Heydər Əsədov üçün çətin sınaq
10:28 01-04-2014
CƏMİYYƏT
Heydər Əsədov üçün çətin sınaq
Nazir yayda gözlənilən "qıtlıq təhlükəsi"ni aşa biləcəkmi?
Bir müddət davam edən isti hava şəraitindən sonra Azərbaycanda şaxtalı hava müşahidə edildi. Sərt hava şəraiti nəticəsində bəzi evlərin damı uçdu, bəzi yerlər qaranlığa qərq oldu.
Lakin vətəndaşlar yaranmış və görünən problemlərdən çox, kənd təsərrüfatında sonradan yaranacaq çətinliklərdən narahatdırlar. Bəzi fermerlər becərdikləri meyvə ağaclarının bu il bar verməyəcəyindən qorxur. Onlar deyirlər ki, bəzi ağaclar artıq tumurcuqlamışdı. Fermerlər qardan sonra həmin ağacların donacağı və bütün çəçəklərini töküləcəyindən qorxur. "Biz torpaq adamıyıq. Gözümüzü torpağa dikmişik və çörəyimiz ondan çıxır. İndi havanın bizimlə qorxulu zarafatı gələcəyimizi təhlükə altına atır. Ümidimiz ancaq Allaha qalıb. Ehtiyat edirik ki, bu il məhsullarımız az və keyfiyyətsiz olsun", - deyə Siyəzəndən olan fermer Kərəm Məmmədov bildirib. Ekspertlər də, isti havadan sonra qəflətən havanın dəyişməsini xeyirli əlamət saymırlar.
Kənd təsərrüfatı ekspertləri isə bildirirlər ki, havanın kəskin şəkildə aşağı düşməsi kənd təsərrüfatında müəyyən problemlər yaradacaq. Onun sözlərinə görə, bu hal mütləq bitkilərin fizioloji durumuna təsir edəcək.
Ekspertlər bunu kənd təsərrüfatının bir çox sahələrinə aid edirlər. Çünki nəzərə almaq lazımdır ki, bəzi bitkilərin çiçəklənmə dövrü başlayıb. Bəzilərində bu yekunlaşmaq üzrə idi, digərlərində isə çiçəklənmə başlayırdı.
Ekspertlərin fikrincə, əgər bundan sonra da havanın temperaturu aşağı olarsa, daha da ciddi fəsadlar yaranacaq. "Allah eləməmiş yenə qar yağarsa, bu kənd təsərrüfatının faciəsi ola bilər. Lakin bu dəfəki qarın meyvə istehsalına necə təsir etdiyini bundan sonra aparılacaq müşahidələrdən sonra biləcəyik" - ekspertlərdən Vahid Məhərrəmov bildirib.
Lakin Kənd Təsərrüfatı Nazirliyində vəziyyətin elə də ciddi olmadığını bildirirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, dünənki qarın fermerlərin işinə həm müsbət, həm də mənfi təsir edəcək. "Kənd təsərrüfatı riskli bir sahədi. Yəni hava iqlim şəraitindən sığortalanmayıb. Son dövrlər havanın kəskin dəyişməsi, soyuq hava kütləsinin ölkəyə daxil olması kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir. Bu hal taxılçılığa müsbət təsir edir. Çünki qarın yağması torpaqda münbütlüyü, nəmliyi artırır. Bu da taxıl bitkilərinin inkişafına müsbət təsir edir", - deyə o, bildirib.
Heydər Əsədovun nazirliyinin sözçüsü deyib ki, tərəvəz məhsulları adətən aprelin ikinci ongünlüyündə sahələrə köçürülməyə başlanır. Xüsusən də pomidor, xiyar məhsulları və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayacaq. Bu baxımdan bostan bitkilərinin inkişafına müsbət təsir edəcək. Lakin qarın gözlənilmədən, isti havalardan sonra yağması meyvəçiliyə mənfi təsir edir. Onun sözlərinə görə, xüsusən də çəyirdəkli meyvələrin, ərik, alça, badam və s. yetişməsinə ziyandır. Hansı ki, erkən çiçəkləyən ağaclar var, onların bar verməsinə mənfi təsir edir.
Nazirlik rəsmisi fermerlərə belə hallarda bəzi ehtiyat tədbirlərinin görülməsini məsləhət bilib: "Fermerlər əlavə aqrotexniki tədbirlər həyata keçirtməklə məhsulu bərpa edə bilərlər. Xüsusən də meyvəçiliklə məşğul olan fermerlərə məsləhət görərdik ki, şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görsünlər. Torpağa kompleks gübrələr verilsin. Torpaq yaxşıca bellənsin. Bir də, şaxta vuran budaqları kəsməklə don vuran tumurcuqları bərpa etmək olar. Bununla da, məhsuldarlığı müəyyən dərəcədə saxlamaq mümkündür".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti kəskin dəyişib. Hava yağıntılı olub, sulu qar, qar yağıb.
Qar örtüyünün hündürlüyü Qax 42, Xınalıqda 30, Kişçayda 26, Daşkəsən, Göygöldə 22, Ordubadda 21, Qubada 18, Lerikdə 16, Yardımlıda 14, Lerik, Altıağacda 13, Şəki, Kəlvəzdə 12 , Zaqatalada 11, Naxçıvanda 10, Ağdərədə 8, Şahbuzda 6, Qəbələdə 5, İsmayıllıda 4, Şərurda 3, Biləsuvarda 2, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib. Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub.
Onu da deyək ki, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov pis hava şəraitini kənd təsərrüfatındakı məhsul qıtlığına bir bəhanə kimi göstərməyi sevirdi. Amma hiss olunur ki, yeni nazir - Heydər Əsədov sələfinin yolu ilə getmək fikrində deyil və onun nazirliyində qəfil pisləşən havaların aqrar sahədə "qıtlıq təhlükəsi" yaratmayacağı qənaətindədirlər.
Əlbəttə, belə optimizm təqdirəlayiqdir. Ancaq bəzi ekspertlər istənilən halda havaların pis keçməyə davam edəcəyi təqdirdə Əsədov və nazirliyini qarşıda ciddi sınaq gözlədiyindən əmindirlər. Onlar hesab edirlər ki, yeni nazirin və rəhbərlik etdiyi qurumun bu sınaqdan necə çıxacağını zaman göstərəcək.
Əgər proqnozlaşdırılan "qıtlıq təhlükəsi" reallaşarsa bunun Əsədovun kənd təsərrüfatı naziri olaraq fəaliyyəti ilə bağlı xeyli suallar yaradacağı qaçılmazdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55