Cəbhədə gərginliyin yaranmasında Rusiya izi
15:01 30-03-2014
CƏMİYYƏT
Cəbhədə gərginliyin yaranmasında Rusiya izi
Sahib Alıyev: "BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü ilə bağlı Azərbaycanın mövqeyindən sonra Tovuzun Ermənistanla sərhəddindəki Əlibəyli kəndi intensiv atəşə tutuldu"
Xəbər verildiyi kimi erməni silahlı qüvvələri dünən gecə saatlarında Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozub. Son ayların ən qızğın döyüşlərindən biri kimi qəbul edilən atışmada ermənilər iri çaplı silahlarla Tovuz rayonu Əlibəyli kəndini aramsız olaraq atəşə tutublar. Gecə saatlarında Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Azərbaycan ordusunun hərbçisi də ayağından yaralanıb.
Düşmən həmləsi həmçinin kənd sakinlərindən bəzilərinə maddi zərər vurub. Belə ki, onlardan bəzilərinin evlərinin və avtomobillərinin şüşəsinə zərər dəyib. Atışma zamanı Əlibəyli sakini 44 yaşlı Tağıyev Elman Qoca oğlu düşmən gülləsinə tuş gəlib. Kənd sakinlərinin verdiyi məlumata görə, son 6 ayda belə intensiv atışma olmayıb. Azərbaycan Ordusu düşməni cavab atəşi ilə susdurub. Qeyd edək ki, atəşkəs elan edilməsinə baxmayaraq erməni tərəfi demək olar ki, hər gün atəşkəsi pozur. Lakin dünən gecə düşmənin arakəsmədən cəbhə xətinə yaxın ərazilərimizi atəşə tutması Azərbaycanın, işğalçı rejimi dəstəkləyən Rusiyanın marağına cavab verməyən siyasi taktikası ilə əlaqələndirilir.
"Unikal"a açıqlama verən Millət vəkili, siyasi icmalçı Sahib Alıyev də dünən gecə Tovuzun Əlibəyli kəndi istiqamətində erməni tərəfin atəşkəsi dayanmadan pozmasının Azərbaycanın ötən gün Ukrayna ilə bağlı verdiyi qərarla bağlantısı olduğunu söyləyir:
"Ötən gün BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnaməyə baxılırdı. MDB ölkələrindən cəmi üçü onun lehinə səs verdi. Onlardan biri təbii ki, Ukraynanın özü, digəri isə Azərbaycanla Moldova idi. Azərbaycan heç nəyə baxmayaraq növbəti dəfə öz prinsipiallığını ortaya qoydu. Və çox güman ki, rəsmi Bakının bu prinsipial mövqeyi Mərkəzi Asiya dövlətlərinin də mövqelərinə müəyyən dərəcədə təsir edib. Rusiyanın Krımı özünə birləşdirməsini dəstəkləyən Qazaxıstanla Qırğızıstan bu dəfə neytrallıq sərgilədilər. Maraqlıdır ki, elə həmin gün Tovuzun Ermənistanla sərhəddindəki Əlibəyli kəndi intensiv atəşə tutuldu. Yerli sakinlərin dediyinə görə, cəbhənin bu hissəsində son yarım ildə ermənilər bu cür azğıncasına atəşkəsi pozmayıblar. Bu təsadüfdürmü?".
S. Alıyev deyir ki, əgər Ermənistanın Rusiyanın Krımla bağlı son atdığı addımı dəstəkləməsi, Avropa Birliyi ilə 3 il boyunca apardığı danışıqların üstündən xətt çəkərək Gömrük İttifaqına qoşulması təsadüfdürsə, bu da təsadüfdür: " Atəşkəsin intensiv pozulması cəbhənin Azərbaycanın içindən keçən hissəsində deyil sərhəddə-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsir zonasında baş verir. Görəsən Amerikanın Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik bunun niyə baş verdiyini və ermənilərin atəşkəsi bu dərəcədə azğıncasına pozmaq əmrini kimdən aldıqlarını bilmirmi? Əlbəttə bilir. Elə isə tvitter diplomatı heç olmasa bu dəfə hər şeyi öz adıyla çağırsın".
Mələk Eyvazlı
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39