Azərbaycanda QİÇS-li xəstələrin qorxunc statistikası
12:21 04-04-2014
İQTİSADİYYAT
Azərbaycanda QİÇS-li xəstələrin qorxunc statistikası
QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri: "Heç kim yoluxmanın səbəbini demək istəmir"
Türkiyənin Batman vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 5 əcnəbi qadın saxlanılıb. Arasında bir azərbaycanlının da olduğu əcnəbilərin müayinəsi zamanı onlardan birinin QİÇS virusunun daşıyıcısı olduğu aşkarlanıb. Azərbaycan və Gürcüstandan olan qadınlar polisə verdikləri ifadədə birlikdə olduqları 170 nəfərin adını da açıqlayıblar.
Çox vaxt media səhifələrinə çıxmayan belə hallar nə birinci, nə də sonuncu hadisədir. Xarici ölkəyə gedənlərin əksəriyyəti tanımadığı insanlarla intim münasibət nəticəsində bu xəstəliyin daşıyıcısına çevrilirlər. Onlar isə xəstəlikdən xəbərsiz olduqlarından bir çoxlarını müxtəlif yollarla yoluxdururlar. Son illər Azərbaycanda da müxtəlif yolla HİV daşıyıcılarının sayı artıb. Bəzən bu rəqəmlərin gizli, əksər hallarda isə reallığı əks etdirmədiyi deyilir. Ekspertlər isə real göstəricilərin açıqlanan rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarovun Modern.az-a verdiyi məlumata görə, bu ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 4298 nəfər QİÇS xəstəsi qeydə alınıb. Onlardan 4149-u - Azərbaycan, 149-u isə xarici ölkə vətəndaşlarıdır. Şöbə müdirinin sözlərinə görə, hazırda xarici ölkə vətəndaşlarının hamısı dövlət hesabına müalicə alırlar. Halbuki, qonşu ölkələrin heç birində HİV daşıyıcısı olan Azərbaycan vətəndaşları dövlət hesabına müalicə almırlar. N. Zülfüqarov onu da qeyd etdi ki, QİÇS -ə yoluxanların 514 nəfəri bu xəstəliyə 2013-cü ildə tutulub. Onların 494-ü azərbaycanlı, 20-si əcnəbilərdir. Onun sözlərinə görə, ötən il xəstəliyə yoluxanlardan 313 nəfəri kişi, 181-i qadındır.
"Yoluxma yollarına gəlincə, ümumi HİV-li xəstələrin 2400-ü narkotik vasitələrin istifadəsi nəticəsində, 1310 nəfəri hetroseksual yolla, yəni cinsi münasibətlər zamanı, 51 nəfər homoseksual kontakt nəticəsində yoluxub. Xəstəlik daşıyıcılarından 322-sinin isə yoluxma səbəbi naməlumdur. Virus daşıyıcılarından 235 nəfəri bu il xəstəliyin QİÇS mərhələsinə keçib. QİÇS isə xəstəliyin 4-cü mərhələsidir. Ötən il virus nəticəsində dünyasını dəyişənlərin sayı 59 nəfər olub".
