İsmət Abbasovun kadrlarının "vurulması" yenidən başladı
11:28 19-03-2014
CƏMİYYƏT
İsmət Abbasovun kadrlarının "vurulması" yenidən başladı
Kənd Təsərrüfatı Nazirliyində hansı məmurlar səksəkə içindədir?
Heydər Əsədovun Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəhbərliyinə gətirilməsindən sonra bu qurumun bir neçə vəzifəli şəxsi postunu itirdi. Sonradan nazirlikdəki kadr islahatlarında səngimə yaşandı və bu da KTN-nin bir çox vəzifəli şəxslərində arxayınçılığa səbəb oldu.
Onlar Əsədovun kadr islahatlarının artıq tamamən dayandığını və öz postları üzərindəki təhlükə buludlarının dağıldığını düşünürdülər. Amma yeni nazirin Kənd Təsərrüfatı Nazirliyinin daha iki şöbə müdirini vəzifəsindən azad etməsi belə arxayınçılığa əsas olmadığını və qurumda kadr islahatlarının, obrazlı desək, "yarpaq tökümünün" davam edəcəyini göstərir.
Belə ki, nazirlikdən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
Hər iki şöbə müdiri sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun ən yaxın adamlarından sayılırdı. Onların görəvlərindən alınması keçmiş nazirin KTN sistemində hələ də postlarında qalan digər kadrlarında da ciddi narahatlıqların yaranmasına yol açıb.
Bu barədə verilən məlumata görə, Heydər Əsədovun nazirlik daxilində kadr islahatlarına yenidən start verməsindən ən çox əndişələnlərdən biri "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovdur. Belə ki, bu qurumda korrupsiyanın dərin kök salması onun rəhbərliyində dəyişikliyi çoxdan qaçılmaza çevirib. Elə bu səbəbdən də gözlənilən islahat dalğasının ilk olaraq məhz "Aqrolizinq" şefini "vuracağı" ehtimalı xeyli yüksəkdir. Hətta Əli Bayramovun görəvdən alındıqdan sonra "Aqrolizinq"də genişmiqyaslı yoxlamaların ikinci mərhələsinin başlaya biləcəyi hazırki səhmdar cəmiyyət rəhbərinin ortaya çıxarılacaq pozuntularla bağlı xeyli "tər tökmək" məcburiyyətində qalacağı da istisna edilmir.
Gözlənilən islahat dalğasında zərbə alacaq məmurlar arasında Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi də var. Məsələ burasındadır ki, kənd təsərrüfatı naziri Heydər Əsədov regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib ki, baytarlıq xidmətinin özəlləşdirilməsi görüləcək işlərdən biridir. Bu isə Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın da görəvi ilə vidalaşacaq yüksək çinlilər arasında olacağını proqnozlaşdırmağa ciddi əsas verir.
Bundan başqa, nazirliyin daha bir neçə vəzifəli şəxsinin də görəvdən alına biləcəyinə dair məlumat var. Bu sırada texniki siyasət və aqroservis şöbəsinin müdiri Rəşid Cəfərovun, investisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Rəşid Abbasovun və İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidovun da adları çəkilir. Həmin şöbə müdirləri də keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasova yaxın kadrlar sayıldığından onların da yeni nazirlə yollarının ayrıla biləcəyini təxmin etmək bir o qədər çətin deyil.
Xatırladaq ki, bu ilin fevralında Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının icrasına həsr olunan konfransda ölkə başçısı kənd təsərrüfatının inkişafının növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacağını vurğulayıb. Prezident deyib ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri aparılmalıdır. O, buna böyük ehtiyac duyulduğunu və yeni strukturun müasir tələblərə cavab verməli olduğunu bildirib. Prezident həmçinin sistem xarakterli islahatlara üstünlük verilməli olduğunu da vurğulayıb. İlham Əliyev kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməsinin vacibliyini qeyd edib: "Dünyada bu sahədə böyük uğur qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək".
Ölkə başçısının bu çıxışından sonra qarşıdakı dövrdə Heydər Əsədovun rəhbərlik etdiyi nazirlikdə geniş miqyaslı islahat dalğasına start verməsi tamamilə gözləniləndir. Əks halda, aqrar sektorun dirçəldilməsi üçün nazirliyin öz fəaliyyətini daha çevik, müasir dövrün tələblərinə uyğun şəkildə qurması qeyri-mümkün olardı.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49