ABŞ-İran-İsrail gizli əlaqələri
10:56 28-03-2014
CƏMİYYƏT
ABŞ-İran-İsrail gizli əlaqələri
Onlar doğrudanmı, bir-birlərinin ən qatı düşmənləridirlər?
Siz hələ də ABŞ və İsrailin İran arasında heç bir əlaqənin olmadığını, dünyanın ən qatı düşmənləri olduğunu düşünürsünüzsə nəsə söyləmək artıqdır. Ortada Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ), ölkə prezidenti Ronald Reyqanın etirafları, məhkəmə davalarının oduğu halda kiminlərinsə aldadıcı populist çıxışlarına inanmaq sadəcə sadəlövlük olardı.
Məlum olduğu kimi, İranda 1979-cu ildə İslam inqilabının baş verməsindən sonra regionda diplomatik və iqtisadi əlaqələrdə köklü dəyişikliklər baş verdi. Xüsusən, İrandakı ABŞ səfirliyinin tutulması İran-ABŞ münasibətlərinin dünyanın ən qatı düşmən obrazının yaradılmasına səbəb oldu. Soyuq savaş dönəmi olmasına baxmayaraq SSRİ artıq qısa zaman sonra öz mövqeyini itirəcəkdi.
Radikal teokratik şiələrin iş başında olması İranı ABŞ-ın ən yaxın dostu İsraillə qiyamətə kimi kafir-mömin profilli düşmənçiliyə çevirdi. Əlbəttə ki, İsraillə belə münasibətlərdə yalnız ABŞ yox, İranın qatı dəstəkçisi və İranın müdafiə etdiyi Hizbullah təşkilatı da böyük rol oynayırdı. İsrailin regionda hər bir hərəkətinə maneçilik törətməyə çalışan Hizbullah sonradan İsrail-ABŞ-İran arasında ipli oyuncağa çevriləcəkdi.
Hər şey 80-ci illərin əvvəllərində başladı. Bir skandal bu üç ölkənin gizli əlaqələrini ortaya çıxaracaq, məbləği ağıllara sığmaz ticarət əlaqəsi məlum olacaqdı.
Bütün bu əlaqələr 1986-cı ilin noyabr ayında ortaya çıxdı. Bu zaman ABŞ Nikaraquada solçu hakimiyyəti devirmək üçün hakimiyyətə qarşı döyüşənlərə maliyyə və silah yardımı edir, onların təlim keçməsinə köməklik göstərirdi. Amma 1986-cı ildə Nikaraquanın hakimiyyətdə olan Sandinist silahlıları tərəfindən yerli silahlılara silah daşıyan bir pilot ələ keçirildi. Beləliklə dünya cəmiyyətinin düşündüyünün tam əksi məlum oldu.
ABŞ hökümətinin 1930-cu illərdən bəri Nikaraquanın Marksist-Sandinist hökümətini devirməyə çalışması onun bəzi yerlərdə özünün belə inana bilməyəcəyi səhvlər etməsinə səbəb oldu. Nikaraqua hökümətinin dirənişi ABŞ-ı dünya ictimaiyyətində ifşa edəcəkdi.
ABŞ Nikaraquada yerli höküməti devirməyə çalışarkən Livanda bir qrup amerikalı Hizbullahın əlinə keçmişdi. Soyuq müharibə bir yandan, digər tərəfdən ABŞ-ın qonşuluğundakı ölkələrdə hakimiyyətlərin solçuların əlinə keçməsi Reyqan hökümətini çarəsiz duruma qoymuşdu.
Hizbullah rəhbərliyi kimsəni dinləmir və danışıqlara belə getmək istəmir. Digər tərəfdən isə nəhəng bir dövlətin terrorist saydığı təşkilatla diplomatik əlaqəyə girməsi onun üçün baş ucalığı gətirməyəcəkdi. Elə isə kim bu problemi aradan qaldıra bilərdi? Və cavab tapıldı. ABŞ-ın bir nömrəli düşməni yalnız İran bu məsələni həll edə bilərdi. İranın Hizbullahla münasibətlərini, ona təsir etmək gücünü anlayan Reyqan hakimiyyəti İranla münasibət yaratmağı daha uyğun yol bildi.
Bəs, İranla bu əlaqələri necə yaratmaq olardı? Bu çox təhlükəli təklif olardı. Soyuq müharibə sırasında ABŞ-ın qəbul etmədiyi bir hakimiyyətlə masa arxasında əyləşməsi onun nüfuzunu yerlə yeksan edərdi. Aranı düzəltmək üçün vasitəçi lazım idi. Bu vasitəçi isə ABŞ-ın hər mənada inandığı və etibar etdiyi İsrail dövləti idi.
