Ukraynada son yaşananların müdhiş pərdəarxası
12:07 09-04-2014
İQTİSADİYYAT
Ukraynada son yaşananların müdhiş pərdəarxası
Putin Rusiyanı SSRİ-yə çevirə biləcəkmi?
Bütün dünyanın diqqəti Ukraynada baş verənlərə yönəlib. Bu ölkədən həyəcanlı xəbərlərin gəlməsi ilə bərabər, artıq Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa planını sürətlə həyata keçirməyə başladığına dair proqnozlar da ciddilik qazanmağa başlayır.
Ukrayna hadisələrinin hazırki gedişi və mümkün nəticələri ilə bağlı sizə publika.az saytından Əziz Əlibəylinin və olaylar.az saytından Elman Cəfərlinin maraqlı analizlərini təqdim edirik.
Qərb Ukraynanı aldatdı: Rusiya SSRİ-yə çevirilir!
Əziz Əlibəyli: "İlk dəfə Ukraynada 2004-cü ilin qışında baş verən məxməri inqilab cəhdi bir sualı ciddi şəkildə qarşıya qoydu. Rusiyanın taleyi necə olacaq?
Amerikan nəzəriyyəçilərinin qlobalist prinsiplərə söykənən müddəaları Rusiya ilə məsələni birdəfəlik həll etmək üçün hərəkətə başladı.
Ssenari çox sadə idi. Uzun zamandan bəridir davam edən Sovet kadralarının hakimiyyətinə son vermək və Rusiya qarşısında Ukrayna kimi bir qala yaratmaq idi. Təbii ki, o zamanlar bunun icra edilməsi üçün sadə bir variant da hazılanmışdı. Qan-qada törətmədən rahat yolla(sonralar buna narıncı inqilab adı verildi) hakimiyyəti dəyişməyi qərara aldılar. Rusiyameyilli Yanukoviç zorla seçimlərdə qazandığı qələbədən məhrum edildi və bu dəfə Qərbin maliyyə mənbəyi ilə hakimiyyəti ələ keçirmiş Yuşşenko hakimiyyətə gəldi.
İlk dəfə, Rusiya sərhədlərinə dayanmış bəlanın fərqinə vardı.
"Demokratik Ukrayna"
Ukrayna üçün yeni dönəm başlamışdı. NATO hərbi əməkdaşlığı, Aİ isə iqtisadi inteqrasiya proqramları ilə Ukraynanı həzm etməyə başladı. Amma bu qüvvələr bir şeyi unutmuşdu. Ukraynanın Şərq hissəsinin əhalisi rusmeyillilərdir və bunlar potensial qüvvə olaraq gələcəkdə mühüm yer tutacaqdılar.
Qərbin daha bir ciddi səhvi Ukrayna üçün nəzərdə tutduqları enerji siyasəti idi.
Rusiyanın məharətlə yararlandığı qaz diplomatiyası Ukrayna qarışıq bir neçə dövləti qışda dondurdu.
Bunun bariz nümunəsi olaraq, qadın baş nazir Timoşenko həyatının bir neçə ilini həbsdə yatacaqdı.
Nəhayət, Rusiya uzun bir aradan sonra, 2006-cı ildə müvəqqəti də olsa öz kadrı-Yanukoviçin Baş nazir seçilməsini təmin edə bildi. Amma böyük oyunun fonunda bu qələbə ani zərbə təsiri bağışladığı üçün ağrısı tez unuduldu və iki il sonra Yanukoviç artıq müxalifətdə yer almışdı.
Rusiya bu dəfə qəti hücuma keçməyi nəzərdə tutmuşdu. 2010-cu ilin prezident seçkilərində Cənubi və Şərqi Ukrayna əhalisinin səyi nəticəsində Yanukoviç Qərb kolonunu əzərək rusiyameyilli hakimiyyəti bərpa edə bilmişdi.
4 illik hakimiyyət Yanukoviçə və Rusiyaya qalibiyyət təntənəsi yaşatmaqla yanaşı Qərbə maraqlı bir mesaj da etdi: rusmərkəzçilik bir addımlıqdadır və neorusiya elə SSRİ arzusununu reallaşmasıdır.
Açarı Qərbdə olan
Maydan evi
Ukrayna kimi ciddi bir qüvvəni itirən Qərb böyük miqyasda Rusiyaya uduzuğunu həzm edə bilmədiyi üçün oyunu davam etdirməkdə qərarlı idi.
