İnsan həyatının 5 qəpiklik əksi
10:58 28-03-2014
CƏMİYYƏT
İnsan həyatının 5 qəpiklik əksi
Yaxud ekrandan uşağınızı öyrədən qatil
Bu gün valideyn məsuliyyətsizliyi ucbatından neçə-neçə azyaşlının taleyi məhvə sürüklənir. "Kurtlar Vadisi", "Kaçak" və s. bu tip insan ömrünün 5 qəpik dəyərində olduğunu aşılayan seriallarda dəhşət, hiddət təbliğ olunur. Əlbəttə, böyüklərlə yanaşı, bu təsir azyaşlılardan da yan keçmir. Uşaq psixologiyasında belə şey var ki, o gördüyünü təlqin edir.
PSY-nin "Gangam Style" klipinə baxan azyaşlının onun kimi davranması bu fikirlər üçün ən bəsit nümunədir. Hələ 15 il öncəyə nəzər salsaq, mənzərənin tamamilə fərqli olduğunu müşahidə edə bilərik. Yəni bizim uşaqlıq illərimizə təsadüf edən zamanlarda uşaqlarda daxili aqressiya yox idi. Nəyə görə? O vaxtlarda az-çox seriallar yayımlanırdı. Lakin kommersiya, mafioz qruplaşmalara xidmət edən yayımlar efirə verilmirdi. Və ya insanları öldürmək üçün xüsusi oyunlar ələ keçmirdi. Məhz bu səbəbdən o dövrün uşaqları daha təmkinli idilər. Təəssüflər olsun ki, bu gün valideynlər pultu övladının əlindən belə ala bilmirlər. Daima televiziya ilə təmasda olan azyaşlı üçün əsas müəllim də elə mavi ekran sayılır. Son zamanlar ölkəmizdə cinayət faktlarının artmasında belə serial və filmlərin rolu danılmazdır. Ekspertlərin də fikrincə, azyaşlılar arasında da arzuolunmaz halların yaşanmasında bu amilin mühüm rolu var.
Sovet dövründə dəhşət, hiddəti təbliğ edən kadrların yayımında müəyyən məhdudiyyət olduğunu deyən sosioloq Əhməd Abbasbəyli istənilən halda film-serialların yayımında zaman baxımından məhdudiyyətin olmasının vacibliyindən danışır: "Sovet dövründə bu cür dəhşətli kadrların efirə birbaşa yayımı dövlət tərəfindən qadağan olunmuşdu. İndiki dövrdə heç bir məhdudiyyət olmadan özəl kanallar tərəfindən belə yayımlar təşkil edilir. İstənilən halda verilişlərin, film və serialların yayımı üçün məhdudiyyət olmalıdır".
Sosioloq belə kadrların azyaşlı, yeniyetmələrə də mənfi təsir etdiyini söyləyir. O, həmin kadrların azyaşlıların gələcəklərini təhlükə altına atmaqla yanaşı, müəyyən psixoloji problemlər yaratdığını da deyir: "Bu tip yayımları izləyən azyaşlı və yeniyetmələrin gələcəkdə qatil olması, törədə biləcəyi cinayətlərdən danışmazdan öncə ilk olaraq onu vurğulayaq ki, cinayəti təbliğ edən, açıq-aşkar hadisənin necə baş verdiyini çatdırmaq insanlarda müxtəlif psixoloji problemlərə səbəb olur. Qorxu, əlavə stress, dəhşət, hiddət azyaşlıya mənfi təsir edir".
Ekspert qeyd edir ki, bu tip arzuolunmaz hallar Azərbaycanla yanaşı, digər xarici ölkələrdə də əsas problemə çevrilib: "Xarici ölkələrdə də son zamanlar məktəblilər arasında aqressiyanın artması müşahidə edilir. Məktəbli sinif yoldaşına, müəllimlərə qarşı aqressiv davranır, onlara xəsarət yetirir. Təbii ki, belə arzuolunmaz hadisələrin baş verməsində başqa faktorlarla yanaşı, izlədiyimiz serial və filmlərin də rolu danılmazdır. Avropa üçün xas olmayan cəhət olsa da, Norveçdə, Rusiyada baş verən hadisələr insanlar arasında aqressiyanın, cinayətə meylliliyin artdığını göstərir. Rusiyada baş verən cinayət hadisəsində məktəbli oğlan müəllimini və mühafizəçini öldürür".
