Ərdoğan Bakıya “Nur”çuları bitirmək üçün gəlib
01:22 06-04-2014
CƏMİYYƏT
Ərdoğan Bakıya “Nur”çuları bitirmək üçün gəlib
Türkiyənin baş nazirinin gözlənilməz Azərbaycan səfərinin şok təfərrüatları “Unikal”da...
Məlum olduğu kimi, qardaş Türkiyə Cumhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycana rəsmi səfərə gəlib. Yeri gəlmişkən mühüm bir məqamı qeyd edək ki, bu onun Türkiyədəki sonuncu bələdiyyə seçkilərindən sonra xarici ölkələrə etdiyi ilk rəsmi səfərdir. Əslində onun bələdiyyə seçkilərindən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etməsi normalda başadüşüləndir.
Çünki, həm Azərbaycan, həm də Türkiyə rəhbərlərinin mühüm seçkilərdən sonra ilk dəfə məhz bir-birlərini ziyarət etməsi yazılmamış qanuna çevrilib. Bununla belə, Ərdoğanın budəfəki səfərinin kifayət qədər fərqli çalar daşıyan məna və məqsədləri var ki, bu yazımızda məhz həmin amillərdən bəhs etmək niyyətindəyik.
Öncə bir məqamı xüsusi olaraq vurğulayaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dünən reallaşan səfəri hər iki ölkənin gündəminə öz damğasını vurdu. Əslində, Azərbaycanla Türkiyə arasındakı siyasi yaxınlıq hər zaman olub və bəlkə həm bu, həm də digər faktorları nəzərə alaraq budəfki səfərdə hansısa müəmma axtarmamaq da olardı. Amma həm Türkiyədə AKP iqtidarının son durumu, həm Ərdoğanın öz ölkəsində Fətullah Gülən davamçılarının intensiz təzyiqləri altında keçirdiyi son gərgin seçkidən sonrakı vəziyyət səfərə fərqli rakursdan baxmağımızı diqtə edir. Beləliklə....
İstirahətini Azərbaycana səfərlə əvəzləyən Ərdoğanın Bakıdan umacaqları...
Gərgin keçən bələdiyyə seçkilərindən sonra Antalyada istirahət edən hökumət başçısı tətilini yarımçıq qoyaraq qəfil Azərbaycana səfər haqda qərar verməsi çoxları üçün gözlənilməz oldu. Gözlənilməz qərarın səbəbsiz olmadığı isə mütləqdir. Türkiyə daxilində siyasi qüvvələr arasında seçki öncəsi yaşanan gərginlik hökumət başçısını xarici siyasi məsələlərə aktiv müdaxiləsinə əngəl törədirdi. Ancaq seçkidəki mütləq qələbə baş nazirə ölkə daxilində baş verən çəkişmələr səbəbindən zəifləyən beynəlxalq nüfuzunu artırmağa, regional və geosiyasi vəziyyətə yenidən təsir etmək imkanı qazandırır. Bu baxımdan Ərdoğanın Antaliyadakı istirahət tətilini yarımçıq qoyaraq Azərbaycana səfər etməsi onun xarici siyasətlə bağlı bəzi tədbirlər almaq istəyindən də xəbər verə bilər. Hər halda Ərdoğanın özü də səfər öncəsi verdiyi açıqlamalarda məhz bu amili qabarıq şəkildə önə çəkməyi lazım bildi.
Belə ki, Ərdoğan Türkiyə aeroportunda Bakı səfəri ilə bağlı bəyanat verərək səfərin məqsədləri haqda bunları deyib: “Yerli seçkilərdən dərhal sonra həyata keçirdiyimiz bu səfər həm simvolik olaraq, həm beynəlxalq əlaqələrimiz baxımından böyük əhəmiyyət kəsb edir... Azərbaycan səfərimiz də bu simvolik vurğuya əsasən həyata keçirilməkdədir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə-Azərbaycan münasibətləri nümunəvi mahiyyət qazanıb. Mükəmməl səviyyədə davam edən ikitərəfli münasibətlərimizlə yanaşı Cənubi Qafqazda da önəmli layihələrə imza atırıq. Bölgədə hərtərəfli sülhün təmin edilməsi yönündəki çalışmalara fəal dəstək veririk. Səfərim sırasında prezident Əliyevlə aparacağım danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə davam etdirilən çalışmalar haqqında da fikir mübadiləsi edəcəyik”.
İlham Əliyevlə mühüm müzakirələr
Hər halda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin müzakirə edəcəkləri təxmin edilən kifayət qədər çox mövzuları var. Buraya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ukrayna ilə Rusiyadakı son məlum gərginlikdən sonra proseslərin Türkiyə və Azərbaycanın maraqları baxımından necə inkişaf edə biləcəyi perspektivləri, enreji problemləri və s. bütün bu mövzular ətrafında iki liderin fikir mübadiləsi aparacaqları gözləniləndir. Bu öz yerində, amma liderlərin müzakirə edəcəyi mövzulardan biri də son zamanlar həm Türkiyənin, həm də Azərbaycanın daxili siyasətinə əhəmiyyətli şəkildə təsir göstərməyə çalışan “Nur”çular problemidir. Hesab edirik ki, problemin nə qədər aktual olduğunu xüsusi qeyd etməyə elə də böyük ehtiyac yoxdur. Hər halda oxucular mövzuyla bağlı kifayət qədər məlumatlıdır.
