Rusiya Azərbaycana ordu yeridəcəkmi?
12:20 04-04-2014
İQTİSADİYYAT
Rusiya Azərbaycana ordu yeridəcəkmi?
Yerli ekspertlər "yox", xarici ekspertlər "hə" deyir
Rusiyanın Krımı işğal etməsi ciddi rezonans yaratmaqdadır. Hətta artıq belə iddialar səslənir ki, Rusiya öncə qonşu olduğu possovet ölkələrinə də ordu yeridəcək, daha sonra isə sovetlər ittifaqının bərpası üçün lazımi addımlar atacaq. Bunu da qeyd edək ki, Krım olayları zamanı aydın oldu ki, həqiqətən də artıq 1970-ci illərdə ki, proseslər təkrarlanır və Rusiya ilə qərb və ABŞ arasında soyuq müharibə yenidən başlayıb.
Halbu ki, sovetlər birliyinin süqutundan sonra soyuq müharibəyə son qoyulmuşdu və Rusiya az qala parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin zaman tanınmış amerikalı politoloq Bzejiniski bəyan etmişdi ki, Rusiyanın parçalanmasına dəstək olmaq, Rusiya bir müddətdən sonra gücünü səfərbər edəcək. Amma buna heç kəs inanmırdı. Çünki bir tərəfdən Çeçenistan savaşı, digər tərəfdən isə dağılmış iqtisadiyyatı Rusiyanın ayağa qalxmasını mümkünsüz edirdi. Amma Vladimir Putinin hakimiyyətə gəlməsi ilə proseslər istiqamətini dəyişdi və bu gün Rusiya yenə gücə çevrilib. Rusiyanın son bir neçə ildə ən böyük uğuru və bir tərəfə çevrilməsi isə aşağıdakı arqumentlərlə əsaslanır.
1. Rusiya Gürcüstana ordu yeritdi və ABŞ-qərb birliyi bunun qarşısını ala bilmədi
2. İrana hərbi müdaxilənin qarşısını aldı
3. Dağlıq Qarabağ probleminin onların razılığı olmadan həllinin qarşısını aldı
4. Avropanın enerji ehtiyatları üzərində nəzarətini saxladı
5. Gömrük İttifaqını yaratmaqla Avropa Birliyinə alternativ qurum yaratmağa başladı
6. Possovet ölkələrinin Avropaya inteqrasiyasının və NATO-ya üzv olmasının qarşısını aldı
7. Ukraynaya ordu yeridərək Krımı açıq şəkildə işğal etdi
Bəs bunun qarşılığında Avropa və ABŞ nə etdi?
1. Bahar inqilabı yaratdılar və istədikləri nəticə yaranmadı. Əksinə müttəfiq olduqları dövlətlər radikal islamçıların nəzarətinə keçdi və hazırda çıxılmaz durumdadırlar
2. İraq və Əfqanıstan planları tam fiaskoya uğradı
3. Rusiyanın atdığı addımların heç birinin qarşısını ala bilmədilər
4. Qərb enerji problemini aradan qaldıra bilmədi
5. İqtisadi böhran Avropanın böyük hissəsini iflic etdi və hazırda İspaniya, Yunanıstan kimi dövlətlər dağılmaq həddindədirlər
6. Müttəfiq olduqları ölkələrə qarşı qərəzli olduqlarına görə onlara olan inam tamamı ilə sıradan çıxdı. Elə Türkiyə ilə bağlı qurduqları plan buna misaldır. Halbuki Türkiyə NATO üzvü olan ölkə idi. Amma hazırda Türkiyənin iflic olması, öz maraqlarının təmin olunması üçün əllərindən gələni edirlər
7. Avropa və ABŞ-in əslində İsrailin əlində aciz qaldığı tam aydın oldu
Beləliklə gördüyünüz kimi Rusiya kifayət qədər ciddi bir qüvvəyə çevrilib və bunu görən Rusiya sərtliyini daha da artırır. Buna görə də artıq beyin mərkəzləri yeni variantlar üzərində işləyirlər və sonuncu belə proqnozlardan biri ABŞ-dan gəldi. Belə ki,
ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers bildirib ki, Rusiya Cənubi Osetiyada da hərbi iştirakını gücləndirir. Mayk Rocersin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiya ilə İran arasında birbaşa quru əlaqəsi yaratmaq üçün Gürcüstan və Ermənistana hərbi müdaxiləyə hazırlaşır. "Onlar ən müasir hərbi texnikalarını Cənubi Osetiyaya daşıyırlar. Bunun üçün səbəb yoxdur. Gürcüstan ordusu heç bir təhdid yaratmır. Bu, xüsusi narahatlıq doğurur" - deyə ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri bildirib.
