Həmkarları Etibar Hüseynovu topa tutdular: "Mənim ona daimi mənfi münasibətim olub"
13:32 03-04-2014
CƏMİYYƏT
Həmkarları Etibar Hüseynovu topa tutdular: "Mənim ona daimi mənfi münasibətim olub"
Milli Məclisin deputatı Etibar Hüseynovun ANS telekanalının efirindən qaçqın və köçkünlərin Bakı mühitini korlaması barədə fikirləri ciddi etirazlara səbəb olub.
E.Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi epitetlərin ("ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s.) ardından özünün Facebook səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə edib və ikincilərin əmr gözləmədiklərini vurğulayıb.
“Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün Facebook meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun".
Bu arada Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy Milli Məclisə Qarabağdan seçilmiş deputatlara müraciət ünvanlayaraq, Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı xahiş edib.
Qarabağlı millət vəkilləri isə məsələylə bağlı Modern.az saytına açıqlama veriblər.
Deputat Bəxtiyar Sadıqov bu mövzu ilə bağlı təəssüf hissi keçirdiyini vurğulayıb:
“Facebook-da nə yazıldığını bilmirəm. Ancaq ANS-də qaçqınlar haqqında danışıb. Burada söhbət təkcə qaçqınlardan getmir. Qarabağlılar məcburi köçkünlərdir. Etibar Hüseynovun Milli Məclisdə səsləndirdiyi fikirləri öz daimi yaşayış yerindən didərgin düşmüş 1 milyondan çox qaçqına və məcburi köçkünə ünvanlayıb. Çox təəsssüf doğuran haldır. Bəlkə də, millət vəkili kimi öz fikrini tam bildirmək iqtidarında deyil. Bir jurnalist kimi təəssüf edirəm. Etibar Hüseynov P.S. ustasıdır, P.S danışır həmişə. Milli Məclisdə də məcburi köçkünlərlə bağlı açıqlama vermişdi. Məsələnin dərinliyini bilmədən qaçqın, məcburi köçkün həyatına bələd olmadan, o insanların qayğılarına bələd olmadan sensasiya yaratmaq istəyir. O, Milli Məclisdəki çıxışında bəyan etdi ki, qaçqınlar və məcburi köçkünlər villalarda yaşayır, işıq pulunu, qaz pulunu vermirlər. O, hələ başa düşmür ki, həmin insanlar heç iş tapa bilmirlər, villa sahiblərinin evində gözətçi işləyirlər. Bu dəqiqə Azərbaycanda xüsusi mülkiyyət saxlamaq hüququ verilib. Hər adamın bir neçə evi, mülkiyyəti ola bilər. Bu şeylər ona çatmır. ANS-də danışanda deyib ki, onların səviyyələri olmayıb. Hələ bu insana çatmayıb ki, Azərbaycanda olan ziyalıların əksəriyyəti regionlardan olanlardır. Bakıda da görkəmli ziyalılar var. Biz regional mənsubiyyətinə görə insanlara qiymət verə bilmərik. Etibar Hüseynov bilmir ki, regionda yaşayan, səviyyəsiz deyil. Qaçqın və köçkünlərin sırasında gözəl ziyalılarımız, müxtəlif ixtisas sahibləri var. Guya qaçqın və məcburi köçkünlər Bakıya gəlməklə paytaxtda ümumi səviyyə aşağı düşdü. Millət vəkili harada nə danışırsa, bu, öz işidir. Ancaq bu danışan jurnalistdir. Mən müharibə iştirakçısıyam, müharibə görmüşəm. İnsanlar torpaqlarını, vətənini qorumaq üçün hansı fədakarklıqları ediblər... Kişili, qadınlı sona qədər didərgin düşməmək üçün mübarizə göstəriblər. Arxasında o qədər gücü olan erməniyə güc gələ bilməyiblər. Yaxşı olar ki, əvvəlcə danışdığın mövzunu öyrənəsən, rəy verdiyin insanları tanıyasan, ondan sonra bu cür açıqlama yaradasan. Sensasiya yaratmaq asandır, ancaq gülüş hədəfinə düşmək ondan da asandır”.
Deputat Astan Şahverdiyev: “Mənim o insana daimi mənfi münasibətim olub. Deputat seçilsə də, fikrim dəyişməyib. Çox məsuliyyətsiz adamdır. Ağlına nə gəlirsə, danışır. Qaçqın və məcburi köçkünlərlə bağlı dəfələrlə belə fikirlər səsləndirib. Hələ bir dəfə dedi ki, qaçqınlar hamıdan əvvəl qaçıb gəlib, özlərinə villalar tikiblər. O insan ağıldankəmdir. Bir dəfə Milli Məclisdə bildirdi ki, deputat nişanını taxmaqdan xəcalət çəkir. Sabir Rüstəmxanlı da ona cavabını verdi ki, heç sən ona layiq deyilsən. Etibar Hüseynovu icitimaiyyət bu cür tanıyır”.
Millət vəkili Elman Məmmədov bildirdi ki, bu cür fikirləri ilə Etibar Hüseynov cəmiyyəti parçalanmağa sövq edir.
“Hər hansı bir vətəndaş, xüsusilə də mandatı olan millət vəkili danışanda, hər hansı məsələyə münasibət bildirəndə, gərək diqqətli ola. Azərbaycan hüquqi, demokratik dövlətdir. Azərbaycan vətəndaşları nə hərəkət etsələr, qanun çərçivəsində olmalıdır. Etibar Hüseynovun o fikri mənə belə deməyə imkan verir ki, o dövlət vətəndaşlarını, qanuna, qanunçuluğa, prezidentimizə qarşı itaətsizliyə çağırır. Səsləyir ki, siz özbaşına Qarabağ torpaqlarına gedin. Bizim Ali Baş Komandanımız var. Onun nə vaxt əmri olsa, torpaqlarımızı işğal etməyə gedəcəyik. Etibar Hüseynovun o fikri, cəmiyyəti ixtişaşlara, təxribata təhrik edən bir fikirdir. İşğal altında olan torpaqlar təkcə qaçqınların, məcburi köçkünlərin deyil. O torpaqlar Azərbaycan xalqının torpaqlarıdır. Azərbaycan xalqının harada yaşamasından, hansı vilayətin sakini olmasından asılı olmayaraq, o torpaqların hər qarışı bizim üçün əzizdir. Azərbaycan xalqı torpaqlarını azad edəndə, baxmır ki, bu lənkəranlıdır, zəngilanlıdır. Etibar Hüseynov bu fikri ilə cəmiyyəti parçalanmağa sövq edir ki, guya, o topaqlar ancaq qarabağlılarındır. Bu, ən zərərli fikirlərdən biridir. Mən bir millət vəkili, məcburi köçkün kimi çox təəsüf edirəm ki, mənimlə birlikdə millət vəkili adını daşıyan bir insan yalnış fikirlərə, yalnış ifadələrə yol verir. Mən onun bu fikirlərini çox pisləyirəm”.
Həsən
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24