Ayaq altında qalan ölkə və ya həqiqəti unudan hakimiyyət
13:31 03-04-2014
İQTİSADİYYAT
Ayaq altında qalan ölkə və ya həqiqəti unudan hakimiyyət
Ermənistan, Nikaraqua, Sudan, Zimbabve, Boliviya, Venesuela, Kuba, Şimali Koreya, Suriya və Belarus..
BMT-nin Təhlükəsizlik Şurasında Krımla bağlı səsvermədə bu ölkələr Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən işğal olunmasını dəstəklədilər.
Faktiki olaraq dünya birliyinə qarşı çıxan bu ölkələr arasında Ermənistanın yer alması istənilən halda maraqlıdır.
Hadisələrin məcrası dəyişməyib və hər şey Ermənistanın xarici siyasətinin illər əvvəl seçilmiş istiqamətindədir.
Martın 27-dən əvvəl sentyabrın 3-ü, daha sonra dekabrın 2-si olmuşdu.
Ermənistanın Xarici İşlər Nazirliyi adlanan struktur ölkə cəmiyyətinin aldadılması ilə məşğuldur. Çünki BMT-dəki səsvermədən əvvəl Ermənistan prezidenti Serj Sarkisyan, sonra da onun iqtidarının tərkib hissəsi olan XİN "biz səsvermədə bitərəf qalacağıq" demişdilər.
Daha sonra bəyan olundu ki, Ermənistanın hakimiyyəti Ukraynanın suvereniteti və dövlət müstəqilliyini dəstəkləyir.
Fəqət sonra hər şey dəyişdi, daha doğrusu, proseslərin fərqli vəziyyət aldığı vurğulandı.
Amma reallıq budur ki, Sarkisyan iqtidarı Rusiyadan tam asılı olduğunu bir daha göstərdi. Rəsmi Yerevanın cəsarəti ən yaxşı halda Moskvaya zəng və "Səsvermədə nə edək?" sualına çatardı.
Həmin sualın cavabının çox sərt və konkret olduğu şübhə doğurmur. Əks təqdirdə Yerevan sözügedən səsvermədə müti vəziyyət alaraq Moskvadan alınan əmrlər əsasında hərəkət etməzdi.
Və həmin hərəkətdən əvvəl Serj Sarkisyan iqtidarı xalqını aldadaraq "dövlətin maraqlarını və vətəndaşların mənafelərini nəzərə alaraq davranacaq, praqmatik, məntiqli mövqe tutacağıq" desə də, sonra maskalar düşdü, Yerevan hakimiyyətinin kimlərdən ibarət olduğu aşkarlandı.
İndi Ermənistan dünya siyasətinin "oyundankənar vəziyyət"də sayılan ölkələri ilə bir sıradadır.
Nikaraqua, Sudan, Zimbabve, Boliviya, Venesuela, Kuba, Şimali Koreya, Suriya və Belarusla eyni siyahıda Ermənistanın da yer alması Yerevan hakimiyyətinin bütün açıqlamalarına, vədlərinə, yalanlarına rəğmən, ermənilərə yaxşı heç nə vəd etmir.
Eyni zamanda Moskvanın Yerevanla davranışı da ilgincdir. Rusiya əslində Ermənistanı tam idarə etdiyini, Yerevan iqtidarının marionetka olduğunu göstərməklə yanaşı, Serj Sarkisyanın dəstəsinin oyuncaqlar yığınından başqa bir şey olmadığını nümayiş etdirdi.
Çünki Rusiya sadəcə, Ermənistana təsir imkanlarına malik olsaydı, Yerevandakı iqtidar dünya siyasətinin subyekti kimi çıxış etdiyini göstərərdi. Müəyyən səbəblərdən, konkret amillərdən bir dövlətin başqa ölkədən asılı vəziyyətə düşməsi, daxili və xarici siyasətdəki manevrlərini bilərəkdən məhdudlaşdırması, könüllü qərarlarını razılaşdırması və s. kimi davranışlar dünya siyasətində yenilik deyil.