M.Rocersin sözlərinə görə, Rusiyanın İranla birbaşa quru əlaqəsi yaratmağın yollarını axtarması təəccüblü deyil. Hər iki ölkə beynəlxalq sanksiyalarla üzləşib və Rusiya Krımın anneksiyasına görə tətbiq edilən beynəlxalq sanksiyaların təsirini tezliklə öz "dərisində" hiss edəcək.
Qeyd edək ki, Rusiya Cənubi Osetiyadakı hərbi birləşmələrinin də daxil olduğu Cənub hərbi dairəsini durmadan ən müasir silah və hərbi texnika ilə təchiz etməkdədir. Bu yaxınlarda Rusiya Cənub Hərbi Dairəsinin qoşunlarına yeni "İsgəndər-M" ballistik raketləri verib. Habelə bu qoşunların məsuliyyət zonasında "S-400" raketləri, "T-90" tankları, "Smerç" reaktiv yaylım atəşi sistemləri, ən yeni hücum vertolyotları yerləşdirilir. Cənubi Osetiyada Rusiya 30 minlik hərbi kontingent saxlayır.
ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin rəhbərinin açıqladığı məlumatlardan görünür ki, Rusiya istənilən vaxt Cənubi Qafqazın iki respublikasını tam nəzarət altına ala bilər. Əslində Ermənistana hərbi müdaxiləyə ehtiyac yoxdur və bu ölkə onsuz da Rusiyanın hərbi bazalarının nəzarəti altındadır. Söhbət 2008-ci ilin avqust müharibəsindən sonra ərazilərinin bir hissəsini itirmiş Gürcüstandan gedir ki, bu ölkənin də qalan ərazilərini tutmaq üçün Rusiyaya cəmi bir neçə saat lazım ola bilərdi.
Xəbər verildiyi kimi, Putinin iqtisadi məsələlər üzrə keçmiş nüşaviri Andrey İllarionov bundan əvvəl bəyan etmişdi ki, Rusiya Krımla kifayətlənməyəcək və Ukraynanın cənub-şərq regionlarını tutaraq onu Moldovanın Dnestryanı bölgəsi ilə birləşdirəcək. Daha sonra Baltik respublikalarına və hətta Finlandiyaya doğru irəliləyəcək. Cənubi Qafqazı isə Rusiya onsuz da "arxa bağçası" hesab edir və regionu tam ələ keçirmək onun üçün ciddi çətinlik törətməzdi.
Maraqlıdır, Rusiya Gürcüstan və Ermənistanla bağlı belə plan qurursa bəs Azərbaycana yanaşması necə olacaq? Ekspertlər hesab edir ki, Rusiya üçün bu dəqiqə ən önəmli bölgə Ukraynadan sonra məhz Gürcüstan və Ermənistan yox, Azərbaycandır. Çünki Azərbaycan bir tərəfdən strateji nöqtədə yerləşir,digər tərəfdən isə ciddi enerji resursları var ki, bunun hesabına da qərb enerji təhlükəsizliyini qismən təmin edir. Buna görə Rusiya Azərbaycanla bağlı hər zaman ciddi planlar qurub və bu davam etməkdədir. Hazırda isə Rusiya Azərbaycana təzyiqlərini artırır və əsas niyyəti Azərbaycanın Gömrük İttifaqına daxil olmasıdır. Hətta belə fikirdə səsləndirilir ki, Rusiya Azərbaycanı ittifaqa daxil etmək üçün Dağlıq Qarabağdan da imtina edə bilər. Ermənistanda uzun müddət yüksək postda çalışan və Dağlıq Qarabağ danışıqlarında iştirak edən Jirayr Libaredyan deyir ki, Rusiya Ermənistana heç nə borclu deyil. Üstəlik İrəvandan almağa məxsusi nəsə qalmayıb. Rusiya Ermənistanla bağlı istədiyinə nail olub.İndi isə növbə Azərbaycandadır:- "Və indi Rusiya Azərbaycanı qayda-qanuna çağırmaq, yəni onun nüfuz orbitinə qaytarmaq istəyir. Əgər Rusiya Qarabağı götürüb özünə birləşdirsə və ya onun indiki statusunu tanıyıb qanuniləşdirsə, bunu edə bilməyəcək. Moskvaya Dağlıq Qarabağı təsir altında saxlamağa imkan verən hansısa aralıq status lazımdır. Bu status elə olmalıdır ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan aldığı konstatasiya olunmasın. Bundan sonra Kreml Azərbaycanla danışıqlar aparacaq, ondan istədiyinin hamısını alacaq, Bakıya nə lazımdır, ona nə lazımdır - müzakirə edəcək...