ABŞ bu problemi aradan qaldırmaq üçün dərhal qollarını çırmaladı və İsraillə İran arasında məxfi görüşlərə start verildi. ABŞ bu görüşlərdə Tehrana öz təklifini verdi: "Sən Hizbullahın saxladığı əsirləri geri qaytar, mən də sənə laızm olduğu qədər silah satım."
Bu çox gözəl bir təklif idi. Həm də gözlənilməz. İrana qarşı sanksiyalar onun silahlanmağına, ticarət əlaqələrini buxovlamışdı. Və belə bir zamanda İraq-İran müharibəsi... Belə bir göydəndüşmə təklifə yox demək ağılsızlıq olardı. İslam rejimi təklifi qəbul etdi...
Böyük bir silah alverinin əsası beləcə qoyulmuş oldu. ABŞ silahları İsrail vasitəsiylə İrana çatdırır, İran isə həmin silahlarının pulunu İsrail vasitəsilə ABŞ-a göndərirdi. Hə iki tərəf bu alverdən çox məmnun görünürdü.
ABŞ bu qeyri-leqal silah alverindən gələn pulların xərclənməsi üçün yer də tapmışdı. Bu pullar elə qeyri-leqal işlərə yönəldilməli idi. Xüsusən, solçu hökümətləri devirmək üçün. Beləliklə, Irana satdığı silahların pulunun bir hissəsini Nikaraquada hökümətinə qarşı döyüşən silahlılara göndərirdi. İran isə aldığı silahlarla ordusunu silahlandırır, sanksiyaların yaratdığı çətinlikdən çıxmağa çalışırdı.
Amma bu çox çəkmədi. ABŞ-İsrail-İran məhəbbət üçbucağının taleyi Nikaraquada ifşa olundu. Ələ keçən pilot ABŞ-ın yardımlarından danışacaq, sol hökümətə yardım edən dünya kəşfiyyatçıları isə bu izlə gedərək üçbucağının pərdə arxasındakı münasibətlərini ortaya çıxaracaqdı.
Bu olay məhkəməyə kimi uzandı. Bu ondan öncəsə hadisəni yalanlamaq üçün Reyqan hökümətinin üzərinə böyük məsuliyyət düşürdü. Ölkə prezidenti dərhal televiziyalar önünə çıxdı. 6 noyabr 1986-cı il çıxışında Ronald Reyqan belə bir şeyin olmadığını bildirdi. Bütün bu ittihamların yalan, ABŞ-ı sevməyən qüvvələrin işi olduğunu söylədi. Amma onun söylədiklərinə inanmaq çox çətin idi. Ortada inkaredilməz faktlar var idi. Dünyanın ən nəhəng iki dövlətindən birinin prezidentinin yalanının üzə çıxması heç də həmin dövlət üçün baş ucalığı gətirmirdi. Hadisələri başqa məcraya yönəltmək və ya bu ticarəti kiminsə üzərinə yıxaraq ABŞ-ı bu rüsvayçılıqdan qurtarmaq lazım idi. Və ölkə prezidenti tərəfindən yeni bir çıxış hazırlandı. Reyqan bu dəfə 13 noyabr tarixində televiziyalar önünə çıxdı. Bu dəfə o baş verənlərin yalan olmadığını, həqiqətə söykəndiyini söylədi. Amma...
Amma o bunu Hizbullah kimi təşkilatla əlaqə üçün yaradılmadığını bildirdi. Yəni bu əsirlərə görə deyilmiş. Hər halda ABŞ prezidenti nəyi etiraf etsə də Hizbullahdan çəkindiyinə görə bucür ticarətə getdiyini deyə bilməzdi. Təsəvür edirsinizmi, ABŞ kimi nəhəng dövlət Hizbullahdan qorxub. Bunu bir prezident necə etiraf edə bilərdi?!
Məsələdə MKİ-in əsas barmağı olduğu üzə çıxdıqdan sonra Amerika Milli Təhlükəsizlik İdarəsinin polkovniki Oliver Nos bütün məsuliyyəti öz üzərinə götürdü və istefa verdi. O, dövlətini bu biabırçılıqdan xilas etmək üçün son vəzifəsini yerinə yetirdi...
Bu hadisənin digər ilginc tərəfi isə regionda gedən İraq-İran müharibəsində yaşananlar idi. ABŞ Səddam Hüseyn rejimini bu müharibədə müdafiə edir və öz köməyini əsirgəmirdi. Amma ortaya çıxan faktlar göstərdi ki, ABŞ eyni zamanda İraqı dəstəkləməklə İrana da silah satır. Aysberqin görünən tərəfi ABŞ-ın İraqı dəstəkləməsi, eyni zamanda isə pərdə arxasında İrana silah satması beyinləri illərlə məşğul edəcəkdi. Bu ABŞ-ın sonra göstərdiyi dəstəklərdə də özünü göstərəcəkdi. İki müharibə edən dövlətlərdən birini açıq aşkar müdafiə edəcək, digərinə isə tamaşanın arxasından əlini uzadacaqdı. Deyildiyi kimi ABŞ-ın dostları yox, əbədi mənafeləri var.
