Qərib Məmmədovla bağlı məxfi dosye “yuxarılara” ötürülüb
11:34 10-04-2014
İQTİSADİYYAT
Həmin dosyedə komitə sədrinin 13 illik fəaliyyətinin gizlinləri əks olunub; Qərib Məmmədov təşviş içində
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədovun vəzifədən çıxarılacağı ilə bağlı xəbərlər hər zaman üçün aktual olub və bu səbəbsiz deyil. Belə ki, Qərib Məmmədov yüksək vəzifə tutan o hakimiyyət təmsilçilərinin nümayəndələrindəndir ki, haqqında kifayət qədər kompromatlar var. Eyni zamanda indi o hakimiyyət düşərgəsində əvvəlki qədər dəstəklənmir və bu da onun hakim elitadakı “zəif bəndlər”dən biri olduğundan xəbər verir.
Amma maraqlıdır ki, 13 il komitə sədri vəzifəsində çalışan Qərib Məmmədov ictimai rəyin əleyhinə olmasına rəğmən mövqeyini qoruyub saxlamağı bacarıb.Bu ilginc faktın səbəbləri haqda “Unikal” qəzetinə açıqlama verən mənbəmizin sözlərinə görə, bu daha çox hakimiyyət daxilindəki güclərin həmin post uğrunda apardıqları mübarizədə tərəflərin heç birinin əhəmiyyətli üstünlük qazana bilməməsi ilə izah oluna bilər: “Dövlət Torpaq və Xətitəçəkmə Komitəsinin sədrliyi uğrunda illərdir ki, hakimiyyət daxilindəki bir sıra qruplaşmaların mübarizəsi gedir. Amma həmin tərəflərin hər hansı birinin bu mübarizədə qalib gələ bilməməsi nəticə etibarilə Qərib Məmmədovun bu günə qədər öz postunu qoruyub saxlamasıyla nəticələnib. Başqa sözlə, bu işdə Qərib Məmmədov əslində heç nə etməyib, sadəcə olaraq ətrafında baş verənlər onun xeyrinə işləyib”. Bununla belə mənbəmiz artıq Qərib Məmmədovun komitə sədri postunda son anlarını yaşadığını düşünür. Onun sözlərinə görə, artıq Qərib Məmmədovun 13 illik fəaliyyətindəki gizlinlərlə bağlı məxfi dosye Prezident Adminstrasiyasına ötürülüb və bu onun karyerasının sonu olacaq. Çünki həmin dosyedə elə faktlar yer alıb ki, artıq Qərib Məmmədovun postunu qoruya biləcəyi kifayət qədər şübhəli görünür. Redaksiyamıza daxil olan məlumatda xüsusi olaraq vurğulanır ki, komitə sədri ölkə prezidentinin bələdiyyələrin xəritələrinin hazırlanması barədə verdiyi tapşırıqları vaxtında icra edə bilməyib. Belə ki, bununla bağlı komitə sədrinə verilən vaxtın üstündən xeyli müddət keçməsinə baxmayaraq, ortada konkret nəticə yoxdur. Bu isə Qərib Məmmədovun sonunu yaxınlaşdıran daha bir amilə çevrilib.Eyni zamanda DTXK-nın mərkəzi Aparat rəhbəri Rafiq Süleymanov və onun müavini Ağakişi müəllimin də “vurulacaq” məmurlar sırasında olduğu bildirilir. Qərib Məmmədovun adıçəkilən şəxslərə çox güvəndiyi və irimiqyaslı korrupsiya əməliyyatlarını onlarla ortaq şəkildə həyata keçirdiyi də daxil olan informasiyalar arasındadır.Eyni zamanda DTXK-nın Kodastr və Monitorinq İdarəsinin fəaliyyəti ilə bağlı da ciddi araşdırmaların aparılacağı bildirilir. Torpaqların kodastra salınması əməliyyatları zamanı ciddi qanun pozuntularına yol verilməsi araşdırılacaq məsələlər siyahısında yer alıb. Bundan başqa DTKX-nin yerlərdəki şöbələrinin fəaliyyəti ilə bağlı ciddi siqnalların daxil olması regional strukturların da təftişə məruz qalacağını şərtləndirib. Məlumatlara görə, vətəndaşları aldadaraq onların istifadəsində olan torpaqların mənimsənilməsiylə bağlı çox ciddi faktlar da mövcuddur ki, bütün bunlar prosesin təhlükəli məcrada inkişaf edəcəyini düşünmək üçün əsaslar yaradır.
Bütün bunları nəzərə alaraq bildirək ki, hazırda DTXK sədri Qərib Məmmədovun və onun komandasında təmsil olunan bir sıra şəxslərin taleyi demək olar ki, tükdən asılıdır. DTXK-da baş verən bir sıra maliyyə pozuntuları, yeyinti faktlarının üstünün açılması isə durumu bir qədər də dramatikləşdirib. Mənbəmiz isə iddia edir ki, ilkin olaraq komitənin maliyyə fəaliyyətini araşdırmaq məqsədilə burada yoxlama təşkil olunacaq. Həmin yoxlamanın nəticəsində toplanılan bütün məlumatlar, faktlar əsasında geniş bir rəy hazırlanılacaq və həmin sənəd ölkə başçısına təqdim olunacaq. Toplanan məlumatlar sonradan komitənin ləğv edilməsi, eləcə də Qərib Məmmədovla bərabər, digərlərinin də vəzifədən kənarlaşdırılması zərurətini də ortaya qoya bilər.
Hazırda Qərib Məmmədovun ətrafında cərəyan edən təhlükəli ssenarini pozmaq üçün müxtəlif yollara əl atması haqda məlumatlar dolaşır. Amma onun hansısa ciddi qüvvədən dəstək ala biləcəyi kifayət qədər şübhəli görünür. Çünki heç kim qüsurlu fəaliyyəti ilə “özünü yandırmış” komitə sədrinə görə əlavə başağrısı istəmir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53