Eldar Namazovun “EL” Hərəkatı layihəsi fiaskoya uğrayır
12:16 04-04-2014
CƏMİYYƏT
Eldar Namazovun “EL” Hərəkatı layihəsi fiaskoya uğrayır
Rüstəm İbrahimbəyovla münasibətlərin korlanması maliyyə sıxıntısı yaradıb, hərəkatdakılar pərən-pərən düşməyə başlayıblar
Məlum olduğu kimi, Milli Şuradan öncə “Azərbaycan Naminə” İctimai Forum, daha sonra Ziyalılar Forumu yaradan Eldar Namazov hər iki qurumu ayaqda saxlaya bilmədi. Mövsümi xarakterli olan bu qurumların iflasından sonra E.Namazov “EL” Hərəkatını yaratmaq qərarına gəlsə də, bu layihəsi də uğursuzluğa düçar oldu.
Hərəkat təsis olunandan sonra Namazov bir qrup adam topladı və qarşıdakı dönəmdə geniş kontingenti ətrafında birləşdirəcəyini bəyan etdi. İlk vaxtlar ətrafına xeyli sayda adam da toplaya bilmişdi. Hərəkata cəlb etdiyi şəxslərə yüksək məvacib verəcəyini deyərək, şirnikləşdirirdi. O zaman hərəkatın maliyyəsini kinorejissor Rüstəm İbrahimbəyov verirdi. İlk vaxtlar bu məsələ gizli saxlanılsa da, sonradan hər şey ictimailəşdi. Hətta mətbuatda Rüstəm İbrahimbəyovun bir neçə dəfə Eldar Namazova və hərəkatın Ali Məclis sədri Eldəniz Quliyevə pul göndərməsi barədə məlumat da yayılmışdı. O zaman Rüstəmbəyovun göndərdiyi pulun yeyilməsi məsələsi də gündəmə gəlmişdi.
Belə ki, həmin ərəfədə mətbuat yazmışdı ki, Rüstəm İbrahimbəyovla "El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasında telefon danışığı olub. Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə zəng edərək əsəbini gizlədə bilməyib. Belə ki, Rüstəm İbrahimbəyov telefon danışığında "El" hərəkatının fəaliyyətindən narazılığını bildirib. Telefon danışığı zamanı məlum olub ki, bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə 100 min dollar məbləğində pul ayırıb. Bunun müqabilində "El" hərəkatı effektli fəaliyyət göstərməli idi. Mənbənin məlumatına görə, Rüstəm İbrahimbəyov telefon danışığında Eldəniz Quliyevə fəaliyyəti belə davam etdirəcəyi təqdirdə ikinci tranşı ayırmayacağını deyib.
Sonradan Eldar Namazov və Eldəniz Quliyev ciddi-cəhdlə bunu inkar eləməyə çalışsalar da, artıq “El” Hərəkatının R.İbrahimbəyovun projesi olduğu hər kəsə bəlli idi. Qısa müddətdən sonra Rüstəm İbrahimbəyovun sifarişi ilə Milli Şuranın yaradılması da buna əyani sübut oldu. Bu prosesdə də əsas təşkilatçı Eldar Namazov oldu. Həmin dönəmdə “EL” Hərəkatının rəhbərliyində olan şəxslərə hələlik Milli Şura müstəvisində fəaliyyət göstərməyin məqsədəuyğun olduğunu deyərək, söz verdiyi yüksək məvacibi ödəməkdən yaxa qurtardı. O zaman Milli Şuranın yaradılması, strukturlarının formalaşdırılması üçün lazım olan maliyyə dəstəyini Rusiyadakı müəyyən dairələrlə işbirliyində olan Rüstəm İbrahimbəyov öz üzərinə götürmüşdü. Amma öncəlik Milli Şuraya tanındığı üçün, pulun böyük hissəsi ora xərcləndi. Ona görə də “EL”çilərin böyük əksəriyyəti söz verilən maliyyəni ala bilmədilər.
Hərəkatda ilk çat da elə o zaman başladı. “EL” Hərəkatı Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov mətbuata təşkilatın fəaliyyəti haqda sensasion açıqlamalar verdi. Sonra verdiyi bəyanatla da təşkilatın sıralarını tərk etmişdi. Əflan İbrahimov bu açıqlamalarından sonra EL Hərəkatından bir neçə rayon təşkilatının da bəyanat verərək təşkilatı tərk edəcəkləri haqda da məlumat vermişdi.Bunun Ardınca Hərəkatın Mingəçevir rayon təşkilatının sədri Kazım Əzizov bəyanat verərək təşkilatdan çıxdıqlarını bildirdi. EL Hərəkatının Ağdaş rayon təşkilatı da bəyanat verərək qurumu tərk edib. Eyni zamanda, Hərəkatın Şamaxı və Qobustan rayon təşkilatları da bəyanat verərək təşkilatdan çıxdılar.
"El” hərəkatından ayrılan Əflan İbrahimov keçmiş "silahdaşlarını” Azərbaycanda iğtişaşlar törətməyə cəhddə də ittiham etdi. O, həmçinin Eldəniz Quliyevlə telefon danışığının audiolentini KİV-ə təqdim etdi. Bundan sonra isə Hərəkatın rəhbərliyi prokurorluğa çağırıldılar və izahat alınaraq, sərbəst buraxıldı. Bu məsələdən sonra da hərəkatda yarpaq tökümü oldu.
Qurumun bəyanat verərək, Milli Şuradan çıxmasından sonra da hərəkat daxilində iki tirəlik yarandı. E.Namazov hərəkatı gücləndirmək xətti götürsə də, qurum daxilindəki hazırki vəziyyət buna imkan vermir. Bu barədə “Unikal”a məlumat verən mənbənin sözlərinə görə, hazırda Eldar Namazov bir neçə adamı güclə yanında saxlayıb: “Bilirsiniz ki, Eldar Namazovun Rüstəm İbrahimbəyovla münasibətləri əvvəlki kimi isti deyil. Milli Şurada təşəbbüsü əldən verdiyi, onun zəifliyi üzündən Müsavatla AXCP-nin əsas söz sahibinə çevrildiyi üçün Rüstəm müəllim Eldar Namazova hiddətlənib. Ona görə də artıq “El” Hərəkatına da dəstək vermək istəmir. Eldar Namazov hərəkatın fəaliyyətinin gücləndirilməsi üçün onunla danışıq aparmaq istəsə də, müsbət cavab ala bilmədi. Artıq neçə müddətdir ki, hərəkatda pul yoxdur. Kimi gətirmişdilərsə, hamı yavaş-yavaş çəkilib gedib”.
Bizi bilgiləndirən şəxs onu da qeyd edib ki, E.Namazov münasibəti olduğu bir neçə beynəlxalq təşkilatın rəhbəri ilə əlaqə saxlasa da, ona müsbət cavab verən olmayıb. Belə ki, onlar heç bir nüfuzu olmayan, proseslərə təsir etməkdə aciz olan bir təşkilata dəstək olmağın mənasız olduğunu vurğulayıblar.
“Ona görə də bu saat Eldar Namazov çıxılmaz vəziyyətdədir. Artıq iki aydır ki, aparat işçilərinin belə pulunu verə bilmir. Müəyyən dairələrdən pul alan funksionerlər isə həmin vəsaitdən hərəkata xərcləməkdən imtina edirlər. Əgər belə davam edərsə, qısa müddətdə “El” Hərəkatı tamamilə məhv olacaq. Bu isə Eldar Namazovun daha bir layihəsinin fiaskosu demək olacaq”. – deyə müsahibimiz fikrini tamamlayıb.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12