Odur ki, bir çox analitiklər və şərhçilər Ərdoğanın Azərbaycan səfərindəki əsl məqsədlərini şəhr edərkən burada əsas ağırlığın Fətullah Gülənə bağlı olan güclərin Bakıda ciddi dəstək görməsinin qarşısını almaq olduğunu önə çəkirlər. Xatırladaq ki, Ərdoğan son bələdiyyə seçkilərindən qələbəylə ayrılmağı bacarsa da “Gülən camaatı”nın ona və siyasi karyerasına vurduğu öldürücü zərbələri unutmayıb. Həmin qüvvələri öz ölkəsində mümkün olduğu qədər zərərsizləşdirməyə müvəffəq olan Ərdoğan indi eyni prosesə bölgə dövlətlərində də start verməyi düşünür. Artıq bu prosesə Gülən camaatının çox güclü olduğu Orta Asiyanın türk cümhuriyyətlərində reallaşdırıldığı haqda da informasiyalar daxil olmaqdadır. Görünən isə odur ki, Ərdoğan Gülənçilərə Azərbaycanda da ciddi və öldürücü zərbə vurmağı düşünür.
Ərdoğan Azərbaycan rəhbərindən
nəyi xahiş edə bilər?
Son aylarda baş verənlər Azərbaycan mətbuatının illərdir ki, yazdığı mühüm bir məsələni də təsdiqləmiş oldu: Fətullah Gülənə bağlı olan “Nur”çular şəbəkəsi ölkəmizdə yaradılan tolerantlıq mühitindən sui-isdtifadə edərək nəzərə çarpacaq dərəcədə möhkəmlənməyi bacarıb. Onlar xüsusilə ölkənin təhsil sektorunda alt qurumlar yaradaraq müəyyən qədər şəbəkələşə biliblər. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən bir neçə hazırlıq kurslarını, “Qafqaz” Universitetini və digərlərini də nümunə göstərmək olar. Bununla belə Fətullah Gülən camaatının ölkəmizdə təkcə təhsil sektoruna nüfuz etmədiyi, onların digər sahələrdə də möhkəmlənməsi haqda iddialar səsələnir. Məhz elə bu iddiaları nəzərə alaraq Türkiyə baş nazirinin Azərbaycan rəhbərindən onlarla bağlı xahişdə bulunacağını təxmin etmək olar.
Aydın məsələdir ki, hansısa dini cərəyanın şəbəkələşərək siyasət meydanına atılmaq cəhdləri ölkəmizin maraqları baxımından da zərərli olduğundan Azərbaycan tərəfinin bu xahişi rədd etməyəcəyini proqnozlaşdırmaq olar. Hər halda bu ssenarinin reallaşacağı təqdirdə Ərdoğanın Azərbaycana səfərinin məntiqi nəticəsi kimi ölkəmizdə “Nurçu”lara qarşı yeni mübarizə tədbirlərinin başlanacağını proqnozlaşdırmaq mümkündür.
“Nur”çulara qarşı yeni mübarizə dalğası
Qeyri – rəsmi şəkildə dövriyyəyə buraxılan, təsdiqlənməmiş daha bir məlumatda isə Ərdoğanın Azərbaycana nurçularla bağlı məxfi dosye ilə gəldiyi söylənilir. Həmin iddialara görə, həqiqiliyi şübhə doğurmayan və Türkiyə MİT-nin hazırladığı həmin hesabatda Azərbaycandakı “Nurçu” şəbəkəsinin dəqiq sxemi, onların fəal olduğu fəaliyyət sahələri və maliyyə qaynaqları yer alıb. Əgər bu iddia doğrudursa Ərdoğanın Bakı səfərindən bir qədər sonra ölkəmizdə “Nur”çulara qarşı yeni mübarizə dalğasının reallaşçağının şahidlərinə çevrilə bilərik.
Bununla bağlı ilk zərbənin Gülən camaatına bağlı olduğu şübhə doğurmayan “Qafqaz” Universitetinə və “Çağ Öyrətim” Şirkətinə bağlı olan digər təhsil ocaqlarına endiriləcəyi daha ağlabatan görünür. Eyni zamanda hakimiyyət daxilində də müəyyən kadr islahatlarına gediləcəyini təxmin etmək olar. Təbii ki, bütün bunlar yalnız müəyyən informasiyalar sayəsində çıxarılan nəticələrdir. Həmin məntiqi nəticələrin reallaşıb-reallaşmayacağı isə yaxın zamanlarda bəlli olacaq.
Şahin
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54