"Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq"
"Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq"

"Ötən 20 il göstərir ki, kimdənsə kömək gözləmək nəticəsizdir. Ona görə də prezident İlham Əliyev ordunu, iqtisadiyyatı gücləndirmək yolunu seçib. Ordumuz güclənsə, düşmən başa düşə bilər ki, Azərbaycan öz torpaqlarını azad etməyə başlayar, hətta Zəngəzuru, Göyçəni, İrəvanı da azad edər. Bu güc nümayiş etdirilməsə, dünyadan nə isə gözləmək nəticəsiz olacaq".

Bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ermənilərin İkinci Dünya Müharibəsində faşistlərə xidmət etməsi barədə sənədlərin Rusiya arxivlərində olduğunu söyləyən Ə. Həsənov bildirib ki, Rusiya dövlətinin bunu görməməzliyə vurması anlaşılmazdır: "Hiss etmirlər ki, erməni xalqı sabah da Rusiyaya xəyanət edə bilər? Çünki erməni millətinin genində xəyanət var. Bu gün Rusiyada bir çox yüksək vəzifələrə ermənilər yerləşdirilib. Bu ermənilər yüksək vəzifələrdə məqsədyönlü yerləşdirilib, Rusiya dövləti buna diqqət yetirməlidir. Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq. 10-12 il əvvəl Rusiyanın Krasnodar vilayətində kompakt yaşayan ermənilər baş qaldırmışdılar, müstəqillik istəyirdilər. Bu, Dağlıq Qarabağ probleminin həllinə mane olan Rusiyaya, Qərbə, Avropaya dərs olmalıdır. Biz kiçik dövlət, xalqıq, adətən, belə proseslərdə kiçik dövlətlər daha çox əziyyət çəkir. Ancaq prezident də dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz bərpa olunacaq. Biz bu istiqamətdə arxayınlaşıb gözləməli deyilik. Biz hamımız ordumuza, əsgərimizə münasibətimizi dəyişməli, gənclərimizi orduya meylləndirməliyik. Məktəblərdə hərbi vətənpərvərliklə bağlı xüsusi proqramlar tərtib olunaraq dərsliklərə əlavə edilməlidir. Mətbuat da hərbi vətənpərvərlik mövzusunu mütəmadi diqqət mərkəzində saxlamalıdır".