Hər il Azərbaycandan xaricə axan 1,5 milyard dolların sirli izi
11:03 28-03-2014
İQTİSADİYYAT
Hər il Azərbaycandan xaricə axan 1,5 milyard dolların sirli izi
Və yaxud avtomobil bazarının "özgə köhnəsinə minənlər"i haqqında
Azərbaycan avtomobil bazarı 2014-cü ilin ilk iki ayında çox təzadlı iki göstəricisi ilə yadda qalıb. Bir tərəfdən, avtomobil kreditlərinə qoyulan məhdudiyyətlər satışları azaldıb və uyğun olaraq, yanvar-fevral aylarında ölkəyə gətirilən avtomobillərin sayı əvvəlki ilin uyğun dövrünə baxanda 6,6% aşağı düşüb. Digər tərəfdən, elə həmin dövr ərzində yerli avtomobil istehsalı 4,6 dəfə artıb. Həmçinin, yerli avtomobil dilerləri satışların əla getdiyini və müştəri bazasının gündən-günə genişləndiyini vurğulayıblar.
Əcaba, avtomobil bazarında bu cür böhranlı günlər yaşandığı, bazarda müştəri qıtlığının yaşandığı bir zamanda yerli avtomobil istehsalçılarının satışlarında bu cür kəskin dönüş nə ilə bağlıdır? Hər halda, ötən 2013-cü ildə yerli avtomobil istehsalı idxal avtomobillərlə rəqabətdə uduzurdu və 2012-ci ilə nisbətən bu sektorda 21,8% geriləmə olmuşdu.
ans-press-in araşdırmasına görə, bu işdə köhnə avtomobillərin kreditə verilməsində yaradılan çətinliklər rol oynasa da, yəni ilkin ödəniş üçün əsas məbləğin 80%-i qədər vəsait tələbi satışları çətinləşdirsə də, yerli istehsalçıların atdığı tutarlı addımlar da öz sözünü deyib. Yerli müəssisələr öz məhsullarını yetərincə əlverişli kredit şərtləri ilə təklif edirlər.
Məsələn, minik avtomobillərinin yeganə yerli istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu tam qiyməti 9 min manat olan avtomobil üçün ilkin ödəniş kimi cəmi 1400 manat istəyir, həm də kredit yerində rəsmiləşdirilir, sığorta sənədləri və digər rəsmiliklər təmin edilir. Bundan sonra müştəriyə, sadəcə, 3 il müddətinə ay ərzində 300 manat ödəmək qalır. Yəni sadəcə şəxsiyyət vəsiqəsini və 1400 manatı götürüb zavodun satış məntəqəsinə gedərək bir neçə saatdan sonra avtomobillə evə dönmək mümkündür.
Yaxud nisbətən bahalı 13 min manatlıq avtomobil almaq istəyən müştəri 1600 manat ilkin ödəniş eləməlidir və bundan sonra onun 3 il ərzində ayda 447 manat pul ödəməsi yetərlidir. Göründüyü kimi, əlində azacıq pulu olan və taksiçilik fəaliyyəti ilə ailəsini dolandırmaq istəyən adamlar üçün əlverişli təklifdir. Hər halda, Bakıda taksi sürücüləri yaxşı çalışdıqda ayda 1000 manata qədər qazana bilirlər ki, bunun 300 manatını kreditə yönəltmək onları elə də çətinliyə salmaz. Yüksək maaşlı işdə işləyən adamlar üçün isə, təbii ki, 447 manatlıq aylıq ödəniş normal görünür.
Lakin avtomobil bazarının strukturuna real baxdıqda və artım faizlərini kənara qoyaraq mütləq rəqəmlərlə danışdıqda, bu müsbət dinamikanın ümumi kütlədə payının çox az olduğunu görmək olur. Belə ki, yanvar-fevral aylarında ölkədə cəmi 142 ədəd avtomobil istehsal edilib ki, bu, həmin müddətdə ölkəyə xaricdən gətirilən 13 162 avtomobilin 1,08%-i qədərdir, ölkədəki avtomobil artımının isə 1,06%-ni təşkil edir. Sirr deyil ki, yerli avtmobil istehsalçıları bazara girməkdə çətinlik çəkirlər. Statistikaya görə, 2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal edilib. Halbuki, il ərzində ölkəyə 95 minə qədər minik avtomobili gətirilib və yerli istehsal bazarın 0,5%-dən də aşağı bir hissəsini əhatə edib.
