Vüqar Gülməmmədovdan gözləntilər özünü doğruldurmu?
10:44 28-03-2014
İQTİSADİYYAT
Vüqar Gülməmmədovdan
gözləntilər özünü doğruldurmu?
Bu qurumu bəzi oliqarx-məmurların təsir dairəsindən çıxarmaq vacibdir
Məlum olduğu kimi, ötən ilin payızında Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gətirilməsindən sonra onun sədri olduğu Hesablama Palatasına da yeni sədr təyin edildi. Palataya rəhbərlik Vüqar Gülməmmədova tapşırıldı.
Bundan sonra adıçəkilən qurumun dövlət vəsaitlərinin xərclənməsi üzərində şəffaflığı artıracağına dair yeni ümidlər meydana çıxdı. Məsələ burasındadır ki, Əsədovun dövründə Hesablama Palatasının fəaliyyətinə münasibət birmənalı deyildi. Bir çoxları hesab edirdilər ki, Palata bəzi oliqarx-məmurların ciddi təsiri altındadır və öz audit yoxlamaları zamanı həmin iri məmurların maraqlarını nəzərə alır.
Vüqar Gülməmmədov isə Hesablama Palatasına sədr təyin edildikdən sonra ilk açıqlamalarında bildirdi ki, qarşıda duran əsas vəzifələr risk əsaslı maliyyə auditindən səmərəli auditə keçilməsi və dövlət hesablarının təhlili üzrə Hesablama Palatasının potensialının gücləndirilməsidir: "Ən əsas işlərdən biri də kənar və daxili auditin sərhədlərinin müəyyənləşdirilməsi, bunların müvafiq qanunvericilikdə əks olunmasıdır. Bunların həyata keçirilməsi üçün Hesablama Palatasının insan resursları artırılmalı və təşkilatın strukturunda təkmilləşdirilmə aparılmalıdır. Görəcəyimiz əsas işlər bunlardır".
Bəs yeni sədrin vədləri özünü doğruldubmu? Ən əsası Hesablama Palatasının müəyyən iri məmurların birbaşa və dolayı nəzarətinə son qoyulubmu? Bir çox ekspertlər qurumun yeni sədrinin 6 aylıq fəaliyyəti əsasında bu suala cavab verilməsini müəyyən qədər mümkünsüz hesab etsələr də, ümumi mənzərəyə əsaslanaraq Hesablama Palatasının fəaliyyətində ciddi dönüş olmadığı qənaətindədirlər.
Halbuki açıq şəkildə görünür ki, Hesablama Palatasının işinin keyfiyyətini artırmağa ehtiyac var və bu məqsədlə Avropa, Ukrayna və Rusiya təcrübəsindən istifadə oluna bilər. Ekspertlərin fikrincə, Avropa Birliyinin Auditorlar Palatasının üzvü tələb olunan şərtləri yerinə yetirmədikdə palata onun haqqında qərar qəbul edə bilir. Bu zaman onun barəsində hazırlanmış məlumat Auditorlar Palatasının bütün üzvlərinə göndərilir. Eyni zamanda həmin üzvə məhkəmədə özünü müdafiə etmək hüququ verilir. Üzv haqqında qərar gizli səsvermə yolu ilə və palata üzvlərinin 4/5-nin iştirakı ilə qəbul olunur. Məsələsi səsverməyə çıxarılan üzvün özü səsvermədə iştirak etmir. Hesab olunur ki, Azərbaycanda Hesablama Palatasının auditorlarının işdən kənarlaşdırılması prosedurlarının tətbiqi zamanı bu təcrübədən bəhrələnmək olar.
Ekspertlər həmçinin Avropa Birliyinin Auditorlar Palatasında üzvlərin maraqlarının bəyan edilməsi tələbinə də diqqət çəkir. Onların sözlərinə görə, bu, Azərbaycan kimi ölkələr üçün çox vacibdir. Çünki Azərbaycanda gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı öhdəliklərin olmaması son nəticədə Hesablama Palatasının sədrini və auditorları da belə öhdəliklərdən azad edir. Bu isə üzvlərin maraq konfliktlərinin idarə olunmasında çətinlik yaradır.
Ekspertlər vurğulayır ki, Avropa Birliyinin Auditorlar Palatasında yoxlamaların aparılması standartları (kodlar) var. Bu standartlar yoxlamaların təşkili qaydalarını nizamlayır. Belə standartların Azərbaycanda da tətbiqi səmərə verə bilər.
Qeyd edilir ki, Ukraynanın Hesablama Palatası strukturlaşma, Rusiyanın Hesablama Palatası isə büdcə rəylərinin keyfiyyəti baxımından fərqlənir. Ukraynada Hesablama Palatasının fəaliyyəti dövlət büdcəsinin funksional istiqamətləri üzrə təşkil olunub. Burada ən vacib funksional istiqamətlərdə departamentlər fəaliyyət göstərir. Hesablama Palatasının strukturuna elmi-tədqiqat institutu da daxildir ki, bu da aparılan yoxlamaların və maliyyə-audit ekspertizalarının elmi əsaslarla möhkəmləndirilməsinə xidmət edir.
Rusiyanın Hesablama Palatasının büdcə rəylərində icmal büdcənin əsas parametrləri, təkcə növbəti ilin deyil, orta müddətli dövrün də büdcə sisteminin təhlili verilir. Rəydə büdcə prosesinin mərhələlər üzrə qiymətləndirilməsi aparılır. Palatanın rəyində nəticə və təkliflər bölməsi də hazırlanır.
Ümumiyyətlə, Hesablama Palatasının işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər belə ümumiləşdirilir: palata müstəqil və təcrübəli mütəxəsislərdən təşkil olunmalıdır; büdcə ilə bağlı ildə bir dəfə formal xarakterli hesabatlar yox, xüsusi təyinatlı, müstəqil araşdırmalar təşkil edilməlidir; mövcud büdcə idarəçiliyində problemlərin həlli ilə bağlı deputatlarla müzakirələr keçirilməlidir; büdcə ilə bağlı təkliflərin sayı və keyfiyyəti artırılmalıdır; Hesablama Palatasının səlahiyyətləri çoxaldılmalı, yoxlamalar intensivləşməlidir; ictimai nəzarət mexanizmləri olmalıdır, yoxlama aparan və hesabat hazırlayan işçi qrupunda parlamentdə təmsil olunan müxalif siyasi partiyaların nümayəndəsi olmalı və bu nümayəndələr hər il dəyişməlidir.
Bəs bu və digər təkliflərə Hesablama Palatasının yeni sədri Vüqar Gülməmmədov isti yanaşa, belə təkliflərin hamısının və ya bir çoxunun reallaşması istiqamətində səylər nümayiş etdirə bilərmi? Ekspertlər bunu sədrin iradəsinə bağlayırlar.
Əgər Vüqar Gülməmmədov ayrı-ayrı iri məmurların Palatanın auditləri üzərində təsir imkanlarını azaltmaq istiqamətində iradə ortaya qoyarsa, qurumun fəaliyyəti də həm müasir standartlara cavab verə bilər, həm də sədr dəyişikliyi real nəticələr verməyə başlayar. Əks halda qurumun rəhbərliyinin əvəzlənməsi formal xarakter daşıyacaq, bu isə Gülməmmədovun həmin posta təyin edilərkən vəd verdiyi "səmərəli audit"ə keçidin elə vəd olaraq da qalması anlamına gələcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17