Putinə yeni şok: Qərb dövlətləri
11:27 19-03-2014
İQTİSADİYYAT
Putinə yeni şok: Qərb dövlətləri
Rusiyanın G-8-də üzvlüyünü dayandırır
Rusiya prezidenti Krımın ölkəsinə birləşdirilməsi üçün sərəncam verdi
Qərb dövlətlərinin liderləri Rusiyanın G-8 təşkilatında üzvlüyünün dayandırılması haqda qərar verib. Bunu Fransanın "Erop-1" radiosunun efirində Fransa xarici işlər naziri Loran Fabius bəyan edib.
O bildirib ki, Qərbin ən inkişaf etmiş 7 ölkəsinin liderləri bu gün bir araya gələcək. Görüşün detallarını açıqlamayan L.Fabius bu görüşün Rusiyasız keçəcəyini qeyd edib.
Putin Krımın Rusiyaya birləşməsinə dair
sərəncam imzaladı
Rusiya prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşməsinə dair sazişin imzalanmasını məqsədəuyğun sayıb.
Rusiya prezidentinin imzaladığı sərəncamda yüksək səviyyədə sazişin imzalanmasının zəruriliyi qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə Putin Federasiya Şurası, Dövlət Duması və hökuməti Krımın və Sevastopol qanunvercilik orqanının Rusiyaya birləşmək niyyətləri barədə məlumatlandırıb.
Uilyam Heyq:
"Krım Ukraynanın
ayrılmaz hissəsidir"
Referendumun nəticələrinə baxmayaraq, Böyük Britaniya üçün Krım Ukraynanın ayrılmaz hissəsi kimi qalacaq. "Gazeta.ru" saytının verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib.
Britaniyalı nazir böhranın siyasi-diplomatik yollarla nizamlanması üçün bir daha Rusiyanı Ukrayna və beynəlxalq ictimaiyyət ilə dialoqa başlamağa çağırıb.
"Böyük Britaniya və onun tərəfdaşları üçün Krım Ukraynanın ayrılmaz hissəsi olaraq qalır", - deyə Heyq bildirib.
BMT Baş Assambleyası Ukrayna üzrə
iclas keçirəcək
Martın 20-də BMT Baş Assambleyası Ukrayna üzrə geniş iclas keçirəcək.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Baş Assambleyanın 68-ci sessiyasının sədrinin rəsmi nümayəndəsi Afaf Kondja bəyan edib.
"Sədr Con Eş Assambleyaya üzv ölkələrə 20 mart, cümə axşamı keçiriləcək plenar iclas ilə əlaqədar dəvət məktubu göndərib", deyə Kondja bildirib.
Onun sözlərinə görə, iclas Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuriy Sergeyevin rəsmi sorğusuna əsasən baş tutacaq.
Amerika mətbuatı:
"Putin Şərqi Ukraynanı da ələ keçirmək istəyir"
Rusiya prezidentinin Ukraynada güc tətbiq etmək üçün Federasiya Şurasından razılıq almasından iki həftə keçib. Qərb, xüsusən Amerika mətbuatı Krım hadisələri və Rusiyanın ərazini ilhaq etməsi ilə bağlı geniş yazılar yazır.
Belə yazılardan birini analitik "The New Republic" jurnalının baş redaktoru Yuliya Yoffe yazıb. AzVision.az xanım Yoffenin yazdığı analitik məqaləni qısa ixtisarlarla təqdim edir. "Vladimir Putin bununla göstərmək istəyib ki, nəinki Krımda, Ukraynanın digər bölgələrində də güc tətbiq etmək niyyətindədir. Şübhəniz olmasın ki, o, Şərqi Ukraynanı da ələ keçirmək istəyir"-deyə "The New Republic" jurnalının baş redaktoru bildirib.
Məqalə müəllifi martın 15-də baş vermiş bir epizoda diqqət çəkir. Üzərlərində heç bir fərqləndirici işarə olmayan təxminən 80 nəfər hərbçi Xerson vilayətinin Strelkovo kəndində qaz xətti stansiyasını ələ keçirdilər. Martın 16-sı səhər isə Krımın baş naziri Sergey Aksenov Rusiyaya müraciət edərək Qara dəniz donanmasının ələ keçirilmiş stansiyanın mühafizə etməyə çağırdı. "İş ondadır ki, Krımda son vaxtlar elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Kiyevdəki mərkəzi hakimiyyət isə Krıma verilən enerji, qaz və suyu kəsəcəyi bildirib. Yarımadanın coğrafi xüsusiyyətlərini nəzərə aldıqda bunu etmək çətin olmayacaq"- deyə məqalədə deyilir.
