Mayakovski Stalinə görə özünü güllə ilə vurubmuş?
12:06 19-03-2014
CƏMİYYƏT
Mayakovski Stalinə görə özünü güllə ilə vurubmuş?
Məşhur rus şairinin ölümü haqqında gizlinlər
Aktyor Yevgeni Leonovla görüşənə qədər mən Mayakovskinin taleyi ilə çox da maraqlanmırdım.
Ancaq doxsanıncı illərin əvvəllərində Yevgeni Pavloviçdən aldığım müsahibə zamanı o, etiraf eləmişdi ki, şairlərdən ən çox sevdiyi Leonid Martınov və yaradıcılığının ilk dönəmindəki Mayakovskidir.
Şairin OQPU (Dövlət Siyasi Baş İdarəsi. RSFSR NKVD-si nəzdində yaradılan və 1923-34-cü illərdə fəaliyyət göstərən bu qurum birbaşa partiyanın Mərkəzi Komitəsinə tabe idi - A.Y.) əməkdaşları tərəfindən qətlə yetirilməsi barədə həmin vaxtlar mətbuatda gedən yazılardan söz açmaqla mən özümün bu barədə məlumatlı olduğumu göstərmək istədim.
Ancaq bunu eşidən aktyor gözlərini qıyaraq dedi:
- Mayakovskinin özünü güllə ilə vurduğunu şəxsən mən tam dəqiqliyi ilə bilirəm. Onda şairin həndəvərində heç bir çekist-filan yox imiş.
Mənim bu sözlərdən dərin heyrətə qapıldığımı həzzlə süzən Yevgeni Pavloviç 1930-cu il 14 aprel tarixində şairin Lubyankadakı mənzilində nələr baş verdiyini ən dəqiq təfərrüfatlarına qədər mənə anlatmağa başladı. Eşitdiklərimdən hədsiz heyrətləndiyim üçün ağzım lap açıla qalmışdı: axı, Leonov bütün bunları haradan bilirdi?
Bu sirrin örtüyünü qaldırmaq çox da çətin olmadı. Şairin sonuncu sevgilisi olan Veronika Polonskaya aktyor Mixail Yanşinin arvadı olub, Yanşin isə Y.Leonovun sənətdə himayədarı, hamisi imiş və "Turbinlərin həyatı" adlı tamaşada Lariosik surətini yaratmağı da Leonova məhz o, həvalə edibmiş.
Leonovun danışdıqlarına şübhə bəsləməmə hər hansı əsas yox idi, çünki həmin faciə baş verən gün Yanşinin evə dönən xanımı hər şeyi öz ərinə, o isə bunları sonradan sevimli tələbəsinə anladıbmış.
Tapançalı qadın
Əlbəttə, Mayakovskinin məhz OQPU əməkdaşları tərəfindən öldürülmə versiyası adama xeyli effektli görünür. 1990-cı illər üçün isə bu, həm də ideoloji baxımdan doğru versiya idi.
Öz üsyankar xarakteri və mühacirətdə olan ağqvardiyaçı xanımlara duyduğu hədsiz düşkünlüyü nöqteyi-nəzərindən o, Sovet hökuməti üçün aşkar təhlükə mənbəyi sayıldığından aradan götürülübmüş. Ancaq cinayət işində xeyli uyğunsuzluqlar var.
Məsələn, protokolda Mayakovskinin özünü mauzerlə vurduğu qeyd olunur, həkimlərin onun bədənindən çıxartdığı isə "Brauninq" gülləsi imiş. Sonradan mauzer məsələsi sənədlərdən harayasa qeybə çəkilib və yerində sadəcə "Brauninq" peyda olub.
Polonskayanın ifadəsində deyilir ki, cəsəd ayaqları qapıya doğru uzanıbmış, protokolda isə bunun tam əksi yazılıb: şairin başı qapıya doğru imiş. Bundan başqa, milis protokollarında əli tapançalı qadını görən şəxsin - poçtalyon Timofey Siqalayevin adı yerli-dibli çəkilmir.