"Kurtlar Vadisi", "Kaçak" və digər belə serialların kommersiya məqsədi ilə çəkildiyini söyləyən Ə.Abbasbəyli deyir ki, insanlar hər zaman dava-dalaşa tamaşa etməyi sevirlər. İstehsalçılar insan psixologiyasına bələd olaraq belə kadrları nümayiş etdirməyə daha çox üstünlük verirlər: "Birinci növbədə belə serialların çəkilməsində kommersiya məqsədinin ön pillədə dayandığını vurğulamaq istərdim. İnsan elə bir məxluqdur ki, tarix boyu dava-dalaşa tamaşa etməyi sevib. Hazırda efir məkanında çox eybəcər, səviyyəsiz verilişlər yayımlanır. İnsanların sosial, ailə-məişət problemlərini çox eybəcər halda efirə çıxardaraq nümayiş etdirirlər. Tamaşaçı insanların problemlərindən, ər-arvad arasında olan dava-dalaşdan həzz aldığı kimi ölüm-dirim kadrlarından da zövq alır. İnsanın ailəsindəki iyrənc söhbətləri açıb-qabartmaq məgər ondan yaxşıdır? Belə verilişlər də insanın psixologiyasına təsir edir. O adamın başı xarabdır, bəs sənə nə olub? Tamaşaçı niyə baxır? Tamaşaçı baxır, veriliş reytinq gətirir deyə efir məkanında çox eybəcər mənzərə yaranıb. Belə film-serialların yayımında da ilkin məqsəd çoxlu gəlir əldə etməkdir. Əlbəttə ki, bununla yanaşı, dəhşəti, hiddəti təbliğ edən, insanları silaha əl atmağa yönləndirən serial və filmlərin nümayişində başqa məqsədlər də var".
Bu gün bütün dünyada narkomafiyanın geniş nüfuz aldığını söyləyən ekspert bu biznesin başında duran şəxslər tərəfindən narkotik vasitələrin serial və filmlərdə sətiraltı da olsa, təbliğ olunduğunu söyləyir: "Dünyada narkomafiya geniş nüfuz alıb. Bir sıra xarici ölkələrdə yüksək çinli məmurlar onlarla əlbir olub, işbirliyi qururlar. Narkomafiyanın işinin nədən ibarət olduğunu bilirəm. Biznesin rəhbərləri kino-seriallar üçün külli miqdarda vəsait buraxırlar ki, ən azı 3 saniyə belə ona lazım olan kadr yayımlansın, narkotik vasitələr təbliğ olunsun. Hollivud filmlərində narkotik istifadəçisi müsbət qəhrəman kimi təqdim edilir, narkotik maddə qəbul edərək insanlara yardım etməsi nümayiş edilir. El sözü ilə desək, belə qəhrəmanlar "krutoy" tip kimi tamaşaçıya təqdim edilir. Altşüur, 25-ci kadr deyilən bir məsələ var. Şüuraltı təbliğat belə istər-istəməz insana təsir edir, onu səhv istiqamətə yönləndirir. Xarici filmlərdə müsəlmanlar terrorçu kimi təqdim olunur. Əlbəttə ki, 3 saniyəlik belə kadrda da hər hansı sətiraltı məna var".