Krım sırf texniki baxımdan yarımadadır. Ukraynanın əsas əraziləri ilə onu Perekop bərzəxi birləşdirir. Bütün qalan əlamətlərinə görə, ora Yunanıstana yaxud bir az ərimiş İsveçrə pendirinə bənzəyir"-deyə jurnalist öz müşahidələrini bölüşür.
"Krım Rusiya ilə birləşəcəkmi?"-deyə məqalə müəllifi sual verir və özü də sualını qarşılıq verir. "Ümumilikdə, yox".Rusiya yarımadadan Kerç boğazı vasitəsilə ayrılıb. Lakin Kerçi digər sahildə yerləşən Krasnodarla birləşdirən körpü yoxdur. "İndi biz anlamağa başlayırıq ki, Xruşşov Krımı Ukraynaya verərkən hansı məntiqə əsaslanıb"-deyə Yuliya Yoffe yazıb.
Əgər rəsmi Kiyev yarımadaya gedən qazı, işığı, suyu kəssə, Moskva yeni əldə etdiyi Krımı necə təchiz edəcək? "Rusiyanın yerində olsaydınız, zəruri ərzaq məhsullarını boğazdan bərələr vasitəsilə daşımağa, yaxud bahalı körpülər tikməyə, boru kəmərləri çəkməyə razı olardınızmı?
Onsuz da irimiqyaslı gərginliyə səbəb olan bu işğalı Perekop bərzəxindən şərqə və şimala genişləndirməklə daha əlverişli mövqe qazanmaq olmazmı? Və hələ ki, siz ordasınız, zəngin daş kömürü və zavodları olan Şərqi Ukraynanı da ələ keçirmək istəməzdinizmi? Nəzərə alsaq ki, sizin razılığınız da var?"- deyə Yuliya Yoffe Putinə ünvanlanmış yazını yekunlşadırır.
Krım qərarı Rusiyaya
nələr vəd edir?
"Rusiyanın Ukrayna üzərindəki təsirinin hər keçən gün daha da artdığının şahidi oluruq. Krım Muxtar Respublikasının Ukraynadan ayrılmaq üçün referendum keçirməsi və referendumdan sonra da Rusiya ilə birləşmək üçün müraciət etməsi bölgədəki bütün tarazlıqları alt-üst edəcək bir sıra hadisələri özü ilə gətirməkdədir". Bu sözlər Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, millət vəkili Sinan Oğanın Krım hadisələri ilə bağlı yazısında yer alıb.
Ukraynanın Krım
tatarlarına
görə peşmançılığı
TÜRKSAM rəhbəri hesab edir ki, Krım tatarlarının tarixi ana torpaqlarına dönməsinə çətinliklər yaradan Ukrayna rəhbərliyi son hadisələrdən sonra nə qədər səhv etdiyini anlayıb: "Ukrayna rəhbərliyi Krım tatarlarının yarımadada artmasının Krımın sığortası anlamına gəldiyini başa düşməli idi. Çünki, Krım tatarlarının Ukraynadan ayrılma kimi bir istəyinin olmadığı kimi, Türkiyənin də Krım tatarlarını özünə birləşdirmək kimi bir arzusu yoxdur. Türkiyə üçün vacib olan Krım tatarlarının tarixi vətənlərinə dönərək normal bir vətəndaş kimi yaşaması və Ukraynaya bağlı olan Krım Muxtar Respublikasının Rusiya, eləcə də başqa ölkələrin təsirinə düşməsinə maneə olmaqdır. Buna görə də lap əvvəldən Krım tatarlarının bölgəyə qayıtmasına maneə olmamaq lazım idi. Amma təəssüf ki, Ukrayna bunu etmədi, əks halda ruslar bu qədər rahat şəkildə Krımda referendum keçirə bilməzdilər".
