"Kupça" almaq üçün səyyar xidmət təşkil ediləcək
"Kupça" almaq üçün səyyar xidmət təşkil ediləcək
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi: "Gedilən məkanın vaxtı qrafiki müəyyənləşdiriləcək, vaxt barəsində vətəndaşlara məlumat veriləcək"

Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Bakı şəhəri və rayonlarda xüsusi avtomobillərlə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərəcək. Hələlik 13 ədəd olan bu avtomobillər bütün naviqasiya sistemləri ilə, internetlə təchiz olunacaq.
Bununla da yaşayış yerləri uzaqda olan vətəndaşlar texniki məsələlərin həlli, daşınmaz əmlakın müayinəsi, yerində baxış və bu kimi başqa xidmətlərdən yararlana biləcək.
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Məhəmməd İmanov deyib: "Gedilən məkanın vaxtı qrafiki müəyyənləşdiriləcək, vaxt barəsində vətəndaşlara məlumat veriləcək. Əməkdaşlarımız qeyd olunan vaxtda həmin yerdə olacaq. Əmlak sahibləri yaxınlaşaraq buradaca qeydiyyata aldıra biləcək və yaxud vətəndaşlara daşinmaz əmlakla bağlı hüquqi məsləhətlər veriləcək".
Həmçinin öz əmlakını dövlət qeydiyyatına aldırmaq istəyən ahıl, tənha yaşayan və sağlamlıq imkanları məhdud olan vətəndaşlar daşınmaz əmlakın dövlət reyestri xidmətinə telefonla və ya elektron məktubla müraciət edərək həmin qurumun nümayəndələrini yaşadığı ünvana çağıra bilər. Bu xidmətin köməyi ilə onlar öz ərizələrini mərkəzə göndərə bilərlər.
Bütün bu xidmətlər isə əhaliyə pulsuz olaraq təqdim olunacaq. Daşınmaz əmlakın reyestr xidmətindən bildirirlər ki, əsas məqsəd əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaqdır.
Aliyə