Martın 30-dan sonra Azərbaycanda nurçulara qarşı yeni dalğa başlayacaq
14:57 30-03-2014
İQTİSADİYYAT
Martın 30-dan sonra Azərbaycanda nurçulara qarşı yeni dalğa başlayacaq
Ərdoğanın bələdiyyə seçkilərindəki qələbəsi Fətullah Gülənin ölkəmizdəki tərəfdarlarına nə vəd edir?
Məlum olduğu kimi, Türkiyədə seçki gərginliyi başa çatmaq üzrədir. Artıq sabah-martın 30-da əhali seçkilərə qatılaraq Türkiyənin bəlkə də gələcək inkişaf istiqamətini müəyyənləşdirəcək qərara imza atmış olacaq. Budəfəki seçkilərin önəmini artıran bir sıra faktorların müştərəkliyi isə prosesə diqqəti daha da artırıb. Bilindiyi kimi, Türkiyədə Fətullah Gülənlə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında yaşanan görünməmiş ziddiyyətlər, Gülənə bağlı güclü qrupların bu seçkilərdə hakim AKP-ni hədəf alması, Ərdoğanın "seçkilərdə qalib gəlməsək siyasətdən gedəcəm" bəyanatı, digər daxili ziddiyyətlər və bu qəbildən olan onlarla səbəb tələb edir ki, Türkiyədə baş verənlərə və baş verə biləcəklərə xüsusi diqqət ayıraq.
Məlumat üçün bildirək ki, Azərbaycanla müqayisədə Türkiyədə bələdiyyə seçkiləri əsas siyasi partiyalar üçün strateji önəm kəsb edir. Eyni zamanda Türkiyədə reallaşacaq bu seçkilərin Azərbaycanın daxili siyasətinə təsirsiz ötüşməyəcəyi də diqqətlərdən yayınmamalıdır. Bu haqda bir qədər sonra, indilik isə seçkilərə bir gün qalmış Türkiyədə son aylar baş verən siyasi olayların qısa özətinə göz ataq…
Qeyd edək ki, Ərdoğan iqtidarı seçki dönəmində çox mühüm siyasi qərarlar verdi. Belə ki, Türkiyədə Fətullah Gülən tərəfdarları olan - camaatın sıradan çıxarılması həyata keçirildi. İllər öncə elə Gülən camaatına söykənərək hakimiyyətə sahiblənən Ərdoğan böyük bir projeni gerçəkləşdirmək üçün qərar verdi. Bundan bir qədər öncə Ərdoğana qarşı İstambulun "Gəzi Parkı"nda yaşanan etirazları da xatırlasaq bu seçkilərin hakim partiya üçün asan keçməyəcəyini söyləmək olar. Amma mövzumuz bu olmadığından həmin istiqamətdə hansısa uzaqgedən nəticələr çıxarmaq istəməzdik. Bu yazıda daha çox Türkiyədə yaşananların Azərbaycana mümkün təsirləri haqda bəhs edəcəyik.
Xatırladaq ki, bir qədər öncə Türkiyədə yaşanan böyük bir dalğa Azərbaycana qədər gəlib çatdı. Azərbaycanda da nəticə oldu və hələ ki, proses səngiyib. Aylardır ki, davam edən piar kampinyasında çox mühim adamların adları keçsə də, hələlik yalnız Prezident Adminstrasiyasının siyasi təhlil şöbəsinin rəhbəri Elnur Aslanov işini itirib. Lakin ölkə mediasına sızdırılan informasiyalarda təkcə Elnur Aslanovun adı keçmirdi. PA rəsimisi ilə yanaşı ali təhsil ocaqlarından tutmuş, strateji enerji layihələrinə qədər ən müxtəlif istiqamətlərdə belə adamlar haqda danışılırdı. Lakin proses Azərbaycanda bir qədər ertələnib deyə, hələlik onlarla bağlı qərarlar verilməyib.
Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, martın 30-dan yəni, Türkiyədəki bələdiyyə seçkiləri başa çatdıqdan sonar Azərbaycanda nurçulara qarşı yeni təzyiq kampaniyasına start veriləcək. Mənbə iddia edir ki, bu daha çox Ərdoğanın seçkilərdən qalib ayrılacağı təqdirdə baş verə bilər. Çünki bələdiyyə seçkilərində qalib gəlməklə Ərdoğan laxlamış mövqelərini tam olaraq bərpa etməklə yanaşı Fətullah Gülən camaatına qarşı da həm daxildə, həm də qonşu dövlətlərdə hücumlarını intensivləşdirəcək. Mənbəmiz iddia edir ki, Türkiyənin baş naziri Ərdoğan Azərbaycana yolladığı müraciətində nurçuların Azərbaycanda ciddi şəkildə şəbəkələşdiyini önə çəkərək narahatlığını ifadə edib və bu səbəbdən də rəsmi Bakının bu yöndə əməlli addımlar atacağı gözlənilir.
Son aylar Azərbaycanda Fətullah Gülənə bağlı dövlət məmurlarının olduğu, onların sırasında hətta deputatların varlığı barədə silsilə məlumatlar yayılmaqdadır. Məlumatlara görə, martın 30-dan sonar konkret olaraq nurçu şəbəkəsinə daxil olan onlarla yüksək vəzifəli dövlət məmuru hədəfə alınacaq. Hazırda həmin məmurların kimliyi bəllidir və onların sıra ilə "vurulacağı" proqnozlaşdırılır. Eyni zamanda Gülənlə əlaqəli olan kursların və təhsil ocaqlarının da təftiş olunaraq bağlanılması gözlənilir. Yaxın vaxtlarda "Çağ Öyretim", "Zirvə" və "Araz" kursları bağlanılması barədə qərar verilə bilər. Nurçulara bağlı olduğu iddia edilən "Qafqaz" Universitetinin gələcək aqibətinə aydınlıq gətirən mənbə bir neçə versiyanın olduğunu bildirir. Qeyd olunur ki, ilkin mərhələdə Qafqaz Universitetinin Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə müəyyən şərtlər daxilində şarait yaradıla bilər. Universitetin maddi-texniki bazasının, təhsilin səviyyəsinin dünya standartlarına uyğun olması bunu labüd edir. Amma razılaşma mümkün olmadığı halda Universitetin fəaliyyətinə xitam veriləcək.
Amma unutmayaq ki, bütün bu planın tam və ya qismən həyata keçirilməsi böyük mənada hakim AKP-nin seçkilərdə qalib gəlib-gəlməyəcəyindən asılı olacaq. Odur ki, indi Türkiyədə martın 30-da keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində əsas suallardan biri hakim Ədalət və İnkişaf Partiyasının nə qədər səs yığacağıdır. Bəzi ekspertlər hakim partiyanın nüfuzdan düşdüyünü deyir, səs itkisinə uğrayacağını proqnozlaşdırır. Amma bununla bağlı əldə etdiyimiz statistika maraqlı mənzərəni ortaya çıxarır. Belə ki, Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldiyi 2002-ci ilin parlament seçkisində 34.29% səs yığıb və ondan sonrakı bütün seçkilərdə səs faizini daim artırıb, bələdiyyə seçkilərində isə bir qədər azalma olub:
2004-cü ilin bələdiyyə seçkiləri: böyük şəhər bələdiyyə başqanlıqları - 75%, bələdiyyə başqanlıqları - 54.81%, bələdiyyələrə məclis üzvlüyü - 48.26%;
2007-ci ilin parlament seçkisi - 46.58%;
2009-cu ilin bələdiyyə seçkiləri: böyük şəhər bələdiyyə başqanlıqları - 62.50%, bələdiyyə başqanlıqları - 49.67%, bələdiyyələrə məclis üzvlüyü - 45,48%
2011-ci ilin parlament seçkisi - 49,91%.
Amma unutmayaqn ki, bu yalnız statistikadır, reallığın nədən ibarət olacağı isə martın30-dan sonar bəlli olacaq. Amma bu seçkilər yuxarıda da qeyd etdiyimiz kimi təkcə Türkiyədə hansı qüvvənin güclü, hansının zəif olduğunu ortaya çıxarmaqla yekunlaşmayacaq. Bu seçkilər həm də Azərbaycandakı bəzi məmurların da sonunu gətirə bilər.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53