XXI əsrdə də bu tip hadisələr yaşanmaqda davam edir. Ara-sıra ABŞ-İran arasında münasibətlər tarıma çəkilir, aradasa yumşalma və ya münasibətlərdə siyasi sabitlik yaranır. Amma bunların hamısı dünya qarşısında blef adlandır abilərik. Çünki, pərdə araxasında başqa oyunlar gedir.
İrana qarşı sanksiyalar yenə də davam edir. Bəs, İran öz ordusunu silahlandırmaqda, dövləti maliiyələşdirməkdə hansı metodlardan istifadə edir. Hər şey əslində çox dərin göründüyü kimi də bəsitdir. Hətta İran bəzi məsələlərdən qərbin söylədiyi kimi imtina etsə də bu qərbə sərf etmir. Ona görə də qərbə İranda həmişə radikal hakimiyyətin mövcud olmasından sərf edici ikinci vasitə yoxdur. Hətta radikal rejimə qarşı ayaqlanma olduqda belə qərb qollarını çırmalayaraq hakimiyyətə öz yardımı göstərir. Təbii ki, yenə pərdə endikdən sonra.
Sanksiyalar zamanı İran öz neftini qeyri-leqal yollarla satmağa məcbur olur. İranın ən böyük neft yataqlarına malik oduğunu nəzərə alsaq hər şey aydındır. Əvəzində qərb ucuz neftə sahib olur, eyni zamanda neftə olan tələbatını ödəyir, İran rejimi isə pul qazanır. Hətta bu nə qədər ucuz alınsa da neft zənginliyi İranın böyük pullar əldə etməsinə köməklik göstərir.
Bugün Hind okeanı hövzəsində qərbin hərbi-dəniz qüvvələri keşik çəkir. Onların izni olmadan hər hansı bir tankerin İran neftini daşınması mümkün deyuil. Qıraqdan hər şey qanuni görünə bilər. Hətta İran başqa dövlətlərə neft satsa da belə əvəzində ABŞ-ın neft vasitəsilə "peşkəş"ini görməli olur. Bu peşkəş isə ucuz qiymətə satılan neft məhsullarıdır. Hazırda Fars körfəzi hövzəsində çoxlu sayda neft ayırma zavodları və limanlar fəliyyət göstərir ki, onların 50%-dən artığı qeyri-leqal fəaliyyət göstərir. Həmin zavod və limanlara isə yəhudi və qərb iş adamları-kəşfiyyatçıları tərəfindən nəzarət olunur. Orada çıxarılan neft məhsulları adətən dövlət sənədlərindən gizlədilir. Sanki bu neft yerin altından çıxardılmayıbmış. Həmin neft məhsulları sonradan əl dəyişilərək qanuniləşərək İran nefti olmaqdan çıxır və başqa ölkənin çıxardığı neftə çevrilir. Daha sonrasa o nefti qərb dövlətləri qanuni formada almış olur.
Əlbəttə, İranın statistikaya görə çıxarılan neft həcmi və onu satdığı ölkələr var. Amma biz qeyri-leqal, sənəd üzərində olmayanlardan danışdıq.
Digər bir gizli əlaqə isə zamanla ABŞ-ın və bəzi qərb dövlətlərinin İranın xarici siyasətini idarə etməsidir. Qarşılıqlı anlaşma əsasında İran bəzi hallarda onların xarici siyasətini yürüdür. Misal üçün, İranın qonşu dövlətlərindən biri qərbdən və ya ABŞ-dan uzaqlaşır. Bu zaman kəşfiyyat işə düşür. Həmin dövlətlə İran arasında kiçik qalmaqal yaradılır. Bu adi sərhəd keçid məntəqəsindəki problem, Xəzərin bölünməsi, dini ideyalar və.s ola bilər. Beləliklə İran həmin dövlətə qarşı bir bəhanə taparaq "ilişməyə" çalışır. Həmin dövlət isə bu durumdan çxımaq üçün qərbə sığınmağın labüd olduğunu düşür. Qərb isə müəyyən tələblər qarşılığında qucağını həmin dövlətə açaraq "xilasedici" rolunu oynayır. Həmin "Qərb" istədiyini aldıqdan sonrasa İrana dayan əmri verilir...
(Ardı var)
Emin Piri
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50