“Bakcell” yenə tənqid hədəfinə çevrildi
Ölkənin ikinci böyük mobil operatorunun tarifləri ilə bağlı müdhiş iddialar
Ölkənin ikinci böyük mobil operatoru olan “Bakcell”lə bağlı yeni ittihamlar ortaya çıxıb. Belə ki, bu günlərdə Fuad Ağamalıyev adlı “Bakcell” abunəçisi az qala bütün ölkəyə şikayət edib.
Abunəçinin şikayətində bildirilirdi ki, “Bakcell” 9971 nömrəli bir xidmətlə müqavilə imzalayıb və onun balansındakı pulu mənimsəməklə məşğuldur: “Tanımadığım sayta nömrəmi qeydiyyata aldıraraq günə minimum 0.58 qəpik pul tutur. Bu gün ərzində iki-üç dəfə təkrarlanır bəzən. Balansda həftə ərzində 10 AZN-ə yaxın pul bu xidmətə görə yoxa çıxır. Şikayət etdikdə isə bildirirlər ki, 9971-ə böyük hərflərlə stop yazıb göndərin, xidmət deaktiv edilsin. Deaktiv xidmətinin qiyməti isə 0.76 qəpikdir. Əslində bu, bir abunəçinin etirazıdır. “Bakcell”in qiymət siyasətinə nəzər yetirdikdə hərc-mərcliyi açıq-aydın görmək olur. Məsələn, “Bakcell”in kredit xidməti rəsmən sələmçi funksiyasını yerinə yetirir (axar.az). Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun üçün ən azı 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə əsasən, kredit borcu 1.20 AZN təşkil edir. Eyni qayda ilə, 2 kredit borcunu ödəmək üçün dəyişikliyə qədər 2 manatlıq kontur almaq kifayət edirdisə, indi bu rəqəm 2.40 AZN-dir, lakin bu hamısı deyil. Mobil operator kredit borcu ödənildikdən və balans artırıldıqdan sonra da 1 AZN çıxır. Balansından pulu yoxa çıxan abunəciyə isə heç bir arayış verilmir. Digər tərəfdən, 2 kredit borcunu ödəməyənlər nə əlavə kredit əldə edə bilir, nə də başqa nömrədən öz balansına məbləğ göndərə bilir. Bundan başqa, “Bakcell”in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman hər 20 qəpiyə 1 qəpik xidmət haqqı tutulur. 6-10-cu göndərişlərin qiyməti - hər bir göndəriş üçün 5 qəpik təşkil edir. Növbəti göndərişlərin qiyməti 10 qəpik olur. Operatorun kampaniyalarının şərtləri sərfəliliyi isə “gözləri yaşardır”. Götürək Günboyu 0 tarifini. Tarif dəqiqəsi 0 qəpiyə səhər saat 8:00-dan axşam saat 18:00-dək şəbəkədaxili limitsiz danışmağı nəzərdə tutur. Hansı şərtlərlə? Əsas məsələ də budur. Tarifə qoşulandan sonra balansından hər gün 29 qəpik çıxılır. İlk 3 gün ərzində yeni nömrələrdə gündəlik abunə çıxılmır. Göründüyü kimi, istifadə edildi-edilmədi gün ərzində abunəçi 29 qəpik itirir. Bundan əlavə, nəzərə alsaq ki, 8:00-dan axşam saat 18:00-dək ölkədə iş saatıdır. Aradakı müddətdə insanlar daha çox işləməyə üstünlük verirlər, nəinki ünsiyyətə. Saatlarla danışmağı xoşlayanlar üçün nəzərdə tutulan “ƏlaCIN” tarifində isə şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma haqqı da ucuz deyil. Nə az, nə çox - 1 AZN. Amma əsas məsələ bu deyil. İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları nömrələrlə 1 saat danışmırlar. Nəticədə hər şəbəkədaxili zəngə 7 qəpik “Bakcell”in cibinə gedir. SevimliCin tarifinin şərtləri də digər tariflərdən fərqlənmir. Bu tarifdə Azərbaycanın bütün mobil operatorların nömrələrinə və şəhər telefonlarına zənglər üçün vahid qiymət (dəqiqəsi) 8 qəpikdir. Tarifə keçid haqqı - 1 AZN-dir. Əgər bu tarifə keçidi təzə SİM kartı (SevimliCIN) aldığınız gün edərsinizsə, keçid pulsuz həyata keçirilir. Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə, şəbəkəxarici zənglərin tarifikasiya müddəti - 15 saniyədir. Göründüyü kimi avantajları geniş deyil. “Bakcell” “BlackBerry” paketi isə ən bahalı xidmət sayıla bilər. Mobil operator CIN, Klass və Gold abunəçilərinin qoşulma tariflərinə nəzər yetirək. Bu sahədə 5 paket növü təqdim edir. Bunlardan ən ucuzu və keyfiyyətsizi Sosial 7 paketidir. Hansı ki istifadə müddəti 7 gün, trafikin həcmi 150 MB-dır. Qiyməti 3,33 manat olan paketlə “BlackBerry”nin “yes” düyməsi belə işləmir. Belə ki, operatorun saytında Sosial 7 paketində BBM (çat), BB mail (elektron poçt), sosial şəbəkələr üçün BB əlavələr, internetə giriş kimi xidmətlərin mümkün olduğu qeyd edilir. Halbuki reallıqda 150 MB trafiklə bu xidmətlərin heç birindən istifadə mümkün deyil. Sosial 7 paketi sadəcə telefonun ekranında internetə çıxış işarəsinin yanıb-sönməsinə kifayət edir. İnternet trafiki “BlackBerry” telefonları üçün deyil. 600 MB-lıq Sosial 30 paketində də sürətli internet xidmətindən söhbət gedə bilməz. Əslində “BlackBerry” telefonları üçün paketlərinin qiyməti 14 manatdan başlayır. 1GB-lıq “Complete” paketinin qiyməti 13.99 manatdır. Diqqəti çəkən daha bir məqam paket üçün ayrılmış trafik bitdikdən sonra abunəçinin başına gətirilən oyunlardır. Operatorun rəsmi internet ünvanında hər 1 MB-ın 0.10 AZN təşkil edəcəyi bildirilir. Lakin bir məsələ də var. İnternet istifadə edilmədiyi halda növbəti paket yüklənənə qədər “BlackBerry” konturları “yeyir”. Hər 1 saata balansdan 10 qəpik çıxılır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40