Bu vəziyyətin nəticələri də göz qabağındadır. 2013-cü ildə təxminən 1,5 milyard dollara yaxın vəsait avtomobillər və onun ehtiyat hissələri üçün ölkədən kənara çıxıb. Ölkədə yığılan avtomobillər bazarda önəmli paya malik olsaydı, həmin vəsaitin xeyli hissəsi Azərbaycanda qalardı ki, bu da minlərlə işçinin əmək haqqı və dövlət büdcəsinə ödənmiş yüz milyonlarla manat vəsait demək olardı. Həm də idxal nəticəsində ölkəyə köhnə avtomobillər gətirilir. Aprelin 1-ə kimi Azərbaycana əsasən yaşı 15-ə çatan avtomobillər gətirilirdi, aprelin 1-dən isə yaşı 10 ətrafında dəyişən avtomobillər idxal ediləcək. Yəni əslində işbazlar real dəyəri bir neç yüz dolları keçməyən metal qırıntısına bir neçə min dollar xərcləyərək ölkəyə gətirirlər.
Bu məğlubiyyət vəziyyətindən çıxışın yeganə yolu ölkədə milli avtmobil sənayesinin təşkilidir. İlk mərhələdə avtmobilləri sadəcə yığmaqla kifayətlənmək olar. Bu zaman yüzlərlə yeni iş yeri açılar, həm də yığma hissələri ölkəyə topdan daha ucuz qiymətə gətirilər. Daha sonra isə ehtiyat hissələrinin istehsalı da təşkil edilə bilər. Possovet ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda avtomobil sənayesinin inkişafı üçün yetərincə bazar olmaması barədə deyilənlər həqiqətə uyğun deyil. Hər il 100 minə qədər minik maşınının reallaşdırıldığı bazar heç də kiçik sayıla bilməz. Avtomobil sənayesinin yaradılması da heç zaman gec deyil. Məsələn, bazarı Azərbaycanınkından təxminən 2 dəfə böyük olan Özbəkistan 2008-ci ildə "General Motors"la müqavilə imzalayıb və əyalət şəhəri Asakada mövcud olan avtomobil zavodunun ərazisində sıfırdan yeni avtomobil zavodu tikilməsi barədə razılıq əldə edib. Hazırda zavod ildə 230 minə qədər avtmobil istehsal edir ki, bunun yalnız 90 minə qədər Özbəkistanda satılır, qalanı isə Rusiyanın və digər region ölkələrinin bazarlarına göndərilir. "General Motors" Özbəkistanda yığma hissələrinin də istehsalını təşkil edib və ölkənin müxtəlif əyalətlərində yerləşən 120-yə yaxın müəssisə Asakadakı zavoda yarımfabirkat göndərir.
"Əmlak bazarı iştirakçıları" İB-nin icraçı direktoru, daşınmaz və daşınan əmlak üzrə ekspert Ramil Osmanlının fikrincə, Azərbaycan oxşar addımı Naxçıvan Avtomobil Zavodunun bazasında ata bilər. Təbii ki, Gəncə və Bakıda yerləşən avtomobil zavodlarının da imkanlarından istifadə edilməsi mümkündür. "İlk öncə, zavodun buraxdığı məhsulların çeşidi genişlənməlidir. Həm də ölkə səviyyəsində yerli malın alınması ilə bağlı ciddi təbliğat işi aparılmalıdır ki, xalq yerli avtomobillərə alışa bilsin. Məsələn, dövlət satınalmaları yalnız yerli avtomobilləri əhatə edə bilər",- deyə Ramil Osmanlı ANS PRESS-ə bildirib. Ekspertin fikrincə, Azərbaycan da digər ölkələrin təcrübəsindən yararlanaraq eyni şassi üzərində həm minik, həm yük avtomobili, həm də mikroavtobus yığa bilər. Bu, yığma hissələrinin bir qisminin istehsalının təşkinə imkan yaratmaqla yanaşı, ölkədə ehtiyat hissələri bazarını da inkişaf etdirər.
Əslində, yaxın on illər boyu neftdənkənar bölmənin inkişafı ilə bağlı Azərbaycanın qarşısında duran öhdəliklər də bunu tələb edir. Hər halda, avtomobil sənayesi elə bir sektordur ki, yaradılan 1 iş yeri 7 əlavə iş yerinin yaramasına səbəb olur. Bu isə sözün həqiqi mənasında neftdənkənar bölmənin çiçəklənməsi deməkdir.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53