Əksər hallarda yoluxma səbəblərinin gizlin saxlanıldığını deyən şöbə müdiri bu səbəbdən də yoluxma halının naməlum kimi qeyd olunduğunu söylədi. "Bəzən virus daşıyıcısı müayinə nəticəsində xəstəliyə hansı vasitə ilə yoluxmasını gizli saxlayır. Məsələn, narkotik istifadəçisi müayinəyə gəldiyi zaman narkotik aludəçisi olduğunu gizlədir. Onun hansı yolla xəstəliyə yoluxduğunu soruşduqda heç nə boynuna almır. Xəstə vətəndaş Mərkəzin sənədinə qol çəkir. Təbii ki, ora həmin insanı narkoman kimi qeyd etsək, o bizi məhkəməyə verə bilər. Odur ki, biz onun yoluxma səbəbini naməlum kimi qeyd edirik. Ya da uzun illər Rusiyada yaşadığını göstəririk. Ailəsi ilə müayinəyə gəldikdə xəstəliyə yoluxma səbəbinin cinsi yolla olduğunu etiraf etmək istəmir. Çünki Rusiya və Ukrayna kimi ölkələr xəstəliyin yayılmasına görə riskli ölkələrdir". Qan köçürülməsi zamanı yoluxma hallarının demək olar ki, baş vermədiyini deyən N. Zülfüqarov yalnız 10 il bundan öncə bir nəfərin qanköçürmə nəticəsində xəstəliyə tutulduğunu bildirdi. "Bəlkə, 10 il bundan əvvəl bir nəfər məhz bu yolla yoluxmuşdu. Amma Fransada bir neçə il bundan öncə 5000 nəfər qanköçürmə nəticəsində HİV-ə yoluxmuşdu. Həmin vaxt bütün məsul olan şəxslər həbs olundu. Donor qanın yoxlanılmaması, təhlükəsizliyi yerinə yetirilmədiyindən belə kütləvi yoluxma baş vermişdi". Xəstəliyə mübtəla olanlar dövlət tərəfindən müalicəyə cəlb olunur. Dövlətin tətbiq etdiyi müalicələr isə ömürlükdür. Onu da qeyd edək ki, 2012-ci ildən etibarən sözügedən xəstəlik ölümcül xəstəliklər siyahısından çıxarılıb. Ümumdünya Səhiyyə Təşkilatı QİÇS-i xroniki gedişli ağır xəstəliklər siyahısına salıb.
N. Zülfüqarov deyir ki, Azərbaycanda ümumilikdə 1771 nəfər insan müalicəyə cəlb olunub. Təkcə, 2013-cü ildə bu rəqəm 470-ə çatıb. Onun sözlərinə görə, yoluxucu xəstəlik daşıyıcıları əsasən 25-49 yaş arasındadır. "Azərbaycan epidemiyanın yayıldığı yüksək riskli ölkələr sırasında deyil. Təxminən il ərzində yoluxma halı 500 nəfər civarında olur. Buna baxmayaraq, bölgələrdə də yoluxma hallarına rast gəlinir. Təbii ki, xəstəlik daşıyıcıları daha çox narkotranzit yolu olan rayonlardır. Narkotik ölkəmizə daha çox İrandan daxil olduğundan Cənub bölgəsində xəstəliyin yayılması daha çoxdur. Şirvan-Hacıqabul bölgəsi xəstəliyin yayılmasına görə birinci yerdədir. Sonrakı yerləri Lənkəran, Astara, Masallıda, Bakı, Sumqayıt, Abşeron tutur. Narkotiklərin ölkəyə girişinin biri də Gürcüstan xətti vasitəsilə gerçəkləşir. Odur ki, Gürcüstana yaxın olan regionlarda Gəncə, Şəmkir, Ağdaş, Yevlax da risk zonasıdır. Nisbətdə götürəndə HİV-in yayılmasına görə, birinci yerdə Hacıqabul sonra isə Şirvan bölgəsidir". Dünyada isə vəziyyət daha ağırdır. Belə ki, 2012-ci ilin sonuna görə dünyada 35,3 milyon HİV-li insan yaşayır. Onlardan 17,7 milyonu qadın, 3,3 milyonu uşaqdır. Xəstəliyə görə ölənlərin sayı 1,6 milyondur. Dünya üzrə Şərqi Avropa və Orta Asiyada vəziyyət heç də yaxşı deyil. N. Zülfüqarov vətəndaşlara da çağırış etdi: "Hədəflər yeni yoluxma hallarını, anadan uşağa yoluxma hallarını sıfıra endirmək və QİÇS-dən ölənlərin sayını sıfıra endirməkdir. Çox vaxt ictimai qınaqdan çəkinən HİV daşıyıcıları müalicə, müayinə olunmaqdan çəkinirlər. Əgər xəstəlik vaxtında aşkar olunub, müalicə olunarsa ölüm halı baş verməz. Buna görə də çəkinməyə dəyməz. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 510-48-69 nömrəli telefonuna müraciət edə bilərlər".
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53