Ramiz Həsənov rəqibləriylə "halal"laşdı
12:15 04-04-2014
CƏMİYYƏT
Ramiz Həsənov rəqibləriylə "halal"laşdı
Bu biznesdən əvvəlcə Şeyxi sıxışdırıb çıxardan komitə sədri indi də xarici şirkətlərə "barmaq silkələdi"
Son qərar: Şirkətlərə "Halal" standartını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verəcək
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, tələbatı ciddi şəkildə artan "halal" qida məhsulları, onlara sertifikat vermək uğrunda amansız mübarizə gedirdi. Xatırladaq ki, ilk öncə Qafqaz Müsəlmanları Ruhani İdarəsi bu məsələyə əl qoymuş və bir sıra müəssisələrin istehsal etdiyi kolbasa və sosis məmulatlarına "halal" statusu qazandırmışdı. Lakin sonradan məsələylə bağlı ciddi fəaliyyətə keçən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onlardan başqa kimsənin belə bir sertifikat verə bilməyəcəyini bəyan etdi.
Hələ o zaman məsələylə bağlı geniş açıqlama ilə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov rəsmən bəyan etdi ki, kolbasaların hazırlanmasında halal anlayışı olmur: "Halal" əmtəə nişanıdır və bu gün "halal" standartı yoxdur. Müsəlman ölkələrinin belə bir standartının yaradılması üzərində iş gedir, lakin hələ nəticə yoxdur. "Halal" standartı yoxdursa, məhsulun üzərində onun belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması doğru deyil".
Bu isə açıq şəkildə QMİ rəhbəri Allahşükür Paşazadəyə qarşı yeni savaşın başlanmasına işarə idi. Şeyx məsələylə bağlı ilk vaxtlar ciddi müqavimət göstərməyə çalışsa da sonda bəlli olmayan səbəblər üzündən geri çəkilməyə məcbur oldu. Bununla da 2012-ci ildən etibarən QMİ-nin hansısa müəssisələrin məhsullarına "halal" zəmanəti verməsi rəsmən yasaqlandı və prosesə nəzarət tam olaraq Ramiz Həsənovun rəhbərlik etdiyi komitəyə verildi. Bu günlərdə isə sözügedən komitə yeni "halal" standartı müəyyənləşdirdiklərini və bunun tətbiqi prosesinə başlandığını bəyan etməklə mübarizədən qalib ayrılmasını təsdiqləmiş oldu.
Belə ki, bundan sonra xaricdən Azərbaycana gətirilən, yerli müəssisələr tərəfindən bazara təqdim edilən "Halal" markası ilə istehsal olunan məhsullar AZS 731-2012 (OİC/SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun tənzimlənəcək. Ramiz Həsənov əlavə edib ki, bu bizim milli standartımızdır və beynəlxalq standartın əsasında tətbiq olunub. Bunun üçün də istər Azərbaycanda, istərsə də xaricdə istehsal olunan məhsullar bu standarta hökmən uyğun olmalıdır.
Komitə sədri bildirib ki, mütəxəssislər iki aydan çoxdur "Halal" standartı ilə işləyən müəssisələrdə fəaliyyət göstərir. Onlar bu müəssisələrin istehsal etdikləri məhsulları göndərmək istədikləri ölkələrdə də olublar: "İdxal olunan kolbasa məhsullarının istehsalı zamanı istifadə olunan komponentlərlə bağlı araşdırmalar aparırlar. İnanıram ki, yaxın günlərdə bu araşdırmaların müsbət nəticələri olacaq. Aparılan araşdırmalar çətin prosesdir. Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsulların hamısı bu sertifikatı ala biləcəyinə inanmıram. Hazırda istehsal olunan bir çox məhsulun üzərində "Halal" sözü yazıldığı üçün hansısa tədbir görmək çətindir. İstehsalçılar bizə, bundan bir əmtəə nişanı kimi istifadə etdiklərini və bunun standartla əlaqəli olmadığını deyirdilər. Biz də bu hallara qarşı xeyli müddətdir ki, göz yumurduq. Ancaq istehsalçıların bunun kütləvi şəkildə istifadə etdiklərini və onların istehlakçıları aldatmağa başladıqlarını gördükdən sonra, onların qarşısında şərtlər qoyduq. Bildirdik ki, yalnız bu standartla məhsul istehsal edə biləcək müəssisələr fəaliyyət göstərə bilərlər. Bunu edə bilməyən müəssisələrə isə "Halal" sözündən istifadə etməyi qadağan edəcəyik."
R.Həsənov eyni zamanda əlavə edib ki, əgər hansısa şirkət Azərbaycana "Halal" markası ilə məhsullar idxal edəcəksə, onların bununla bağlı sertifikatı olmalıdır. Onun sözlərinə görə, bu sertifikatın əsasında Komitə tərəfindən araşdırmalar aparılacaq və onlara milli standarta uyğunluğu yoxlanılacaq. R.Həsənov artıq "Halal" standartının tətbiqi ilə bağlı yerli müəssisələrdən də təkliflər aldıqlarını dilə gətirib. O, söyləyib ki, bu vaxta qədər 9 şirkət "Halal" standartı ilə bağlı komitəyə müraciət edib və yaxın vaxtlarda bu şirkətlərin adları ictimaiyyətə açıqlanacaq.
Göründüyü kimi, "Halal" savaşından Şeyxi kənarlaşdıran komitə sədri indi də anoloji məhsullar istehsal etdiklərini iddia edən xarici şirkətlərə "barmaq silkələdi". Bu isə artıq onun bu mübarizənin mübahisəsiz qalibi olduğu anlamına gəlir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35