ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş...
12:44 02-04-2014
İQTİSADİYYAT
ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş...
1998-ci il. Ermənistan. Prezident Levon Ter-Petrosyan Rusiya qəzetində Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, bölgənin yekun statusunun sonrakı mərhələdə danışıqlar yoluyla müəyyən edilməsini nəzərdə tutan sülh planının alternativinin olmadığı barədə məqalə ilə çıxış edir və dərhal ölkəsində güclü təzyiqlərlə qarşılaşır.
Dağlıq Qarabağ erməniləri-başda Ermənistanın baş naziri təyin edilmiş Robert Köçəryan olmaqla səhra komandirləri, yarımhərbi “Yerkrapa” təşkilatı Ter-Petrosyanı təslimçilikdə ittiham edərək ondan istefa verməyi tələb edirlər. Hətta Təhlükəsizlik Şurasının iclasında Robert Köçəryan belindəki tapançanı çəkərək masanın üzərinə qoyur, Ter-Petrosyanın başına güllə çaxacağına işarə edir.
Nəticə güclü təzyiqlərə davam gətirməyən Ter-Petrosyan istefaya gedir və bununla da Qarabağa dair hər iki tərəf üçün ən məqbul hesab olunan sülh planının qəbulu baş tutmur.
Virtualaz.org saytının 20 ildən çoxdur davam edən nəticəsiz Qarabağ danışıqlarının bu mərhələsinə ekskurs etməsi səbəbsiz deyil. Çünki indiyədək əksər ekspertlər hesab edirdilər ki, Ter-Petrosyanın Azərbaycanla sülh razılaşmasını imzalayıb mərhələli həll variantının qəbul edilməsini əngəlləyən bölgədə sülhün əldə edilməsində maraqlı olmayan Rusiya idi.
Ancaq indi məlum olur ki, heç də belə deyilmiş. Ter-Petrosyanın xarici siyasət məsələləri üzrə müşaviri, hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Libaredyan deyir ki, əslində o vaxt Ermənistan prezidentini istefaya məcbur edənlər ABŞ və onun dövlət katibinin indiki köməkçisi, yaraşıqlı madam Viktoriya Nuland olub.
Ermənistan qəzetlərindən birinə müsahibəsində Jirayr Libaredyan deyib ki, ABŞ dövlət katibinin indiki köməkçisi Viktoriya Nuland vaxtilə Ter-Petrosyanın istefasında əsas rol oynayanlardan biri idi.
O vaxtkı Qarabağ danışıqlarının iştirakçısı olan Jirayr Libaredyan deyib: “Nuland çoxdan işləyir. Bizim vaxtımızda o, danışıqlar üçün Ermənistana gəlirdi. Viktoriya Nuland həmin adamlardandır ki, 1997-1998-ci illərdə Ermənistanın daxili məsələlərində böyük işlərin öhdəsindən gəlib. O, Ter-Petrosyanın istefasında sanballı rol oyanmışdı. ABŞ Ter-Petrosyanın əleyhinə idi.
O vaxtkı ABŞ səfiri Piter Tomson müxalifətin ən radikal addıma getməsi üçün mümkün olan hər şeyi etdi, səfir Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması planı üzərində uzun müddət işləmişdi”.
J.Libaredyan həmçinin amerikalı diplomatların 1998-ci ildə Robert Köçəryanın hakimiyyətə gətirilməsindəki rolundan da danışıb.
Keçmiş müşavirin sözlərinə görə, həmin Nuland onunla söhbətdə belə demişdi: “Ter-Petrosyan ağıllı adamdır, ancaq o, güclü deyil. Sülhü təsdiqlədə, qəbul etdirə bilməz. Lakin Köçəryan müharibədə qalib gələn güclü adamdır və sülhü o qəbul etdirməlidir...”
Bəs Ermənistandaki həmin hakimiyyət dəyişikliyindən sonra nələr baş vermişdi? Virtualaz.org yenidən yaxın tarixə ekskurs edərək xatırladır ki, hakimiyyəti ələ alan Robert Köçəryan Azərbaycanla danışıqların yeni mərhələsini başlatdı. Bu danışıqlarda ABŞ aparıcı rola malik idi.
1999-cu ilin payızında danışıqlar həlledici fazaya yaxınlaşdı və tərəflər ATƏT-in İstanbul sammitində Qarabağa dair sülh razılaşmasını imzalamağa razılıq verdi. Həmin il oktyabrın 26-da ABŞ dövlət katibinin müavini Stroub Telbott sülh razılaşmasının son detallarını müzakirə etmək üçün regiona səfər etmişdi.
S.Telbott Bakıdan sonra Robert Köçəryanla İstanbulda imzalanacaq sülh razılaşmasının son detallarını müzakirə etmək üçün İrəvana yola düşdü.
S.Telbottun Köçəryanla görüşü başa çatandan və amerikalı diplomatın təyyarəsi İrəvan aeroportundan havaya qalxandan az sonra Nairi Unanyan Ermənistan parlamentinin binasına hücum etdi, baş nazir Vazgen Sərkisyanı, spiker Karen Dəmirçiyanı və digər siyasi xadimləri güllələdi. Nəticədə Amerikanın patronajlığı altında Qarabağ sülh razılaşmasının imzalanması yenə baş tutmadı. Bu dəfə isə baş rolda Rusiya idi...
Fərhad Məmmədov
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17