Asılı dövlətlər birlik, ittifaq və qeyri formatlı qurumlar çərçivəsində müstəqilliklərinin, suverenitetinin bir hissəsindən könüllü şəkildə imtina edir, yaxud da siyasətini bilərəkdən məhdudlaşdıraraq əvəzində bəlli və yetərincə konkret dividentlər əldə etməyə çalışır.
Problematik də olsa, normal haldır.
Amma bir dövlətin başqasının marionetkasına çevrilməsi, kukla teatrındakı obraza dönməsi isə həmin ölkə ilə yanaşı, millət üçün təhqiramiz, yolverilməzdir.
Bu, normal ölkələr üçün belədir.
Ermənistan üçünsə yox. Yerevandakı iqtidar hakimiyyətdə qalmaq üçün ən ağır təhqirlərə, köləliyə, itaətə dözməyə və razılaşmağa hazırdır.
Məhz bu səbəbdən də Rusiya Ermənistanın Avropa Birliyinə assosiativ üzvlüyü ilə bağlı anlaşma ilə bağlı müzakirələr aparmasına dözdü, prosesi müşahidə etdi. Bu proses ilkin mərhələdə ləng, apatik olsa da, Brüssel sonradan bu prosesi intensivləşdirmək fikrinə düşdü. Ukraynanın artıq sabiq prezidenti Viktor Yanukoviçlə də eyni danışıqlar aparılmışdı və Kiyevdəki keçmiş iqtidar danışıqlardan qəflətən boyun qaçıraraq Moskvanın göstərişlərini yerinə yetirməyə başlayanda Avropa Birliyi narahat olmuşdu.
Sonra Ermənistan mövqelərini diametral şəkildə dəyişdi, danışıqlardan boyun qaçırdı. Səbəb - Rusiyadan alınan göstərişdi.
BMT-dəki proses də belə manevrə çevrildi.
Rusiyaya müttəfiqlər gərək deyil. Moskva anlayır ki, Ermənistan və Suriya kimi "müttəfiq"lər əslində ağır yük, qulpu qırılmış çamadandır.
Moskvaya təsir zonası gərəkdir və buna görə də ehtiyac duyulanda mövqelərini aşkar nümayiş etdirir, Ermənistanı dövlət yox, dövlətçiliyi və xalqı olmayan ərazi kimi gördüyünü göstərir.
Rusiyanın nəzərində Ermənistan təsir altında saxladığı dövlət yox, idarə etdiyi ərazidir. Belə münasibət ermənilərin dövlət müstəqilliyini əldə etdikləri gündən bəri davam edir və onillər ərzində dəyişən hakimiyyətlərin dəyişməyən itaətini bilən "hami" də təbii ki, davranışında hansısa dəyişikliklər etmək niyyətində deyil.
Ermənistan prezidenti Serj Sarkisyanın siyasəti ölkəni faktiki olaraq geosiyasi tapdaq meydanına çevirib. Belə kvazidövlətlərlə isə heç bir münasibət qurulmur, onunla təmaslarda siyasi məqamlar nəzərə alınmır: ən yaxşı halda güc tətbiq edilir. Belə məzlum ölkə ya ələ keçirilir, ya da başqa dövlətin nəzarətindədirsə, həmin ölkədən alınır.
Rəqabət müstəvisində oyuncağa çevrilən ölkə uğrunda mübarizədə o məkanın əhalisi əzilir, istismar olunur, ən ağır məşəqqətlərə məruz qalır.
Ermənistan vətəndaşları arasında mühacirəti problemlərdən çıxış yolu qismində seçənlərin, daha konkret olsaq, ölkədən qaçanların sayının həndəsi silsilə ilə artmasının rutin olaya çevrilməsi qaçılmaz, məntiqi prosesdir.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20