2014-cü ilin ilk aylarında başlayan Maydan mitinqləri qısa zamanda güclü maliyyə dəstəyi ilə öz arzusuna iri addımlarla yaxınlaşdı.
10 il əvvəl olduğu kimi hədəf yenə Yanukoviç və Rusiya idi. Amma yenə olmayan bir şey vardı. Bu da daha güclü Rusiya və fürsət gözləyən Putin idi.
Fevralda mitinqlər zirvə nöqtəsinə çatdı.
Boksyor qardaşların müxalifəti istəyinə çatmışdı-Yanukoviç qaçmış, Timoşenko həbsdən çıxmış və Ukraynda Qərbin nüfuzu təmin edilmişdi.
Amma Rusiyanın bu dəfə hansı kartı oynayacağını kimsə bilmirdi. Rusiya Qambitə getdi.
Əgər diqqətinizdən qaçırmamısınızsa, yuxarıda qeyd etmişdik ki, Rusiyanın Ukraynadakı əsas gücü Cənubi və Şərqi Ukrayna əhalisidir.
Rusiya bu dəfə, son və qəti olaraq məhz bundan istifadə etməyə başladı.
Əvvəlcə, 1950-ci ildə Ukraynana hədiyyə verdiyi Krımı ilhaq etdi.
Bu gün isə Donetsk eyni ssenari ilə prosesi başladı.
Bu tale dəqiq deyə bilərik ki, Dnestryanını, Osetiyanı, Abxaziyanı və nəhayət Dağlıq Qarabağı da gözləyir.
Rusiya bununla da Qərbin, qloballaşmanın cavabını verdi.
Amma əzilən qüvvələri yasda boğan isə Qərbdəki qüvvələrin onları Rusiya qarşısında yem olaraq qoyub qaçması oldu.
Ukraynada müvəqqəti hökumət qurulub. Yeni prezident Turçinov Ukrayna hər yeni ərazi itirdikcə bəyanat verməsi ilə yadda qalır. Qərbdən isə...
Artıq nə reaksiya var, nə də yağlı-yağlı vədlər. Rusiya isə böyüməkdə davam edir".
Qərb Moskvanı
çəkindirməsə, xırda müstəqil dövlətlərə təhlükə yaranacaq
Elxan Cəfərli: "Ukraynadan həyəcanlı xəbərlər gəlir. Ölkənin şərqində separatçılıq meylləri baş qaldırıb. Etnik ruslar və Rusiyapərəst qüvvələr ölkənin şərqini Kiyevdən ayırmağa cəhd edirlər. Əslində Krımın ilhaqından sonra Rusiyanın bu hərəkətləri gözlənilən idi.
Rusiyanın Krımla yetinəyəcəyi, ilhaq planına başqa əraziləri də daxil edəcəyi gözlənilirdi. Kiyevdə hakimiyyətə gəlmiş demokratik qüvvələrin gözlədiyi pis nəticə üzə çıxdı. Ukraynanın Donetsk vilayətində bu gün qurulmuş separatçı Xalq Şurası referendum keçirməklə müstəqil respublika yaratmaq və Rusiyanın tərkibinə daxil olmaq niyyətində olduğunu açıqlayıb. Vilayət dövlət administrasiyasının binasını ələ keçirən separatçılar Donetsk vilayətinin inzibati sərhədlərində Donetsk Xalq Respublikası yaradıldığını bəyan ediblər.
Mitinqçilər Xalq Şurası yaratmaq qərarına Donetsk Vilayət Şurası növbədənkənar sessiya çağırmağa və vilayətin statusu ilə bağlı referendum keçirməyə etiraz etdiyinə görə gəliblər. Separatçılar Donetsk Xalq Respublikası yaradılması haqqında qərarı aprelin 11-də referenduma çıxarmaq istəyirlər. Xalq Şurası Rusiya prezidentinə müraciət edərək bölgəyə qoşun göndərilməsini xahiş edib. Baş verənlərdən hamı-rəsmi Kiyev də, Ukrayna demokratiyasını himayə edən Avropa da şokdadır.
