Müsavatla “EL” Hərəkatı AXCP-ni dalana dirəyir
12:05 09-04-2014
İQTİSADİYYAT
Müsavatla “EL” Hərəkatı AXCP-ni dalana dirəyir
İsa Qəmbərlə Eldar Namazov Əli Kərimliyə qarşı plan qurub bir ittifaqda birləşirlər
Müxalifətin əksər siyasi təşkilatlarının bir araya gəldiyi Milli Şura parçalanandan sonra yeni birliklərin yaranması məsələsi gündəmə gəlib.
Artıq bu istiqamətdə müəyyən cəhdlər də var. Belə ki, Milli Şuradan ayrılmamışdan öncə Müsavat Partiyası əməkdaşlıq sazişi imzalamaq üçün bir sıra partiyalarla danıqışlara getmişdi. İlk vaxtlar buna müsbət yanaşılsa da, Milli Şuranı tərk edəndən sonra Müsavatın bu təklifinə qarşı çıxanlar oldu.
Belə ki, AXCP Milli Şuradan yolunu ayıran Müsavatın bu təklifini süngü ilə qarşıladı və bəyan etdi ki, sözügedən qurum daxilində partiyalarla əməkdaşlıq edirlər. Onun ardınca KXCP və Milli Şuradakı digər partiyalar da Müsavata “yox” dedilər. Ancaq keçən il dekabrın 19-da Müsavat "El" Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif etdi. "El" Milli Şuradan çıxandan sonra Eldar Namazovla Müsavat başqanı İsa Qəmbər arasında saziş ətrafında intensiv müzakirələr aparıldı. Müsavat sadalanan təşkilatlardan yalnız "El"lə pozitiv əməkdaşlığın baş tutacağını qərarlaşdırdı.
Aldığımız məlumata görə, hazırda ictimaiyətə məlumat verilməsə də, İsa Qəmbərlə Eldar Namazovun anlaşdığı bildirilir. “Məndə olan məlumata görə, Eldar Namazov da Milli Şuradan çıxandan sonra İsa Qəmbərlə görüşüblər və yieni bir ittifaqın yaradılması istiqamətində geniş müzakirə aparıblar. İlkin qənaət ondan ibarətdir ki, hələlik Müsavatın əməkdaşı sazişi imzalasın. Növbəti mərhələdə isə yeni bir blok yaradılar. Bu blokda ilkin mərhələdə “El” Hərəkatı ilə Müsavat Partiyası olacaq. Sonra digər qüvvələrin də cəlb olunması nəzərdə tutulur. Onu da deyim ki, İsa Qəmbərlə Eldar Namazovun əsas məqsədi AXCP sədri Əli Kərimlinin təklənməsinə nail olmaqdır. Ola bilsin ki, hazırda Milli Şurada Əli Kərimlinin yanında olan bəzi partiyalar da Müsavat-”El” ittifaqında təmsil olunsunlar. Bu plan 2015-ci il parlament seçkilərinə hesablandığı üçün hələlik daha geniş dairəyə bildirmək istəmirlər”.
Məsələylə bağlı “Unikal”a açıqlama verən “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Müsavatla saziş məsələsindən danışmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, “El” hərəkatı qurultaya hazırlaşdığı üçün bütün strükturlar buraxılıb və yerinə təşkilat komitəsi fəaliyyət göstərir. Bu səbəbdən də hərəkat yetkilisi deyib ki, Müsavatla sazişin imzalanıb-imzalanmayacağı barədə təşkilat komitəsinin sədri Eldar Namazovun danışmaq ixtiyarı var. E.Namazov isə hazırda ölkədən kənarda olduğu üçün məsələylə bağlı münasibət öyrənə bilmədik. Amma “El”dən aldığımız məlumata görə, qurultay keçiriləndən sonra ilk iş Müsavatla əməkdaşlıq sazişi imzalamaq olacaq.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə deyib ki, Müsavatla "El" Hərəkatı arasında bağlanacaq əməkdaşlıq haqda sazişin razılaşdırılması prosesi davam edir. Onun sözlərinə görə, artıq prinsipial razılıq əldə olunub: "Hazırda "El"də partiyalaşma ilə bağlı müəyyən işlər getdiyi üçün müəyyən qədər bu məsələ gecikir, amma iş davam edir. NİDA ilə də müəyyən razılaşmalar barədə danışıqlar gedir. Digər partiyalardan isə bizə müraciət daxil olmayıb".
Göründüyü kimi, tərəflər qarşılıqlı münasibətlərin normal olduğunu və müttəfiqliyin baş tutmasına çalışdıqlarını inkar etmirlər. Lakin İsa Qəmbərlə Əli Kərimli planlarının daha təfsilatlı ictimailəşməməsi üçün partiya funksionerlərinə bu barədə geniş danışmağa qadağa qoyublar. Ona görə mümkün qədər Müsavat-El ittifaqının yaranması barədə danışmaqdan yayınırlar. . Çünki onlar da yaxşı bilirlər ki, əgər AXCP sədri İsa Qəmbər-Eldar Namazov cütlüyünün bu planından xəbər tutsa, əks-təbliğata başlayacaq. Bu isə Müsavat-“El” ittifaqı planını beşikdəcə boğa bilər.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53