Nazir qardaşının tikinti biznesi təhlükədə
10:30 01-04-2014
CƏMİYYƏT
Nazir qardaşının tikinti biznesi təhlükədə
Elton Məmmədovun Bakı Avtovağzalı yaxınlığındakı binalarından "böyük köç" başladı; görülən tədbirlər isə faydasızdır....
Ölkədə xüsusilə də paytaxt Bakıda tikinti biznesinin sürətlə inkişaf etməsi son illərin danılmaz tendensiyası olmaqla yanaşı, həm də kifayət qədər gəlirli biznes sahələrindən biri sayılır. Elə bu səbəbdən də iş adamlarının, sahibkarların sözügedən sahəyə marağı hər zaman böyük olub. Buraya qoyulan sərmayənin qısa zamanda böyük gəlir verməsi tikinti sektorunun cəlbediciliyini onlar üçün bir qədər də artırıb. Amma unutmayaq ki, kifayət qədər gəlirli sahə olan bina tikintisində həm də məmurların və onların yaxınlarının da əhəmiyyətli payı var.
Belə ki, məmurlar və onlara yaxın olan şəxslər bəzən əllərindəki səlahiyyətlərdən sui-istifadə edərək tikinti sektorunda hegemonluğu ələ alır ki, bu da həmin sektordakı sağlam rəqabət mühitini sıradan çıxartmaqdadır. Tikinti üçün lazım olan boş torpaq sahələrinin alınması, tikintiyə rəsmi icazənin həlli, tikinti materiallarının daha ucuz əldə olunmasında əlavə üstünlüklərə sahiblənən məmur yaxınları bununla da digərlərinin sıradan çıxmasına və bu sahədə getdikcə daha həlledici söz sahibi olmağa başlayırlar. Elə bunun nəticəsidir ki, hazırda tikinti sektorunda çalışan digər şirkətlər çətinliklərlə qarşılaşsalar da ayrı-ayrı məmurlara bağlı olan və tikintiylə məşğul olan şəxslərin belə problemləri yoxdur. Amma "Unikal" qəzetinin əldə etdiyi informasiyada artıq məmurlara bağlı olan tikinti bosslarının da ciddi maliyyə problemləri ilə qarşılaşdığı qeyd olunur. Daxil olan həmin məlumatda bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun nəzarəti altında inşa olunmuş yaşayış binalarının satılmasında ciddi əngəllər yaranıb.
Qəzetimizi bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, paytaxtın şimal çıxışında, "Şamaxinka" adlanan ərazidən bir qədər aralıda və Bakı Avtovağzalının yaxınlığında inşa olunan yaşayış binaları nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədova məxsusdur. Ərazinin əlverişli mövqedə yerləşməsi və digər amillər buradakı binaların qısa müddətdə Məmmədovlara kifayət qədər böyük qazanc gətirəcəyini düşünmək üçün əsaslar verirdi. Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır....
Əldə etdiyimiz informasiyalarda qeyd olunur ki, əvvəlcə yüksək məbləğlərə satılacağına əminlik olan binadakı mənzillərin satışında sonradan gözlənilmədən problemlər yaranmağa başlayıb. Belə ki, həmin binalardakı mənzillərin satışı ilk vaxtlar düşünüldüyü kimi problemsiz olub, həmin binalardakı mənzillər əhalinin böyük marağını özünə çəkməyi bacarıb. Amma sonradan vətəndaşlar sanki sözləşiblərmiş kimi növbə ilə sözügedən binalardan aldıqları mənzilləri geri qaytarmağa başlayıblar. Bunun səbəbi isə həmin binalarda böyük çatların yaranması olub. Artıq binaların keyfiyyətsizliyinə əmin olan vətəndaşlar isə buradakı mənzillərdən imtina etməyə məcbur olublar. Mənbəmiz bildirir ki, binaların tikildiyi həmin ərazinin sürüşmə zonasında yerləşməsi özünü nəticə etibarilə binalarda çatların yaranmasına səbəb olub.
Hazırda isə Elton Məmmədov geri qaytarılmış mənzilləri satmaq üçün ən müxtəlif yollara baş vurub. Məsələn, bu binalardakı mənzillər şəhərin digər yerlərindəki binalardan kifayət qədər ucuz təklif olunsa da yenə də vətəndaşların bilgisini çəkə bilmir. Məsələn, digər yerlərdə mənzilin kvadratmetri 800 AZN və ya daha artıqdırsa, Elton Məmmədovun binasındakı mənzillərin kvadratmetri 500-600 AZN-ə təklif olunur. Amma bütün bu "endirim kampaniyası"na rəğmən həmin binalardakı mənzillərə yaxın duran tapılmır.
Mənbəmiz həmçinin iddia edir ki, belə bir situasiya Elton Məmmədovun tikinti biznesinə sarsıdıcı zərbə vurmaqla yanaşı, həm də onun milyonlarla manat itirməsinə səbəb olub.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49