İran parlamentinin deputatından şok açıqlama
12:11 19-03-2014
CƏMİYYƏT
İran parlamentinin deputatından şok açıqlama
"Urmiya gölü qurusa, Təbriz tamamilə yaşana bilməyəcək vəziyyətə gələcək"
"Əgər Urmiya gölü quruyarsa, onun duzları İranın bütün ərazisinə ziyan vuracaq, eyni zamanda Təbriz şəhəri tamamilə yaşana bilməyəcək vəziyyətə gələcək". AZOH-un verdiyi məlumata görə, bunu İran parlamentində Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərini təmsil edən azərbaycanlı deputat Əlirza Monadi bildirib.
Onun sözlərinə görə, Urmiya gölü ölür: "Bu gün bunu bir daha bəyan edirəm. Ancaq bununla belə, indiyədək sözlərimizin heç bir əməli nəticəsi olmayıb. Halbuki Urmiya gölünün xilası məsələsi müqavimət iqtisadiyyatının icrasının mühüm göstəricilərindən biri olmalıdır".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70%-i 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.
İranla bağlı bir başqa xəbərdə isə deyilir ki, İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib. "Fars" xəbər agentliyinin verdiyi məlumata görə, martın 18-də BMT-nin Vyanadakı ofisində baş tutan görüşdə Məhəmməd Cavad Zərif və Ketrin Eşton Cenevrə razılaşmasında öz əksini tapmış son addımlarla bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələrinin keçirilməsi qərara alınıb. Danışıqlarda Ərak ağır su nüvə reaktoru, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, yəni Birgə Fəaliyyət Proqramındakı addımlar və "altılıq" ölkələrinin üzərlərinə düşən öhdəliklərin ikinci bəndinin dördüncü maddəsi, sanksiyaların aradan qaldırılması, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq nüvə silahlarının istehsalı və yayılması məsələləri müzakirə olunacaq. Müzakirələrdə İran nümayəndə heyətinə M.C.Zərif, "altılıq" ölkələrinə isə K.Eşton rəhbərlik edəcək.
Qeyd edək ki, M.C.Zəriflə K.Eştonun martın 17-də Vyanada bir işgüzar şam yeməyi zamanı keçirilməsi planlaşdırılan görüşü ləğv edilib. Buna səbəb K.Eştonun İrana səfəri zamanı martın 9-da Avstriyanın Tehrandakı səfirliyində azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və ilyarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşməsi olub.
Nəticədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt növbəti nüvə müzakirələrinin gündəliyini müəyyənləşdirmək üçün bir araya gəliblər.
Murad İbrahimli
Digər Xəbərlər
2025-02-25 22:55:04

2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00