Tez-tez həbsxanaya gedərək məhbuslarla söhbət edən Ə.Abbasbəyli serial və filmlərdə nümayiş olunan davranış modellərinin real həyatda da təkrarlandığını deyir: "Həmsöhbətim olan məhbuslardan biri deyir ki, varlı adamın evində fəhlə işləyirdi. İşinin müqabilində nə qədər tələb etsə də, qarşı tərəf ona az məbləğ ödəyib. Aradan bir müddət keçib. Cinayəti törədən şəxs öz həyatına, başına gələn hadisələrə bənzər bir kadrı izləyir. Bu kadrda fəhlə obrazını canlandıran obrazın ona ziyan verən şəxsin uşağını oğurlaması əksini tapır. Fəhlə də eyni hərəkəti təkrarlayır, pulunu əskik verən şəxsin nəvəsini oğurlayaraq ondan pul tələb edir. İnsan qisas almaq üçün gördüyünü dərhal tətbiq etməyə çalışır. Bu tip serialların insanların davranışına təsir ehtimalı var".
Övladlarının televiziya önündə nə izləməsinə valideynləri tərəfindən nəzarət olmasının vacibliyini deyən ekspert uşaq proqramlarının azlığından gileylənir: "Telekanallarda insanların yaş təbəqəsinə uyğun müxtəlif tip proqramlar üçün müəyyən planlaşdırma olmalıdır. Yerli kanallarda bu planlaşdırmaya ümumiyyətlə məhəl qoyulmur. Valideynlər də gərək ki, övladının onunla yanaşı serial izləməsinə şərait yaratmasınlar. Bu gün yerli teleməkanın əsas problemlərdən biri də uşaq verlişlərinin az olmasıdır. Uşaq nəyə baxmalıdır? Məgər efirdə yayımlanan iyrənc şou-biznes proqramları azyaşlı və yeniyetmələrə pis təsir etmir? Orta məktəbi bitirməyən, savadsız, adını müğənni qoyan birisi efirə çıxaraq ağzına nə gəldi, danışır. Uşaq baxanda düşünəcək ki, oxumaq nəyə lazım, bu ifaçı kimi rahat yolla pul qazana bilər də. Daim şou-biznes xadiminə baxmaqla uşaq nə tərbiyə alacaq? Uşaq proqramlarına da müğənniləri dəvət edirlər. O da baxıb deyir ki, mən də müğənni olacağam".
Psixoloq Dəyanət Rzayev isə yayımlanan türk və xarici serialların mənfi düşüncələr təbliğ etməsi fikri ilə bir o qədər də razı deyil: "Hər bir millətin milli mentalitetə xas özünəməxsus davranış modeli var. Yayımlanan seriallar, deməzdim ki, hər hansı mənfi amili təbliğ edir. Məsələn, pornoqrafik kadrlar açıq-aşkar göstərilmir. Baxdığımız seriallarda müxtəlif ailə, davranış modellərini görə bilərik. Və ya hər hansı situasiyada necə çıxış etmək lazım olduğu göstərilir".
D.Rzayev ölkəmizdə ölüm hallarının adiləşməsində serialların da rolunun olduğunu deyir.
Psixoloq həm də düşünür ki, ölkəmizdə sərbəst silah alveri olsaydı, cinayət faktlarının sayı daha da artmış olardı: "Ölkəmizdə sərbəst silah satılmır. Azərbaycanda hələ silahlar sərbəst satılmadığı halda cinayət faktları artır. Amerikada silahlar sərbəst satılsa da, bu ölkədə cinayətkarlığın faizi aşağı düşüb".
Bir sıra ekspertlər cinayət faktlarının öncəki illərlə müqayisədə artmasında medianın rolunun az olmadığını vurğulayır. Bu səbəbdən qeyd edə bilərik ki, serial və bu tip dəhşətli filmlər də cinayət faktlarının artmasında heç də az çəkiyə malik deyil. Lakin psixoloq arzuolunmaz halların artmasında medianı günahkar bilmir: "Hər şeyin səbəbini mediada görməyək. Bu, cəfəngiyyatdır. Bu tip cəfəng şeylər düşünmək əvəzinə insanların problemlərini həll etmək lazımdır. Bu problemlər həll olunduqdan sonra neqativ faktların azalmasını müşahidə edəcəksiniz".
Məhin Məhərrəmli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33