Dəqiq deyə bilmərəm, ancaq mən uzun müddət danışıqlarda iştirak etmişəm, sonra 15 il ərzində bu problemi araşdırmışam və mənə elə gəlir ki, bir məsələ tamamilə aydındır: Rusiya əraziləri qaytaracaq, bununla belə Laçın rayonunu özünə götürəcək və ondan isti su kranı kimi istifadə edəcək" - deyə Libaredyan bildirib.
Maraqlı başqa məqam isə budur ki, Azərbaycan Rusiya ilə razılığa gəlməzsə Rusiya Ukrayna variantını Azərbaycanda təkrarlaya bilərmi? Mövzu ilə bağlı "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu məsələyə başqa konteksdən yanaşd:-"Bilirsiniz bu gün Rusiya ilə ABŞ arasında problem var və ABŞ zəhmət çəkib bu problemini həll etsin. Bu problem bizim problem deyil. Kimlərəsədə bu iki dövlətin probleminə qatışırsa çıxılmaz duruma düşür. Baxın 1990-cı ildə Azərbaycan rəhbərliyinin boşluğuna görə Rusiya Dağlıq Qarabağı alıb Ermənistana verdi. Bir neçə il öncə ABŞ Gürcüstanı qızışdırıb Rusiyaya qarşı qaldırdı, Rusiya Gürcüstanın bir hissəsini işğal etdi. İndi də Ukraynanı saldılar ortaya və Rusiya Krımı ələ keçirtdi. Buna görə də hesab edirəm ki, bu oyunlara girmək olmaz. Bu gün Azərbayan rəhbərliyi bütün bunları ciddi təhlil edərək doğru qərar çıxarır. Hesab edirəm ki, Rusiyanın Azərbaycanla heç bir probelmi yoxdur. Hətta olsada bu sadəcə hansısa təzyiqlər şəkilində olar. Məsələn 1995-ci ildə Yeltsin Azərbaycanı tam olaraq blokadaya saldırmışdı. Amma heç nə edə bilmədilər. Və yaxud bir il öncə Rusiya yenə Azərbaycana təzyi etdi və Azərbaycan duruş gətirdi. Nəticədə Putin Bakıya gəlməli oldu. Bir məqama da toxunum ki, Avropa Birliyi 6 possovet ölkəsini öz sıralarına qatmaq istəyirdi. Gəlib neylədilər? İlk işləri Ermənistana dəstək oldu. Azərbaycanın ərazi bütövlüyü haqqında bir kəlmə də danışmadılar.Bütün gücləri ilə Ermənistanı özlərinə tərəf çəkdilər. Rusiya isə Ermənistana göstəriş verən kimi geri çəkildi. Buna görə hesab edirəm ki, bu savaş bizim savaş deyil. ABŞ Azərbaycana dəstək olmaq istəyirsə onda buyursun ilk növbədə Dağlıq Qarabağ problemini həll etsin. Bunun üçün elə ABŞ-dakı erməni lobbisinə tapşırıq verməsi yetərlidir. Amma bunu etmirlər. Belə olan halda nəyə görə biz onların dediklərini etməliyik? O ki, qaldı Rusiyanın Azərbaycana ordu yeritməsi bu sadəcə nəzəriyyə ola bilər. Rusiya heç vaxt belə addım atmaz. Çünki Azərbaycana ordu yeridərsə bu həm də Şimali Qafqazın alovlanması demək olacaq. Bu isə Rusiyaya sərf etmir. Digər tərəfdən isə istər Rusiya, istərsə Azərbaycan cəmiyyətlərində bir-birinə nifrət yoxdur və bu səbəbdən məsələni şişirtməyə dəyməz". Beləliklə gördüyünüz kimi kifayət qədər ziddiyyətli fikirlər var. Amma əksəriyyət hesab edir ki, Rusiyanın Azərbaycanla müharibə dilində danışmağa ehtiyacı yoxdur. Çünki iki ölkə arasında zaman-zaman problemlər olsada bu problemlər dinc şəkildə öz həllini tapıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53