Generalların həbsi başlayır
01:25 06-04-2014
CƏMİYYƏT
Generalların həbsi başlayır
İlk qandal görən isə Yunus Məmmədov oldu
Müdafiə naziri Zakir Həsənov artıq neçə müddətdir ki, orduda ciddi kadr islahatları həyata keçirtməyə başlayıb . Demək olar ki, köhnə generalların əksəriyyəti istefaya göndərilib və hazırda proseslər davam etməkdədir. Bu arada aydın olub ki, istefalarla yanaşı həm də ordunun müxtəlif bölmələrində ciddi yoxlamalara start verilib. Əsasən korrupsiya hallarının çox olduğu vurğulanır və bu məqsədlə də müxtəlif komissiyalar hər tərəfli yoxlamalara başlayıblar.
Buda bildirilir ki, yoxlamalar nəticəsində milyonlarla manat dəyərində yeyintilərin olduğu ortaya çıxıb və bu səbəbdən kütləvi həbslərin gözlənildiyi bildirilir. Hətta bu həbslər Səfər Əbiyevə də şamil olunacaq. Hələlik isə ilk qurban məlumdur.Belə ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, HDQ-nin keçmiş komandan əvəzi, birinci dərəcəli kapitan Yunus Məmmədov həbs olunub.İnformasiyanı Müdafiə Nazirliyində də təsdiq ediblər. Bildirilir ki, Y.Məmmədovun həbsi HDQ-də maliyyə fırıldaqları və əmlakın talan edilməsi işi üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib. Aprelin 3-də onu istintaqa çağırıblar və rəsmi ittiham irəli sürüblər. Daha sonra onun həbsi barədə qərar çıxarılıb. Xatırladaq ki, Yunus Məmmədov HDQ-nin komandanı, admiral Şahin Sultanovun vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərini icra edirdi. Daha sonra müdafiə naziri Zakir Həsənov Yunus Məmmədovun HDQ-nin komandan əvəzi vəzifəsindən azad edilməsi barədə əmr verdi, komandan səlahiyyətlərinin icrası ikinci dərəcəli kapitan Şahin Məmmədova həvalə olundu. HDQ-də korrupsiya və əmlakın mənimsənilməsi üzrə qaldırılmış cinayət işində artıq 6 zabitin həbs olunduğu məlumdur. Bu iş üzrə aparılan istintaqın keçmiş komandan Şahin Sultanova qədər uzanacağı istisna deyil. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayılıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.
Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb. "Bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər”. Bu sözləri məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib.O, hələ ki, mətbuata demədiyi ciddi faktların olduğunu bildirib:"Bizim mətbuata demədiyimiz son dərəcə ciddi faktlar var. Təsəvvür edin ki, Hərbi Dəniz Qüvvələri üçün İsraildən son dərəcə bahalı gəmi boyaları alınmışdı. O boyalar gəmilərə həm onları korroziya, dağılma, həm də möhkəmliyi nöqteyi-nəzərindən çəkilirdi. Amma bizim çiynində yekə ulduz gəzdirən bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər. Bu, bəzi mütəxəssisləri dəhşətə gətirmişdi. FAB boyalarının təyinatı tamam başqa məqsədlər üçündür. Gəmi boyası başqa təyinatlıdır”. Ekspert yaxın günlərdə yeni həbslərin olacağını deyib:"Təsəvvür edin ki, qərargah rəisi Nizamnamə qaydalarını pozmağa görə həbs edilir. Bu, növbətçi maddədir və sonrakı günlərdə ona qarşı başqa maddələrin də irəli sürülməsi nəzərdə tutulub. Açığını deyim, Yunus Məmmədovdan sonra növbə Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli şəxslərin olacaq.Amma onların həbs olunma ehtimalı bir qədər azdır. Onlarla bağlı müvəqqəti qərar qəbul ediləcək, faktiki olaraq işdən azad olunacaqlar”. Ekspertlər bildirir ki, bu cür korrupsiya hadisəsini bir neçə şəxs öz arasında həll edə bilməzdi. Bundan ən yüksək səviyyəli şəxslərin xəbəri olub və çox böyük ehtimal ki, bu korrupsiya oyununda onlarda iştirak ediblər. Buda qeyd olunur ki, hərbi sahədə xarici ölkələrdən nəsə alınarsa bundan mütləq şəkildə bir başa nazirin xəbəri olur və onun əmri əsasında bu həyata keçirilir. Belə olan halda aydın olur ki, bu korrupsiya faktından nazirin məlumatı olub.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59
2024-12-27 14:39:28
2024-12-27 14:33:16
2024-12-27 14:30:28
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10