BMT-nin ərazi bütövlüyü prinsipi zəiflədi
S.Oğan Kosovanın müstəqilliyini elan etməsi, bundan sonra isə Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ilə BMT-nin ərazi bütövlüyü prinsipinin zəiflədiyini qeyd edir: "2008-ci ildəki hadisələri qiymətləndirəndə həm Kosovanın müstəqilliyinin Qərb tərəfindən tanınması, həm də Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra BMT-nin ərazi bütövlüyü prinsipinin əhəmiyyətli dərəcədə zəiflədiyini bildirmişdik. Həm də vurğulamışdıq ki, Rusiyanın özü 21 muxtar respublika və bölgəyə, Çeçenistan kimi müstəqil düşüncəli silahlı hərəkata sahibdir və bu halda Rusiyanın özünün ən çox ərazi bütövlüyünə ehtiyacı var. Bu baxımdan 2008-ci ili qiymətləndirəndə bunu söyləmişdik: Rusiyanın qısamüddətdə Krımın və Moldovadakı Dnestryanı ərazinin müstəqilliyini dəstəkləmə arzusu ola bilər. Amma Dağlıq Qarabağ bölgəsinin müstəqilliyininin tanınması və ya dəstəklənməsi mövzusunda isə çox istəkli davranmayacaq. Bununla belə qeyd etmişdik ki, qısamüddətli perspektivdə Rusiyanın bu tanıma qərarından qazanclı çıxdığı görünsə, orta və uzunmüddətli perspektivdə Rusiyanın özünün ərazi bütövlüyünə ehtiyacı olduğundan bu qərardan ən çox özü zərər görə bilər. Gələcəkdə Rusiyanın ərazi bütövlüyü qarşısındakı ən böyük maneənin Krım nümunəsi olacağını unutmamaq lazımdır. Əslində, səhv Kosova, Abxaziya və Osetiya kimi nümunələrdən qaynaqlanıb. Amma unutmaq lazım ki, bu cür qərarların qəbulu zamanı qısamüddətli perspektivi deyil, daha çox orta və uzunmüddətli perspektivi qiymətləndirmək lazımdır. Bundan sonra 21 muxtar respublika və bölgəyə sahib olan Rusiya Federasiyası Tataristanın müstəqilliyini elan etməsi və bunu referenduma aparmasının qarşısını hansı səbəblə alacaq? Rusiya, Cənub Osetiya, Abxaziya və Krım qərarından sonra öz ərazi bütövlüyünü birbaşa risk altına salıb".
Pekin özünü
çətinliyə saldı
TÜRKSAM rəhbəri Krım məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Çinin sərgilədiyi davranışın da diqqətçəkən olduğunu bildirir. S.Oğan hesab edir ki, Rusiyanın qınanması qərarına Rusiyanın veto qoymasından sonra Çinin bu məsələdə bitərəf qalması da Pekinin əlini gələcəkdə zəiflədəcək. Yazı müəllifinin fikrncə, Rusiya ilə əlaqələrini pozmaq istəməyən Çin Şərqi Türkistan kimi bölgələrlə bağlı özünü çətinliyə salıb: "Çindən ayrılması danışılan bu bölgələrin taleyi BMT-yə gələndə Çinin davranışı necə olacaq? Yenə də bitərəf qalacaq, yoxsa veto qərarı verəcək? Bütün bunlara baxanda deyə bilərik ki, Krım referendumu Rusiya üçün bir qisas halına gəlib. Nəyin qisası olduğunu çox açıq şəkildə ifadə etmək lazımdır, Krım Kosovanın qisasıdır. Çünki Rusiya həmin vaxt Kosovanın müstəqilliyinin BMT-nin ərazi bütövlüyü prinsipini zəiflədəcəyini söyləmişdi. Görünən odur ki, Rusiya Kosovanın qisası üçün ən uyğun bölgə olaraq Krımı seçib".
"Pandora qutusu"
Krım yarımadasının Rusiyanın nəzarətinə keçməsinin Rusiyanın Qara dənizdə əhəmiyyətli bir mövqe qazanacağı anlamına gəldiyini vurğulayan türkiyəli millət vəkili dənizdəki iqtisadi sahələrin yenidən bölünməsi məsələsinin gündəmə gələcəyini qeyd edib.
"May ayında keçirilməsi planlaşdırılan Ukrayna prezident seçkiləri üçün Rusiya əlindəki bütün kartlarını öz siyasi planı çərçivəsində bütün manevrləri ilə birgə həyata keçirməkdədir. Amma Rusiya çox təhlükəli bir oyun oynayır və bu təhlükəli oyun nəticəsində Rusiyanın Krım qərarı qarşıdakı müddətdə Şimali Qafqazdan Tatarıstana qədər olan bölgənin Rusiyadan ayrılmasına imkan yaradacaq prosesləri özü ilə gətirə bilər. Eyni zamanda Uzaq Şərqdə də bənzər prosesləri və buna Qərbin dəstək verməsini də gözləmək olar. Krım sanki "Pandora qutusu" halına gəlib. "Pandora qutusu"nu Rusiya öz əli ilə açıb. 21 muxtar bölgəsi olan bir ölkənin başqa bir muxtar bölgənin başqa bir ölkədən ayrılmasını dəstəkləməsi hər halda Putin baxımından həyatının qumarı, yaxud da Putin üçün rus ruleti olduğunu da ifadə etmək lazımdır", - TÜRKSAM-ın rəhbəri sonda bildirir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32