İsa Qəmbər başqanlıq kürsüsünü boşaltmaq istəmir
12:39 02-04-2014
CƏMİYYƏT
İsa Qəmbər başqanlıq kürsüsünü boşaltmaq istəmir
Müsavat Partiyası yer bəhanəsi ilə qurultayı növbəti dəfə təxirə salmağı planlaşdırır
Müsavat Partiyasının bir neçə ildir gecikdirilən qurultayı ilə bağlı yeni problem yaranıb. Partiya deyəsən, yenə də qurultayını ertələmək qərarına gəlib.
Məlum olduğu kimi, Müsavat Partiyası bir müddət öncə qurultayın bu ilin mayında keçirilməsi ilə bağlı qərar verib. Hətta Divanın toplantısında qurultayın günü də təyin olunmuşdu. Ancaq qurultayın may ayında gerçəkləşməsi inandırıcı görünmür, çünki hazırda qurultay əhval-ruhiyyəsi yoxdur. Əksəriyyət də partiyanın ali tədbirinin bu dəfə də təxirə salınacağını düşünür. Partiya rəhbərliyi isə səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin qurultayın keçirilməsi üçün yer ayrılması ilə bağlı müraciətə cavab verməməsi göstərilib. Əslində, bu, yeni bəhanə deyil. 2011-ci ildən bəri Müsavat Partiyasının qurultayı ertələməsi üçün yalnız yer məsələsini əsas gətirirdilər. 2013-cü il prezident seçkiləri də bitəndən sonra Müsavat rəhbərliyi bəhanələrin ictimaiyyət tərəfindən birmənalı qarşılanmadığını anladılar. Bu səbəbdən də bir müddət öncə qurultayın bu ilin mayında keçiriləcəyini elan etdilər. Amma zaman daraldıqca bu bəyanatın gerçəkləşməyəcəyi bəlli olur. Artıq partiya funksionerləri də bunu etiraf etmək məcburiyyətində qalıblar.
Belə ki, Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu mətbuata açıqlamasında qurultayla bağlı qeyri-müəyyənliyin olduğunu etiraf edib. "Müsavat Partiyası qurultayın keçirilməsi üçün fevralda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciətə cavab verilmədiyinə görə partiya icra hakimiyyətini məhkəməyə verib", - deyən Q.İbadoğlunun sözlərinə görə, qurultayla bağlı yekun qərarı Təşkilat Komitəsi verməlidir: "Hələ bir qədər zamanımız var. Yaxın günlərdə Təşkilat Komitəsinin toplantısının keçirilməsi nəzərdə tutulur. Zamanla bağlı məsələlər toplantı zamanı müzakirə edilib, qərarlar veriləcək".
Analoji mövqeni Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da sərgiləyib. O da bir müddət öncə Müsavatın qurultayının may ayında keçirilməsi ilə bağlı qəti fikir söyləsə də, artıq qurultayla bağlı pozitiv danışmağa ara verib.
Bir məqamı da vurğulamaq lazımdır ki, Müsavat Partiyasının başqanlığına iddialı olan şəxslər qurultayın mayda keçiriləcəyi elan olunandan sonra hərəkətə keçmişdilər. Lakin son bir həftə ərzində səbəbi bəlli olmayan bir süstlük hökm sürməyə başlayıb.
Bu barədə "Unikal"a məlumat verən adının çəkilməsini istəməyən Müsavat funksionerlərindən biri deyib ki, qurultayı ertələmək istəyirlər. Onun sözlərinə görə, bu barədə qərar Müsavat başqanı İsa Qəmbər tərəfdən verilib: "Bilirsiniz ki, budəfəki qurultayda başqanlıq məsələsi həll olunur. İsa bəy isə dediyi sözdən geri dönə bilmədiyi üçün yeni başqanın seçilməsi labüddür. Amma məsələ ondadır ki, İsa Qəmbər özündən sonra Müsavatın parçalanacağını anlayır və bu səbəbdən də hazırkı status-kvonu saxlamağa çalışır. Çünki hazırda başqanlığa iddialılar arasında ən güclü namizəd Arif Hacılı sayılır və onun başqan gəlməsi isə partiyadan qopmaların startı deməkdir. Arif Hacılı partiyada və kənarda bir o qədər də müsbət qəbul olunmasa da, Müsavat daxilindəki dayaqları olduqca sağlamdır. Bilirsiniz ki, Arif Hacılı uzun müddət təşkilati məsələlərə nəzarət edib, rayon təşkilatlarının rəhbərlərinin böyük əksəriyyəti də onun adamlarıdır. Yəni, qurultay nümayəndələrinin əsas hissəsi Arif Hacılının dəstəkçiləridir. Bu baxımdan, onun seçkidə qalib olması mütləqdir. Amma bu, Müsavatın cırtdan partiyaya çevrilməsi ilə nəticələnə bilər ki, İsa Qəmbər bunu istəmir. Ona görə də qurultayı yer bəhanəsi ilə ertələtdirərək prosesi uzadır".
Həmsöhbətimiz onu da qeyd edib ki, İsa Qəmbərin özü də başqanlıqdan getmək istəmir. Onun fikrincə, İ.Qəmbər o zaman məlum maddənin nizamnaməyə salınmasını tələb edəndə hazırda hakimiyyətdə olacağına inandığından belə bir addım atmışdı. "Amma fakt odur ki, İsa Qəmbər siyasi fiqur kimi heç bir uğur əldə edə bilmədi. Hazırda onun yeganə vəzifəsi Müsavat Partiyasının başqanlığıdır. Əgər qurultay keçirilsə, o, verdiyi sözün üstündə duraraq, başqanlığa namizədliyini verməsə, bu postunu da itirəcək. Qurultayın uzun müddət ertələnməsində İsa bəyin bu narahatlığının da rolu böyükdür. Amma bu ilin əvvəlində qurultayla bağlı kənardan Müsavata yönələn təpkilərə görə, mayda ali tədbirin keçirilməsinə qərar verilmişdi. Məndə olan məlumata görə, İsa bəy partiya funksionerləri ilə qapalı toplantı keçirib və qurultayın yenə də qeyri-müəyyən vaxta təxirə salınmasının vacib olduğunu vurğulayıb. Bəzi funksionerlər bunun partiyanın imicinə xələl gətirəcəyini bildirsələr də, İsa Qəmbər hələlik bunun ən doğru yol olduğunu israr edib. Bundan sonra mayda qurultayın keçirilməsi ilə bağlı məsələ arxa plana keçib", - deyə Müsavat funksioneri vurğulayıb. Görünür, İsa Qəmbər tezliklə başqanlıq kürsüsünü boşaltmq fikrində deyil. Bu səbəbdən də Müsavatın ictimai rəydə daha da gözdən düşməsinə rəğmən qurultayın keçirilməsinə imkan vermir.
Zaur
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55