Bu kişinin mövcudluğu barədə mən təsadüfən, onun Peredelkinodakı Yazıçılar Evində işləyən ahıl nəvəsindən eşitmişdim. O vaxtlar biz, yəni Qorki adına Ədəbiyyat İnstitutunun məzunları, məşhur yazarlara qonaq getməyi yaman xoşlayırdıq…
Nəvəsi mənə danışmışdı ki, babası Timofey Siqalayev binanın girişində ikən pilləkənlərlə başılovlu enən və əlində tapança tutan bir xanımla rastlaşıbmış. Yevgeni Leonovu dinləyərkən mən həmin detalı xatırladım və həmin vaxt poçtalyonun məhz Polonskayanı görə biləcəyini… anladım!
Aktrisa özü bu faktdan nə istintaq protokolunda söz açır, nə də xatirələrində. O, müstəntiqlərə etiraf edibmiş ki, əlaqələrini tamamilə kəsəcəyini Mayakovskiyə bildirəndə şair hirslənib, özündən çıxıbmış. Halbuki xatirələrində qadın başqa şərtlərdən bəhs edir: guya o, şairə ərə getməyə razılıq versə də, teatrdan əsla ayrılmayacağını bildiribmiş. Protokolda və xatirələrdə sonrakı bölüm isə bir-birindən çox da fərqlənmir: qadın mənzili tərk edəndən bir qədər sonra atəş səsi eşidibmiş.
Həyat yoldaşının Mayakovski ilə eşq macərası yaşaması xəbərinin əri Mixail Yanşini dərindən sarsıdacağını bilsə də, Polonskaya baş verən olayı ona səmimi etiraf etməkdən başqa çarəsi yox imiş.
Kriminal mənşəli mauzer
Mənim Leonovdan öyrəndiyim ölüm versiyası faktiki olaraq Polonskayanın öz ərinə danışdığı versiyadır və o, hər şeyi yerbəyer etməklə yanaşı, uyğunsuzluqları da ortadan qaldırır.
Məsələ belə olubmuş. Polonskaya aralarındakı məhrəmliyin bir yanlış olduğunu Mayakovskiyə elan edəndən sonra onlar həmişəlik ayrılırlar. Şair, adəti üzrə, öz "Brauninq" tipli tapançasını çıxarıb, qadının gözləri qarşısında özünü öldürməklə onu hədələyir. Bu, onun üçün xarakterik hərəkət imiş: işləri bir azca dalana girən kimi tapançasını çəkib, özünü vurmaqla yanındakıları qorxudurmuş.
Bənzər "cəhdi" o, düz üç dəfə Liliya Brikin yanında təkrarlayıbmış: birinci dəfə atəş açılmayıb, ikinci kərə güllə ondan yan keçib, üçüncü cəhddə isə qadının əri Osip Brik tapançanı şairin əlindən tutub alıbmış.
Faciənin baş verdiyi axşam ərəfəsində Mayakovski yenə də öz "Brauninq"ini əlində oynadırmış. Həmin vaxt o, yazıçı Valentin Katayevin evində imiş və bir müddətə aktrisa V.Polonskaya ilə evdəki xəlvət bir otağa çəkildikləri vaxt qadının əri Yanşin qonşu otaqda oturubmuş. Şairin əlində tapança oynatdığını görən Veronika Vitoldovna ağıllı tərpənir və durub, otağı tərk eləyir. Oynaşının xasiyyətinə artıq yaxşı bələd olan aktrisa anlayıbmış ki, şair - epataj düşkünüdür və özünü göstərmək üçün tamaşaçı axtarır. Ona görə də bənzər hallarda təcili qaydada onu təkbaşına qoymaq - ən yaxşı çarə imiş.
Ancaq faciəli 14 aprel günü səhər şairin evində olan Polonskaya fərqli davranır: səsini başına ataraq, Mayakovskinin üstünə cumur, tapançanı onun əlindən alıb, "Kömək edin!" deyə çığırmaqla, mənzili tərk edir. Əlindəki tapançayla qadın birinci mərtəbədəki girişə yetişəndə orada poçtalyon Siqalayevlə rastlaşır. Həmin an yuxarı mərtəbədə atəş açılır. Sən demə, masadakı siyirmədə şair mauzer tipli daha bir tapança saxlayırmış.
(ardı var)
Aleksandr Andryuxin
Çevirəni: Azad Yaşar
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55