Cahangir Əsgərovu qəzəbləndirən şok qalmaqal
Cahangir Əsgərovu qəzəbləndirən şok qalmaqal

"AZAL" rəhbərinin federasiyasında biabırçılıq!

Azərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb. Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısnın dopinq qəbul etdiyi məlum olub.

Bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi.
Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər. Bu da nəticəsi. Azərbaycan milli komandası tam heyətlə dopinq qəbul etməklə ölkəmizi bütün dünyada biabır etdi. Bu rəzalətə görə kimlərsə cavab verməlidi, ya yox? Azərbaycanın 5 idmançısının Avropa çempionatında qazandığı medaldan məhrum edilməsi ilə bağlı məlumat vermişdik.
Məsələyə münasibət öyrənilməsi üçün Azərbaycan Hava Yolları QSC-nin ("AZAL") prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərova zəng edilib, amma zəngə cavab verən şəxs özünü Famil kimi təqdim edərək, İsgəndər müəllimin telefonu maşında unutduğunu bildirib.
Jurnalistdən icraçı direktoru hansı səbəbdən aradığını öyrənincə isə "İsgəndər müəllim bu haqda danışmaq istəmir" cavabını verib.
publika.az-ın federasiyadakı özəl mənbədən əldə etdiyi məlumata görə isə, qurumda ara qarışıb. Demək olar ki, bütün rəsmilər mətbuatdan gizlənir, baş vermiş olayda adının hallanmamasına çalışır. Hər kəs Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovun təlimatını gözləyir. Əldə etdiyimiz məlumata görə, qurum rəsmiləri hələ ki, Beynəlxalq Ağır Atletika Federasiyası ilə əlaqə saxlamayıb.
Rəsmilərə təsəlli verən tək amil, beynəlxalq federasiyanın rəsmi saytında idmançılarımızın adlarının dopinq qəbul edənlərin siyahısında olmamasıdı. Qrumun saytında azərbaycanlı idmançıların yalnız medallardan məhrum olunduğu göstərilib.
Ola bilsin ki, yaxın müddətdə idmançılarımızın adları həmin siyahıya əlavə olunacaq. Çünki təcrübə göstərir ki, idmançıların medallardan məhrum olunması dopinqdən istifadə təsdiqləndikdən sonra reallaşır.
Ən son məlumata görə, "AZAL" prezidenti Cahangir Əsgərov baş verənlərlə bağlı bilgi aldıqdan sonra qəzəblənib və məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, yaşananlar hökumətin müəyyən çevrələrində də narazılıqla qarşılanıb. Azərbaycanın son vaxtlar idman sahəsində beynəlxalq arenadakı nailiyyətləri fonunda ortaya çıxan qalmaqal ölkəmizin nüfuzuna zərbə olaraq dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycanda bəzi iri məmurların ayrı-ayrı idman federasiyalarını və futbol klublarını öz himayələrinə almaları artıq adiləşib. Bu tendensiya bəzi hallarda ölkədə idmanın inkişafına impuls verən amilə çevrilirsə, bəzən də neqativliklərlə müşaiyət olunur.
Hesab edilir ki, bəzi məmurlar nəzarətlərindəki idman federasiyaları və klubları öz çirkli pullarını yumaq üçün vasitəyə çevrilirlər. Federasiyaların müxtəlif idman obyektlərinin inşasından tutmuş ilk baxışda "gözqamaşdırıcı" olan transferlərinədək bəzi həmlələri əslində qeyri-leqal yollarla qazandıqları vəsaitləri "təmizə" çıxarmaq, şişirdilmiş rəqəmlər vasitəsi ilə "yumaq" məqsədi daşıyır. Beləliklə də onlar "bir güllə ilə iki quş" vurmuş olurlar: həm özlərini ölkə idmanının inkişafı üçün çalışan göstərir, həm də çirkli pullarını leqallaşdırırlar.
Eyni zamanda bəzi idman federasiyalarında zaman-zaman qalmaqalların ortaya çıxması onlara rəhbərliyi həyata keçirən iri məmurlara problemlər də yaradır, onların haqlı və ya haqsız şəkildə tənqid hədəfinə çevrilməsinə şərait yaradır. Elə yuxarıda haqqında danışılan skandalın da uzun müddət müzakirə mövzusu olacağı və adı mətbuatda ən az hallanan "AZAL" prezidentinin adını davamlı şəkildə gündəmə gətirəcəyi istisna olunmur.

Ülviyyə Qasımlı