanması da bundan sonra qərarlaşdırılıb”. Xatırladaq ki, Respublika Prokurorluğu və Vergilər Nazirliyinin Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlaması haqda ötən gün qafqazinfo.az saytı da məlumat yayıb. Saytın iddiasına görə, yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Buna səbəb metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılması olub. Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli-miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra Tağı Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalara başlanması barədə qərar qəbul olunub. Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilib və mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti Tağı Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir. Qeyd edək ki, T. Əhmədovun həbs olunacağı ehtimalı ilə bağlı bir qədər əvvəl də məlumat yayılmışdı. Həmin məlumatda və eyni zamanda bizə daxil olan xəbərdə bildirilir ki, 2010-cu ildə "Azadlıq Radiosu"nun “İşdən sonra” verilişinə müsahibəsində Tağı Əhmədov metropoliten ərazisindəki ticarət obyektlərində 2 min adamın çalışdığını və ayda 70 min, ildə isə 840 min manat gəlirin əldə olunduğunu bildirmişdi. Metropoliten rəisi demişdi ki, həmin vəsait metronun tələbatlarına sərf olunur. Həmçinin T.Əhmədov həmin obyektlərin onun ailə üzvlərinə və qohumlarına aid olduğu barədə məlumatı təkzib etmişdi. Son açıqlamalarda T.Əhmədov ticarətdən əldə olunan illik gəlirin 450 min manata yaxın olduğunu iddia etmişdi.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23