Heç kim Kremldən bu qabalığı gözləmirdi. Arxayınçılıq onda idi ki, 2003-cü ildə Gürcüstanda, 2004-cü ildə Ukraynada baş tutmuş, Qərbyönümlü siyasi qrupların hakimiyyətə gəlməsi ilə sonuclanmış inqilablardan sonra Rusiya təmkinli davranmışdı. Ukraynalı demokratlar bu dəfə də belə olacağını güman edirdilər. Lakin yanıldılar. Budur Rusiya Krımı Ukraynadan alıb, Şərqi Ukrayna da separatçıların arxasındadır. Doğrudur, uzun müddətli təmkinli davranışlardan sonra Kiyev hökuməti separatçılara qarşı əməliyyatlara qərar verib. Xarkovda terror əleyhinə əməliyyat aparılıb. Xarkov Vilayət Administrasiyasının binası separatçılardan tamamilə təmizlənib, 70 nəfər tutulub. Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, separatçıların binada törətdiyi yanğın söndürülüb.
Kiyevdəki demokratik hökumətin separatçılar əleyhinə apardığı əməliyyatların ciddi nəticə verəcəyini söyləmək tezdir. Çətinki, Rusiya bununla qorxub çəkilsin. Əksinə, Xarkovda aparılan əməliyyatlar Putin hökumətinin əlinə "rusları sıxışdırırlar, Şərqi Ukraynaya qoşun yeritmək məcburiyyətindəyik" bəhanəsini verə bilər. Böyük ehtimalla, belə də olacaq. Çünki geri çəkilmək Rusiya üçün məğlubiyyətə bərabərdir. Putin bilir ki, Qərb-Rusiya savaşı rus imperiyasının dağılmasına qədər davam edəcək. Qərbdə təhlükəsiz dünya üçün Rusiyanın 8 yerə parçalanması məqbul hesab edilir.
SSRİ dağılandan sonra Rusiya Balkanlarda, qismən Mərkəzi Asiyada mövqelərini itirib. Suriya əldən çıxmaq ərəfəsindədir. Demokratikləşmə prosesi Rusiyanın sərhədlərinə yaxınlaşdıqca Rusiya üçün təhlükə artacaq. Məsələ burasındadır ki, Moskvada da, Qərbdə də bilirlər ki, MDB dövlətlərinin müstəqilliyi Qərblə, NATO ilə əlaqələri möhkəmləndikcə, mərkəzdənqaçma meylləri Rusiyanın daxilinə keçə bilər. Rusiyada 16 muxtar qurum var. Onların Moskvadan ayrılması məsələsi gündəliyə çıxa bilər. Rusiyanın bütövlüyünü saxlamaq, Rusiya xalqlarının müstəqillik hərəkatını ləngitmək üçün ölkənin sıınırlarından kənarda problemlər yaratmaq lazım gəlir. Eynilə İran kimi. Molla hökuməti İranın ərazi bütövlüyünü, milli birliyini "Böyük şeytan İsrail, ABŞ" təhlükəsi ilə təmin edir.
Rusiyanın son hərəkətlərinin başqa bir maraqlı nüansı da var. Bu günlərdə Qərb eskpertlərindən biri demişdi: "Putin MDB dövlətlərini Avrasiya İttifaqı, Gömrük İttifaqına yığıb SSRİ yarada bilmədi. Rusiyanı SSRİ-yə çevirməyə başladı". Qərb eksperti baş verənləri doğru analiz edib. ABŞ-ın, Avropanın nüvə dövləti olan Rusiya ilə savaşa bilməyəcəyini gözəl anlayan Putin Rusiyanın sərhədlərini genişləndirməyi qarşısına məqsəd qoyub.
Putinin planı budur: Ukrayna bütövlükdə işğal olunmayacaq, ancaq bütöv də olmayacaq. MDB dövlətlərinin müstəqilliyinə toxunmayacaq, ancaq bu dövlətlər etnik münaqişələrlə daim Rusiyadan asılı olacaqlar. Ukraynanın başına gətirilənlər Moldovanı, Qazaxıstanı, Gürcüstanı da gözləyir. Bu günlərdə Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində başlanan separatçılıq meylləri təsadüfi sayılmamalıdır. Başı Suriyaya qarışmış Qərb Rusiyaya müqavimət göstərməyi ağlına belə gətirmir. Rusiyanı durduracaq yeganə vasitə kimi iqtisadi embarqolar nəzərdən keçirilir. Ancaq bu sanksiyalar işə düşüncə Rusiya müstəqil dövlətlərin ərazilərini ələ keçirməkdə davam edəcək.
Dünyanın hazırkı düzənini saxlamaq istəyirsə, Qərb Rusiyaya qarşı daha təsirli çəkindirmə vasitələrindən istifadə etməlidir. Yoxsa digər avtoritar dövlətlər də xırda dövlətlərə qarşı ilhaqçılıq siyasətinə başlaya bilərlər".
Hazırladı:
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53